11037

“Adəmdən Putinə qədər”



Bir neçə aydır, Azərbaycan gündəmində rusiyalı milyonçu German Sterliqovun Azərbaycanın Ermənistan tərəfindən işğal etdiyi Dağlıq Qarabağa köçməsi, orada kök salması müzakirə predmetidir. Rəsmi Bakı milyonçunun Qarabağda "yuva” qurması ilə əlaqədar tədbirlər görüb. Sterliqova qarşı Azərbaycan qanunları ilə cinayət işi qaldırılıb. Bununla yanaşı, milyonçu "İnterpol” xətti ilə axtarışa verilib. Sonradan Germanın adı beynəlxalq axtarış şəbəkəsinin sistemindən xaric edilib, həbs edilsə də, tez bir zamanda sərbəst buraxılıb. Bununla bağlı, rəsmi Bakının bəyanatı olub. Ümumiyyətlə, Sterliqovun Qarabağa köçməsi, orada biznes fəaliyyəti qurması, mətbuat konfransı keçirərək söylədiklərinə istər rəsmi, yəni Xarici İşlər Nazirliyi səviyyəsində, istərsə də qeyri-rəsmi, analitiklər, ictimaiyyət nümayəndələri səviyyəsində cavab verilib.
Milyonçu ilə bağlı bu yazıda isə onun necə milyonçu olduğunu, əvvəllər hansı işlərlə məşğul olduğunu öyrənməyə çalışdıq.
Rusiya mənbələrinə nəzər yetirdikdə, Sterliqovun ziddiyyətli bir iş adamı olmasıyla yanaşı, insan olaraq da ziddiyyətli, avantürist şəxs olduğunu görmək olar.

90-larda məşhurlaşan Rusiyanın ilk oliqarxı...

German Lvoviç Sterliqov 1966-cı ildə Moskva yaxınlığındakı Zaqorsk rayonunda anadan olub. Uşaqlığı haqqında dolğun məlumat yoxdur. Elə biznesmenin öz şəxsi saytında da uşaqlığı haqqında geniş məlumat verilməyib.
Sterliqovun tərcümeyi-halına baxanda müəyyən faktlara rast gəldik. Rusiya saytlarının arxivində, təxminən 2000-ci illərdə biznesmen haqqında kifayət qədər yazılıb.
Əslində milyarder Sterliqov 1990-cı illərin əvvəllərindən məşhurdur. O, Rusiyada ilk əmtəə-xammal birjası "Alisa”nın əsasını qoyub və ilk leqal milyonçuya çevrilib. Bununla həm də Rusiyanın ilk oliqarxı sayılır. 1993-cü ildə "Alisa” iri holdinq olub. Rusiyada və xaricdə 84 törəmə müəssisəyə çevrilib. 2002-ci ildə Sterliqov Krasnoyarsk qubernatorluğuna namizədliyini irəli sürüb, amma uğur qazana bilməyib. Ondan bir il sonra, yəni 2003-cü ildə Moskva meri olmaq üçün seçkilərə qatılıb. Yenə də milyonçu uğursuzluqla üzləşib. Sterliqovun Moskva meri postuna namizədliyini rəsmi olaraq qoşulduğu "Qeyri-leqal İmmiqrasiyaya Qarşı” Hərəkatı dəstəkləyib. Sonradan Rusiya Federasiyası Ali Məhkəməsi sözügedən təşkilatı ksenofob, ultrasağçı, millətçi-ekstremist qurum elan edib. Təşkilatın fəaliyyətində rasizm elementlərinin olduğu qənaətinə gəlib. Nəticədə, təşkilatın Rusiya ərazisində fəaliyyətinə qadağa qoyulub.

Şəhər biznesindən kənd təsərrüfatına...

2004-cü ildə siyasi və iqtisadi fəaliyyəti iflasa uğrayan, artıq sabiq oliqarx sayılan Sterliqov ailəsilə birlikdə Moskvanı tərk edərək kənd təsərrüfatı ilə məşğul olmağa başlayıb. Var-qüvvəsilə özündə tərk-dünya, ruhani insan obrazı yaratmağa çalışan Lvoviç burada da geniş malikanəsində yetişdirdiyi məhsullarla bağlı ekoloji təmiz məhsul ideyasını ortaya atıb və xeyli pul qazanıb.
2005-ci ildə Sterliqov Moskvanın zənginlər yaşayan Rublyovka səmtindəki villasını satıb və Moskva ətrafındakı Mojaysk rayonunda torpaq sahəsi alıb. Orada natural təsərrüfatla məşğul olub və özünə ev tikdirib. 2008-ci ilin sonlarında - qlobal iqtisadi böhranın hökm sürdüyü dövrdə Lvoviç yenidən Moskvada biznesə qayıdıb və "Antiböhran Əmtəə-Ödəmə” Mərkəzini yaradıb, onun baş direktoru olub. Bu mərkəz iştirakçılar arasında barter birjası rolunu oynayıb. 2009-cu ildə Sterliqovun ortaqları onu günahlandırıblar ki, mərkəz mal mübadiləsinə dair öhdəliklərini yerinə yetirə bilməyib və nəticədə bəzi iştirakçılar ziyana düşüb. Şəbəkənin bəzi iştirakçıları ondan məhkəməyə və prokurorluğa şikayət ediblər. Sterliqovu isə məhkəmədə erməni əsilli məşhur moskvalı vəkil Artur Ayrapetov müdafiə edib. Şirkətin aktivlərinə həbs qoyulsa da, erməni vəkilin və mətbuatın təzyiqləri nəticəsində bu həbs aradan qalxıb.

