Gürcüstan mediası da Zəlimxan Məmmədlini daşlayır

“Bir sıra saytlar və kanallar mənim əleyhimə eyni tezislərlə reportajlar verməkdədirlər”



Biz hüquqi baxımdan hər şey etdik. Təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı”. Bu barədə "Şərq”ə bir ilə yaxındır ki, Gürcüstana buraxılması yasaqlanan "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. Onun sözlərinə görə, Gürcüstan tərəfinin susqunluğu davam etməkdədir: "Sonuncu "Elat” bayramı ərəfəsində müəyyən mənada ümidim var idi ki, xoşməramlı addım ata bilərlər. Təəssüflər olsun ki, bunu etmədikləri bir yana, niyyətləri də üzə çıxdı. Şərt qoydular ki, "Elat” bayramı olsun, Gürcüstanın siyasi hakimiyyəti gəlsin, amma Z.Məmmədli orada görünməsin, çıxış etməsin. Bunu elə bayram günü bildiriblər.

Bizim orada audio çıxışımız nəzərdə tutulmuşdu. Təbii ki, çıxışımız da oldu. Bayram da yaxşı keçdi. Aydınca görünür ki, məqsədləri məni dışlamaqdır. İstəyirlər ki, mən qatılmayım və prosesləri öz bildikləri kimi aparsınlar. Ənənəvi məsələlər dəyişilməz olaraq qalsın. Yəni soydaşlarımız təşkilatlanıb, ictimai-siyasi həyata müdaxilə etməsin. Onlar da parçalayıb, hökm etsinlər”.
Təşkilat sədri diqqətə çatdırıb ki, Gürcüstanın mətbuat orqanları da ona qarşı hərəkətə keçib: "Bir sıra saytlar və kanallar mənim əleyhimə eyni tezislərlə reportajlar verməkdədirlər. Sən demə, Z.Məmmədli separatçıymış, Gürcüstanı parçalamaq istəyirmiş. İkincisi, Z.Məmmədli Rusiyanın agentidir. Z.Məmmədli terror təşkilatları ilə əlaqədədir. Z.Məmmədli plan qurmaq istəyir. Digər bir tezis də odur ki, Z.Məmmədli 26 iyul tarixini ona görə dəyişmir ki, bu tarix Borçalının Azərbaycana birləşdirilməsi tarixi olub. Bu çox gülməli, avantürist və məkirli qara piyardır”.
Həmsöhbətimiz deyib ki, onun Gürcüstana buraxılmamasında erməni əli var: "Əldə etdiyim məlumata görə, mənlə bağlı göstərişi Gürcüstanın Milli Təhlükəsizliyindəki erməni mənşəli təmsilçi verib. Əlbəttə, bu, siyasi addımdır. Mənim hüquq pozuntusuna yol verməyimin nəticəsi deyil. Niyyətləri soydaşlarımızı təşkilatlanmağa və icmalaşmağa qoymamaqdır. Bildirirlər ki, Z.Məmmədli toponimlərin dəyişməsi sualını niyə verir. Bir sözlə, sübut etdilər ki, etnik baxımdan qarşıdurma yaratmaq hədəflərindən biridir. Millətimizin ucalığı isə buna imkan vermədi və verməyəcək də. Bütün hallarda mübarizəmizin hüdudu olmayacaq. Hüquqlarımızı müdafiə edəcəyik və doğru olduğumuzu sübut etməyə çalışacağıq”.
Müsahibimiz onu da əlavə edib ki, Gürcüstandakı iqtidarın varlığı bu ölkə üçün çox ciddi problemdir: "Onların Azərbaycanla münasibətləri gərginləşdirmək və eləcə də türk dünyası ilə müəyyən sərhədlər saxlamaq kimi niyyətləri var. Bu da demokratik dünyaya inteqrasiyanı təhdid edən məsələlərdən biridir”.

Ayyət Əhməd