Ərdoğana müraciət: QAT Türkiyədəki antiterror əməliyyatlarına qatılmaq istəyir

Etimad Əsədov: “Buna ehtiyac yoxdur. Türkiyənin yetərincə güclü ordusu - “Tim”ləri var. Onlar bütün problemləri ortadan qaldıracaq”




Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət göndərərək antiterror əməliyyatlarında iştirak etməyə hazır olduğunu bildirib. Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə Türkiyənin terrora qarşı başladığı mücadilənin birmənalı şəkildə dəstəkləndiyi qeyd edilir. Müraciətdə bildirilir:

"Siz bu mücadiləni Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyi naminə aparırsınız. Biz bu həssas anda bütün Türkiyəni birliyə çağırırıq, belə anda iqtidar-müxalifət məsələsi, fərqli yanaşma ola bilməz, hamı zərbəni bir hədəfə vurmalıdır. Siz həm də bütün türk və islam dünyasının birliyinə çalışır, ümumi maraqlarına xidmət edirsiniz. Biz bütün islam və türk dünyasını Türkiyənin apardığı haqq işinə dəstək verməyə çağırırıq”.
Müraciətdə xüsusi olaraq vurğulanır ki, QAT-ın Qarabağ müharibəsində iştirak etmiş bütün üzvləri bir əsgər kimi Türkiyənin terrora qarşı əməliyyatlarına qoşulmağa hazırdır: "Digər üzvlərimiz də istənilən şəkildə Sizlərin yanında olmağa hazırdır. Biz günü bu gün Türkiyəyə gəlməyə hazırıq. Biz Türkiyədən işarə, əmr, tapşırıq gözləyirik. Bizim bir-birimizdən başqa dostumuz yoxdur! Allah Türk və İslam dünyasını qorusun!”.

Təşkilatın müraciətinə  münasibət bildirən "Qarabağ qaziləri” birliyinin sədri, Qarabağ qazisi Etimad Əsədov "Şərq”ə açıqlamasında qeyd edib ki, yalnız QAT deyil, bir çox təşkilatlar belə təşəbbüs göstərib: "Ancaq mən Qazilər birliyi və yaxud bir sıravi Azərbaycan vətəndaşı olaraq belə düşünmürəm. Ankaranın çoxsaylı şəhidlərlə bağlı yaşadığı acını bölüşürəm və onlara başsağlığı verirəm. Azəri türkü olaraq buna biz də çox üzülürük. Bununla yanaşı düşünürəm ki, Türkiyə böyük və qüdrətli bir dövlətdir. Tarixən qarşısına çıxan hər bir çətinliyi aşıb-keçmiş dövlətdir. Hazırkı problemin də öhdəsindən layiqincə gələcək. Biz bunun şahidi olacağıq”.
Qarabağ döyüşçüsünün fikrincə, qardaş ölkədə yaşananlar daxildən deyil, xaricdən idarə olunur: "Avropanı iqtisadi böhran ağuşuna aldığı bir ərəfədə Türkiyə iqtisadi yüksələn xətt üzrə inkişaf edir. Bu da başda İsrail və Almaniya olmaqla bütün xristian dünyasını narahat edir. Bir sözlə, onlar Yaxın Şərqdə yeni xəritələr cızılarkən Türkiyəni kənarda qoymaq istəyirlər. Qardaş ölkədə baş verənlər də bundan irəli gəlir”.
Müsahibimiz onu da diqqətə çatdırıb ki, Azərbaycan QHT- lərinin müraciətlərinə və gedib döyüşmələrinə heç bir lüzum görülmür: "Onların buna ehtiyacı da yoxdur. Türkiyənin yetərincə güclü ordusu - "Tim”ləri var. Onlar bütün problemləri ortadan qaldıracaq. Yaxşı olardı ki, Azərbaycan hökumətinə müraciət olunsun ki, bütün dünyada müharibə gedir. Rusiya Ukrayna torpaqlarına göz dikib. Yaxın Şərqdə müharibələr davam edir. Türkiyə öz torpaqlarında baş verən proseslərə qarşı mübarizə aparır. Bəşər Əsəd məsələsi, İraq və Əfqanıstanda silahlı toqquşmalar ara vermir. Çox istərdim ki, Qarabağın azadlığını istəyən təşkilatlar bir araya yığışıb, ölkə rəhbərinə müraciət etsinlər ki, biz də müharibə edib, torpaqlarımızı geri almaq istəyirik. Alnımıza yazılmış qara ləkəni o biri dünyaya götürməyək, gələcək nəsilə ötürməyək. Zənnimcə, bunun çabasını aparmaq lazımdır”.

Ayyət Əhməd