Əsas odur tələbələr çöldə qalmayacaq

“Rektor Cəlil Nağıyev tələbə pulu ilə universitet saxlamağı özünə rəva bilmirdi. Görünür, əvvəldən düşündüyünü indi reallaşdırır”


Bakı Asiya Universiteti Təhsil Nazirliyinə (TN) müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib. Və hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, TN tərəfindən universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib. Qeyd edək ki, tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq.
Universitetin bağlanmasına münasibət bildirən Azərbaycan Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev "Şərq”ə deyib ki, Bakı Asiya Universiteti təhsil müəssisələri içərisində ən sağlam universitet idi: "Orada hər şey şəffaf idi. Tələbələrin qayğısına qalınır və yüksək təhsil verilirdi. Amma onun bağlanmasına gəlincə, bu indiki deyil, çoxdanın məsələsi idi. Bilirsinizmi, ali məktəbdə hər cür şərait olmalıdır. Tək yerləşməsi deyil, onun ixtisaslar üzrə laboratoriyaları olmalıdır. Təcrübə keçmək üçün yerlər olmalıdır. Bundan əlavə, ali təhsil ocaqlarına çoxlu xərc lazımdır. Onun rektoru Cəlil Nağıyev çox humanist adam idi. O, tələbə pulu ilə universitet saxlamağı özünə rəva bilmirdi. Görünür, əvvəldən düşündüyünü indi reallaşdırır. Müəssisənin rəhbərliyi onu təsis etdiyi kimi buraxa da bilər. Bu, təəccüb doğurmalı deyil. Əsas odur ki, tələbələr çöldə qalmayacaq”.

Ayyət Əhməd