Bəzi reyslər ucuzlaşıb

Lakin bu endirimlər ümumilikdə satılan biletlərin yalnız 25 faizinə tətbiq olunur




Yay mövsümü başa çatmaq üzrədir və analoji olaraq da səyahətlər də bitir. Ölkə əhalisi yavaş-yavaş adi iş rejiminə qayıdır. Amma necə və haradan? Yenə də, "çerez” Gürcüstan? Səhayət edib ölkələr gəzənlər, istirahətlərini mənalı keçirmək imkanına malik olanlar deyir, niyə istirahətdə xərclədiyimizdən artığını təyyarə biletinə verək, gedirik Tiflisə, Batuma, oradan da Azərbaycana qayıtmaq dəfələrlə ucuz başa gəlir.

Demək ki, azərbaycanlılar səfər etmək üçün hələ də tranzit ölkələr axtarırlar. Bunun da əsas səbəbi AZAL-ın vəd etdiyinin əksinə olaraq təyyarə reyslərinə biletlərin qiymətlərində nəzərəçarpacaq endirimlər etməməsidir. Xatırlayırsınızsa, iyul ayında AZAL aviabiletlərin qiymətinin aşağı salınacağını bildirdi. Bu da cənab Prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalığı ilə bağlı tənqidlərindən sonra baş verdi. Xatırladaq ki, Prezident İlham Əliyev hökumət üzvləri ilə iyulun 13-də keçirdiyi iclasda demişdi ki, Azərbaycanda turizm sektorunun inkişafını əngəlləyən üç əsas səbəb var: bahalı aviabiletlər, viza prosedurlarının mürəkkəbliyi və bölgələrdə otellərin qiymətlərinin həddən artıq baha olması.
Prezident demişdi ki, Azərbaycana gələn qonaqlar ölkəmizi tərifləyir, buradakı inkişafdan məmnunluğunu bildirir. Lakin şikayətlənirlər ki, gəlmək çox çətindir. Çünki gərək haradasa bir ay əvvəl viza almaq üçün müraciət edəsən. Təyyarə biletlərinin qiymətinin bahalığı isə digər ciddi səbəbdir: "Lakin biletlər niyə baha olmalıdır? Biz ki yanacağı xaricdən almırıq, özümüz istehsal edirik. Kerosin başqa ölkələrlə müqayisədə nisbətən ucuz verilir. AZAL dövlət büdcəsindən hər il böyük həcmdə subsidiyalar alır. Bütün təyyarələr dövlət vəsaiti hesabına alınıb, bütün aeroportlar, infrastruktur dövlət vəsaitləri ilə tikilib. O zaman biletlər niyə baha olmalıdır?” - deyə prezident sual etmişdi. Və cənab Prezident problemin aradan qaldırılması üçün müvafiq göstərişlər vermişdi.
Məhz bu müşavirədən sonra AZAL-dan qiymət endirimi açıqlamaları yayıldı və nəticə özünü çox gözlətmədi. Məsələn, Bakı-İstanbul reysinə aviabiletin qiyməti 90 manatadək endi. Amma sərnişinlər yenə razı qalmadı. Çünki AZAL aviabiletlərdə kəsdiyi qiyməti çemodanların üzərinə qoydu. Aviabiletlərin qiyməti endi, amma yük daşımalara görə qiymətlər qalxdı. Nəticədə yenə də Gürcüstanın tranzit ölkə kimi seçilməsinə gətirib çıxardı.
Məsələni şərh edən iqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında bildirdi ki, AZAL ucuz uçuşlar vədini faktiki yerinə yetirməyib:
- Düzdür, bəzi reyslər ucuzlaşıb. Lakin bu ucuzlaşma ümumilikdə satılan biletlərin yalnız 25 faizinə tətbiq olunur. 25 faiz həcmində biletlər ucuz satılır. Gərək vətəndaşlar AZAL-ın elektron saytına daxil olub, ucuz biletləri sifariş etsinlər. Amma bu iş o qədər sirli-sehirlidir ki, vətəndaşlar ucuz bilet sifariş edə bilmir. Nə vaxt sayta daxil olsan, orada ucuz biletlərin satışının artıq başa çatdığı göstərilir. Bu satış nə zaman başlayır, müddəti nə qədərdir, bunu heç kim bilmir. Bu sistem şəffaf deyil, ucuz aviabiletlərə çıxış imkanları da, ona nəzarət imkanları da, demək olar ki, sıfırdır. Digər tərəfdən AZAL reysləri ilə uçan sərnişinlərin yük daşımaları ilə bağlı narazılıqları var və haqlıdır da. Baxın, bir sərnişin yalnız 5 kiloqram çəkidə əl çantasını pulsuz özüylə apara bilər. Yol çemodanları əl baqajı sayılmır. Çünki müəyyən ölçülər var və əl çantasının bu ölçülər daxilində olması gərəkdir. Təbii ki, İstanbula gedən adam oradan əliboş qayıtmayacaq. Əl baqajından (xüsusən də qadınlarda əl çantası olur- red) savayı, heç olmasa, bir çemodanı olacaq. Bunun pal-paltarı, ayaqqabısı, kiməsə aldığı hədiyyə var. Bir çemodana görə isə hər adam 50 manat ödəməlidir. Hətta gedən baş əlinizdə boş çemodan varsa, onun da pulunu ödəməlisiniz. İki nəfər İstanbula gedirsə və qayıdanda 2 çemodanla gəlirlərsə, bu artıq 100 manat pul deməkdir. 90 manatın üstünə 100 manat, bəlkə bir az da artıq məbləğ gəlirsə, elə əvvəlki aviabilet qiyməti ortaya çıxır. Görünən budur ki, AZAL bir tərəfdən azaldıb, bir tərəfdənsə qiymətləri qaldırıb. Ona görə də bütün yay mövsümü ərzində azərbaycanlılar Gürcüstanı həm turistik məkan, həm də tranzit ölkə olaraq seçdilər. Təklif olunan xidmətlər müqabilində qiymətlərin ucuzluğuna görə. Bildiyim qədər hazırda yalnız Moskva və İstanbul, Avropa ölkələrindən isə Praqa istiqamətində ucuz uçuşlar təşkil olunur. AZAL-dan bildirilmişdi ki, digər şəhərlərə də ucuz uçuşlar tətbiq ediləcək. Amma bunlar da hazırkı "ucuz uçuşlar” sistemi ilə tətbiq olunacaqsa, ölkə əhalisinin AZAL aviareyslərindən imtinası labüddür.

Məlahət Rzayeva