Bu, əsgərlik deyil...

Gənclər hər an səfərbərlik tapşırığı ilə bağlı çağırışa hazır olmalıdır



Son günlər ölkəmizdə həqiqi hərbi xidməti başa vurmuş gənclər və ehtiyatda olan hərbi qulluqçuların yenidən orduya çağırılması ilə bağlı məlumatlar yayılıb. Respublikanın bütün rayonlarından ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hissələrə toplanması, onların hərbi təlimlərə yenidən qatılması və döyüş şəraitinin yoxlanılması həyata keçirilir.

Həyata keçirilən proses bir sıra insanlarda təşviş yaradıb və ölkənin müharibəyə hazırlaşması barədə sosial şəbəkələrdə informasiyalar yayılmaqdadır. Hərbi hissələrə aparılan şəxslər neçə müddətə çağırıldıqlarından xəbərsizdirlər. Təşvişə düşmənin səbəbi kimi bir sıra şəxslərin gecə vaxtı təcili hərbi komissarlığa dəvət edilmələri olub. Yayılan informasiyaların kökündə dayanan səbəblərə aydınlıq gətirən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, kapitan Nurəddin Heydərov açıqlamasında bildirib ki, həqiqi hərbi xidməti başa vurmuş gənclərin yenidən əsgərliyə çağırılması haqda yayılan məlumatlar yalandır: "Bu qanunvericilikdə nəzərdə tutulan prosesdir və müxtəlif zamanlarda həyata keçirilir. Ötən il və bu il ərzində bir neçə dəfə belə toplanışlar keçirilib. O zaman biz 100 faizlik nəticəyə nail olmuşduq. İstər müharibə şəraiti, istərsə də sülh dövründə olsun, hər bir azərbaycanlı səfərbərliyə çağırılmaqdan qürur duymalıdır. Burada təşvişə düşməyə də ehtiyac yoxdur. Hər bir hərbi mükəlləfiyyətli şəxs hərbi xidməti başa vuranda ona izah edilir ki, hər hansısa bir zamanda onlar yenidən hərbi toplanışlara çağırıla bilərlər. Ola bilər ki, kimsə bunu unudur. Amma bu, qanunvericiliklə nizamlanan prosesdir. Yəni bunlar səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi vəziyyətinin yoxlanılması məqsədilə aparılır. Burda nəsə axtarmaq lazım deyil. Hərbi vəzifəlilər təlimlərdə iştirak etmək üçün xidmətin yerli idarəetmə şöbələri tərəfindən cəlb olunur. Əgər bir əsgər hərbi xidmətdən qayıdıbsa, o, xidmətini başa vurduqdan sonra artıq ehtiyatda olan hərbi vəzifəli olur. Onun neçə ay və ya il bundan əvvəl xidmətdə olmağının heç bir fərqi yoxdur. Bu 1 ay, 2 il və ya 5 il də ola bilər. O, bütövlükdə xidmət üçün resursdur. Yəni hərbi vəzifəlidir. Həmin şəxs xidmət tərəfindən 1 və ya 5 ay sonra da çağırıla bilər. Bunun elə də fərqi yoxdur. Bu, əsgərlik deyil. Yalnız təlimlərdir. Onlar hər an istənilən hərbi vəzifəlilərin səfərbərlik tapşırığı ilə bağlı çağırışa hazır olmalıdır”.
N.Heydərov hərbi vəzifəlilərə deyilmədən onların təlimlərə cəlb edilməsinin mümkünsüz olduğunu qeyd edib: "Bu, sadəcə bir çağırışdır. Səfərbərlik sərəncamına uyğun olaraq hərbi vəzifəlilərə məlumat göndərilib xəbər çatdırılır ki, onlar qeydiyyatda olduqları yerli şöbə və idarə bölmələrinə gəlsinlər. Uyğun olaraq da onlar təlimlərə cəlb olunur”.
Müdafiə Nazirliyi də ehtiyatda olan hərbi qulluqçuların xidmətə çağırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatdan çağırılan hərbi vəzifəlilər də qatılıb: "Sentyabrın 6-dan başlayan hərbi oyunlar çərçivəsində birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini yoxlamaq məqsədilə ehtiyatdan çağırılmış 6000 nəfərdən artıq hərbi vəzifəli toplanışa cəlb olunub.
Döyüş hazırlığı çərçivəsində bu kateqoriyadan olan şəxsi heyətlə müxtəlif poliqonlarda real müharibəyə yaxın şəraitdə silah və hərbi texnikadan istifadə qaydalarına dair praktiki məşqlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və digər ixtisaslar üzrə hazırlıq təlimləri keçirilir”.
Hərbi-ekspert Azad İsazadə də həqiqi hərbi xidməti başa vurmuş gənclərin yenidən əsgərliyə çağırılması haqda yayılan məlumatların əsassız olduğunu deyib: "Məndə olan məlumata görə, əsgərliyi başa vuran gəncləri geri çağırmırlar. Sadəcə olaraq, ehtiyatda olan hərbiçiləri qısamüddətli təlimlərə cəlb edirlər. Bu təcrübə sovet vaxtı da olub və "zbor” adlanırdı. Bütün təlimlər hansısa ehtimal olunan müharibəyə hazırlıqdır. Silahlı Qüvvələrimizin 65 min nəfər şəxsi heyəti ilə yanaşı, ehtiyatdan 6 min nəfər hərbi vəzifəli də təlimə cəlb olunub”.
A.İsazadənin sözlərinə görə, təxminən 20 gün əvvəl Ermənistan ordusu da mülki əhalini cəlb etməklə bu cür təlimlər keçirmişdi: "Çox güman ki, Azərbaycanın keçirdiyi bu böyük təlim də məhz buna cavabdır. Həmçinin də dövlət bu təlimlə səfərbərlik resurslarının hazırlıq səviyyəsini müəyyənləşdirir, kimin harada olmasını, hansı strukturun müharibə və fövqəladə vəziyyət zamanı verilən vəzifənin öhdəsindən necə gələ biləcəyini dəqiqləşdirir, çatışmazlıqları təyin edir və hazırlıq səviyyəsini yüksəldir.
Vətəndaşlar ehtiyatda olan hərbiçilərin orduya çağırılmasını səfərbərlik və ya "müharibə başlayır” kimi dəyərləndirib təşvişə düşməsinlər.
Hazırkı təlimlərin ictimaiyyətdə bir qədər ajiotaj yaratması təlimin cəbhədəki vəziyyətin gərginləşdiyi dövrə təsadüf etməsi ilə bağlıdır. Burada narahatlığa heç bir əsas görmürəm”.

Şəymən