Yaşam savaşı...

Dünyanın ağrı xəritəsi cızılır
Bütün bu faciələr Avropa ölkələrinin düşünülməmiş apardıqları siyasətin nəticəsidir



Bir sıra Avropa dövlətlərinin, o cümlədən, Qərbin "xristian klubu” olan təşkilatlarının dini, irqi ayrı-seçkiliyə yönəlmiş siyasətinin ağır nəticələri bu gün özünü daha aydın göstərir. Almaniyada, Fransada, Belçikada, İngiltərədə və digər Avropa ölkələrində müsəlman ailələrinə qarşı baş verən zorakılıq faktlarının beynəlxalq xəbər agentliklərinin manşetlərində tez-tez əksini tapması problemin gedərək daha da dərinləşdiyindən xəbər verir.
Avropa ölkələrində aparılan sorğular göstərir ki, burada islam mədəniyyəti və müsəlmanlara qarşı mənfi münasibət hökm sürür. Milli-irqi zəmində baş verən qarşıdurmalar, qeyri-xristianlara qarşı zorakılıq faktları isə multikulturalizmin, humanizmin bir dəyər kimi Avropa cəmiyyətlərində sıradan çıxdığını sübuta yetirir. Bu isə həm də ona dəlalət edir ki, vaxtilə ideoloji prinsip kimi qəbul olunan "mədəniyyətlərin toqquşması” tezisi bu gün artıq Avropa dövlətlərinin idarəetmə sisteminin hakim komponenti qismində çıxış edir. Hazırda Avropanı təhdid edən irqi ayrı-seçkilik, milli zəmində baş verən toqquşmalara dərin maliyyə kataklizmlərini, Avropa İttifaqına üzv dövlətlərin bir çox məsələlərdə ciddi fikir ayrılıqlarını, geosiyasi çəkişmələri də əlavə etsək, onda "köhnə qitə”nin hansı böyük çətinliklərlə üzləşdiyinin daha aydın şahidi olarıq. Bütün bunlar azmış kimi, bu gün Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti - miqrant böhranı ilə üz-üzədir. Şimali Afrika, Yaxın və Orta Şərqdən qaçqın və məcburi köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas olmaq üçün Avropaya üz tutub. Sentyabrın 8-də iqtisadi müşavirədə çıxış edən Prezident İlham Əliyev də bu problemə diqqət çəkərək vurğuladı ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu, Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir: "Yüz minlərlə qaçqın Avropaya üz tutub. Sığınacaq tapmaq, öz canını qurtarmaq üçün hazırda onların böyük köçü müşahidə olunur. Yenə də demək istəyirəm ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfədir biz bu mənzərə ilə üzləşirik. Əlbəttə, bu, böyük humanitar fəlakətdir. İlk növbədə, bu, ağır vəziyyətə düşən insanlar üçün humanitar fəlakətdir. Onlar bu humanitar fəlakətlə artıq bir neçə ildir ki, üz-üzədir”. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayeva deyib ki, faciələri yaradan elə Avropa ölkələrinin özüdür”. Millət vəkilinin sözlərinə görə, acınacaqlı vəziyyətə düşmüş Yaxın Şərq ölkələri nə vaxtsa İngiltərənin, İspaniyanın, Fransanın koloniyaları olub: "Bu ölkələrə bel bağlayan Ərəb ölkələri süni yaradılmış müharibələr, inqilablar nəticəsində Avropa ölkələrinə üz tuturlar. Təbii ki, onlar gəlib Avropa dəyərlərini bayraq tutaraq, bu müharibələri qızışdıraraq, öz həyat tərzlərini nümunə kimi qoyublar. Müharibələr, qırğınlar nəticəsində insanlar bir ölkədən digərinə köç edərək Avropa ölkələrinə getmək məcburiyyətində qalırlar. Baxmayaraq ki, bu, çox qorxulu bir keçiddir. Hətta biz gördük və şahidi olduq ki, orada necə ölüm hadisələri baş verdi. Bütün bu faciələr Avropa ölkələrinin düşünülməmiş apardıqları siyasətin nəticəsidir. Bu müharibələri, inqilabları süni şəkildə yaradarkən onlar gərək fikirləşərdilər ki, insan axınının sonradan qabağını saxlamaq olmayacaq. Beləcə, ona hazırlıqlı olmalı idilər”.