O, inancı kişinin üzündəki tükün qalınlığı ilə ölçür

Sterliqov Rusiyada diqqət çəkən açıqlamaları ilə də yadda qalıb. Özünü vətənpərvər, hətta vətənpərvər monarxist sayan milyarder bir müddət öncə Rusiya Prezidenti və Baş nazirinə müraciət edərək ölkəsinin Saxalindən Uraladək olan böyük bir ərazisini xarici dövlətlərə satmağa çağırması ilə məşhurdur.
Bununla yanaşı, bir vaxtlar uşaq ölümlərinin, abortun əleyhinə olduğunu deyən German bu haqda verdiyi açıqlamaları ilə diqqət mərkəzində olub. Hətta bu barədə sosial reklam çarxları hazırlatdırıb, Rusiya mətbuatında yayılmasına vəsait verib. Milyonçu deyilsə də, əslində indi Sterliqov müflis vəziyyətdədir. Rusiya elitasında "müflis milyarder” adlandırılan German Lvoviç nəhəng varidatını gecikmiş yenidənqurma və Boris Yeltsinin prezidentliyinin ilk illərində toplayıb. Amma Rusiya analitikləri, ictimaiyyəti belə fikirləşir ki, Yelsin dövründə rus xalqı Sterliqov kimi iş adamlarının sayəsində gündən-günə yoxsullaşırdı. Sterliqov bildirir ki, onun əcdadları 500 il əvvəl Rusiyaya köçmüş ingilislərdir.
O, özünü xristian pravoslav saysa da, hazırda mövcud denominasiyalardan heç birinə aid etmir. Üzünü qırxan bütün kişilər, o cümlədən Rusiya Prezidenti Vladimir Putin Lvoviçin gözündə keyfiyyətsiz xristianlardırlar. Yəni o, inancı kişinin üzündəki tükün qalınlığı ilə ölçür. Qatı dindar kimi tanınan Lvoviçin dində hansı kriteriyaları əsas tutduğu qaranlıqdır. Ümumiyyətlə, dinlə bağlı, dini inancı ilə əlaqədar çox ziddiyyətli yanaşmaları mövcuddur.
Araşdırmalarımız nəticəsində məlum oldu ki, Sterliqov ultrasağçı "Rus millətçilərinin hərbi təşkilatı” qruplaşmasında iştirakçı olub. Onun adı eyni zamanda bir zamanlar erməni əsilli taksi sürücüsü Sosa Xaçikyanın qətlində hallandırılıb. Amma biznesmen nə təşkilatda iştirakçılığını, nə də Xaçikyanın qətlinə aidiyyətini boynuna alır. Bunları qətiyyətlə inkar edir.

Kitabından sonra Kremldəki dostlarını itirdi

"Rasputin sifətli bespredel”... Rusiya qəzetlərindən biri onu məhz belə adlandırıb. Sterliqovun dediyinə görə, hər şey "Adəmdən Putinə qədər” adlı tarixi kitabı ilə başlayıb. O bildirib ki, bu kitabın nəşrindən sonra Kremldəki dostları ilə münasibətləri pozulub və təhdidlərlə üzləşib. O, yalan-gerçək Moskvada Putin administrasiya tərəfindən təqib olunduğunu da bildirib. Daha sonra Germanın millətçi BORN qruplaşmasının törətdiyi cinayətlərdə əlinin olduğuna dair informasiyalar ortaya çıxıb. Özü bunu inkar etsə də, məlumatlara görə, qruplaşmanın həbs olunan üzvü Nikita Tixonov onları Sterliqovun maliyyələşdirdiyini deyib. Məhz buna görə də milyarder Moskva ətrafındakı qəsəbəsini başlı-başına buraxaraq, qaçmaq üçün şələ-şüləsini toplayıb və ailəsi ilə birgə Qarabağa doğru yol alıb. Özünün dediyinə görə, əvvəlcə separatçıların əlində olan Donetsk, yaxud Luqanska getmək istəyib. Sonda isə fikrini dəyişərək Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşmaq qərarını verib. Və bütün bunları Kremlin sahibinin qəzəbinə tuş gəlməmək üçün edib. "Mən Qarabağda qalmaqda davam edəcəm, bura xoşuma gəlir. Əlbəttə, Rusiya vətənim olaraq qalacaq” - söyləyən Sterliqovun işğal olunmuş ərazilərimizdən getmək niyyəti görünmür.

Anar Bayramoğlu