AKP, MHP və CHP liderləri utanmalıdır

İğdırda baş verən qanlı terrorun nəticəsi əsl dərs olmalıdır



PKK terror qruplaşmasının Naxçıvanla sərhəd olan İğdırda törətdiyi qanlı hadisələr Azərbaycan ictimaiyyətini ciddi narahat etməyə başlayıb. Belə ki, son iki-üç gündə terrorçular İğdırda polis məntəqələrinə, əsgər kazarmalarına hücum edərək 15 nəfər türk vətəndaşını şəhid ediblər. Məsələni şərh edən ekspertlərin sözlərinə görə, Türkiyənin baş bəlasına çevrilən PKK terroru Azərbaycan ərazilərinə də sirayət edə bilər.

Millət vəkili Fazil Mustafa da vəziyyətin kifayət qədər ciddi olduğunu düşünür: "Bilindiyi kimi, İğdırda həm bələdiyyə başqanı, həm də millət vəkili HDP-nin təmsilçisidir. Hətta azərbaycanlı kimi təqdim olunan bir nəfər də HDP-dən millət vəkili seçilib. Hesab edirəm ki, Azərbaycan İğdırla bağlı məsələdə qüvvələrini səfərbər etməlidir. Çünki Türkiyə ilə sərhəddə hər hansı terror hadisələrinin baş verməsi Azərbaycan üçün xoşagəlməz hadisədir”. Millət vəkili deyir ki, bu məsələdə Azərbaycanla Türkiyə koordinasiya olunmuş formada hərəkət etməlidir: "Lazım olanda terrorçuların zərərsizləşdirilməsində Azərbaycan Türkiyəyə real dəstəyini verməlidir. Bundan əlavə, biz 1 noyabr seçkilərində İğdırda Türkiyənin maraqlarını təmin edən qüvvələrin qələbə çalmasına nail olmalıyıq. Bunun üçün yetərincə potensialımız və imkanımız var. Ona görə ki, İğdırda kifayət qədər azərbaycanlı yaşayır və onların Azərbaycan cəmiyyəti ilə əlaqələri genişdir. Biz bu imkandan istifadə edib seçkilərdə kimliyindən və partiyalılığından asılı olmayaraq Türkiyənin maraqlarını təmin edəcək şəxsin və qüvvənin qalib gəlməsi üçün çağırış etməliyik. Əgər Türkiyə maraqlarını təmin edəcək şəxs qalib gələrsə, o zaman terrorçulara qarşı mübarizəyə də təsiri ola bilər”.
F.Mustafa bildirib ki, bu gün siyasi səbatsızlıq ucbatından İğdırı kürd terrorçularına təslim edən AKP, MHP və CHP yönəticiləri utanc duymalıdır: "Elə strateji bölgələr var ki, orada terrorçulara yol açmamaq üçün mütləq daha çox şansı olanların razılaşması vacibdir. Əvvəllər yenə MHP heç olmazsa, bir yer qazanırdı, bu dəfə onu da itirdilər. İndi İğdırla yanaşı, Naxçıvan özü də təhlükədədir. Məncə, önümüzdəki illərdə Azərbaycan rəhbərliyi bu məsələyə yönəlik ciddi tədbirlər görməyi düşünməlidir”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da Naçxıvanla sərhəd olan İğdırda baş verən son terror hadisələrinə münasibət bildirib: "Türkiyədə baş verən son hadisələrin birbaşa və dolayı yolla Azərbaycanla əlaqəsi var. Qars və Naxçıvan üçün PKK təhlükəsi hər zaman mövcud olub. Bildiyimiz kimi, bu gün dünya siyasətində "Orta Doğu” projesi müzakirə olunur. Bu layihəhə görə, İraqın və Türkiyənin bir hissəsində həmçinin, Naxçıvan da daxil olmaqla kürd dövləti yaradılması gündəmə gəlib. Naxçıvan üçün PKK təhlükəsi indi daha ciddidir. Azərbaycan qardaş Türkiyəyə istənilən formada dəstək göstərməyə hazır olmalıdır. Bu dəstək türk hökumətinin razılığı əsasında verilməlidir. Biz QAT olaraq yaxın günlərdə Türkiyəyə - Qarsa, İğdıra, Ankaraya səfər etməyi planlaşdırırıq. Səfər zamanı bu məsələni də müzakirəyə çıxararaq, Azərbaycan xalqının Türkiyəyə istənilən formada dəstək göstərməyə hazır olduğunu bildirəcəyik”.

İsmayıl