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova da bildirib ki, Avropa səbəb olduğu miqrasiya qurbanlarını sərt diskriminasiyaya məruz qoyur: "Avropa ölkələrində aparılan sorğulardan bütün bunlar aydın görünür. Belə ki, islam mədəniyyəti və müsəlmanlara qarşı mənfi münasibət hökm sürür. Bu yaşananları müşahidə etdikcə, xristian təəssübkeşliyi, müsəlmanlara qarşı təhqiredici münasibəti gördükcə, Azərbaycan ictimaiyyətində də haqlı suallar meydana gəlir. Biz Avropa strukturlarından ədalət gözləyəkmi? Azərbaycan müstəqilliyinin ilk vaxtından arzulamadığı münaqişəyə cəlb olunub. Ermənistan dövlətinin işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. 1994-cü ildə start verilən danışıqlar isə ötən 21 ildə heç bir nəticə verməyib. Bunun da başlıca səbəblərindən biri də bəzi Qərb dairələrinin münaqişənin həllinə ədalətsiz münasibətidir. Oxşar məsələlərdə dərhal və ən sərt tədbirlər görən Avropa dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllində nəinki hansısa effektiv tədbirlər görməyə tələsmir, əksinə, "nə hərb, nə sülh” şəraitinin davam etməsini təşviq edir. Misal olaraq göstərə bilərik ki, Ukraynada Krımın ilhaqı ilə nəticələnən proseslərin sonunda Avropa dövlətləri, o cümlədən, Avropa İttifaqı Rusiyaya qarşı ən sərt sanksiyaları gündəmə gətirdilər, Moskvanın beynəlxalq təcridinə başladılar. Amma işğalçı Ermənistan dövləti ötən 21 ildə Avropanın maddi və mənəvi dəstəyi ilə ayaqda qalıb, Dağlıq Qarabağda yaradılmış separatçı qurumun rəhbəri Avropa dövlətlərinə səfərə dəvət olunur. Bəzən işğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana münasibətdə bərabərliyin də şahidi oluruq. Bunun səbəblərindən biri Avropadakı erməni diasporunun və onun maliyyə dəstəyi ilə fəaliyyət göstərən siyasətçilərin aktivliyidirsə, digər və daha əhəmiyyətli səbəb məhz dini - xristian təəssübkeşliyidir. Ona görə də, bu gün cəmiyyətimizin Avropanın ədalətini mühakimə etməsinin nə dərəcədə haqlı olduğunu görmüş olarıq”. S.Qafarova əlavə edib ki, Avropa özünün səbəb olduğu bu miqrasiyanın qurbanlarını nəinki "xoş qonaq” kimi qarşılayır, hətta onları ən sərt diskriminasiyaya məruz qoyur: "Bir sıra Avropa dövlətlərinin, xüsusən Yaxın Şərqdən gələn miqrantlara qarşı tətbiq etdiyi "qayda-qanun”lar Avropanın öz günahlarının nəticələri ilə barışmaq istəmədiyini göstərir. Müharibənin alovundan qaçan miqrantlar Avropa qapılarında həm də avropalılar tərəfindən ölümün caynağına tərk edilirlər. Bu isə humanizm dəyərlərindən, insan haqlarından danışan Avropanın özündə bu dəyərlərin heç bir qiyməti olmadığını, insanların yaşamaq haqqının belə əlindən alındığını ortaya qoyur”.
Millət vəkili Astan Şahverdiyev də vurğulayıb ki, Avropa miqrantların ən çox incidildiyi yerdir: "2014-cü ildə Avropada 10 minə yaxın miqrant Avropa Birliyi tərəfindən sürgünə məruz qaldı. Ola bilməz ki, Avropa ölkələrindən hər hansı biri, konkret olaraq Almaniya miqrantları qəbul edib onlara qucaq açsın. Özü də bu miqrant müsəlmandırsa, bu heç inandırıcı deyil. Çünki Avropada islamofobiya çox güclüdür”. Bir çox miqrantların Avropada qeyri-qanuni şəkildə istismar olunduğunu deyən millət vəkili A.Şahverdiyev qeyd edib ki, Yaxın Şərq ölkələrindən Avropaya gedənlərə Almaniyanın qucaq açması barədə yayılan söz-söhbətlər düzgün deyil: "Ola bilər ki, Almaniya bunu etsin. Ancaq miqrantlardan sui-istifadə etmək üçün. Almaniya onlardan ucuz işçi qüvvəsi kimi istifadə edərək gün ərzində 20 saat işlədəcək. Və yaxud Avropanın orqan alveri ilə məşğul olan qruplaşmalarının qurbanına çevriləcəklər. Əslində Yaxın Şərqdə baş verən bütün faciələrin səbəbkarları elə Qərb dövlətləridir. Öncə həmin ölkələrdə müharibə ocağı yaradırlar, daha sonra da dezinformasiyalar yayırlar ki, guya, müsəlman ölkələrindən gələn insanları Avropa qəbul edir”.
İsmayıl