Türkiyədə 6 aylıq fövqəladə vəziyyət elan olundu

“Üzündə maska, əlində “molotof” olan hər kəs vurulacaq”




Türkiyənin PKK ilə mübarizəsi bütün şiddəti ilə davam edir. İğdırdakı qanlı hadisədən sonra Ərdəhanda hərbi maşının aşması nəticəsində 11 əsgər də ağır yaralanıb. Van və Bitlisdə isə yolu kəsən PKK terrorçuları maşınları yandırıblar.

Terrorçular Bitlis-Diyarbəkir yolunun 25-ci kilometrliyində yoldan keçən maşınları saxlayıblar. Sürücü və sərnişinlərin maşından düşməsini tələb edən terrorçular daha sonra 8 nəqliyyat vasitəsini yandırıblar. 3 maşına od vuran terrorçulara hərbçilər müdaxilə edib və PKK-çılar qaçaraq ərazidən uzaqlaşıblar.

Türk xalqı PKK-nın heyfini HDP-dən çıxır...

Ankarada isə bir qrup gənc HDP-nin mərkəzi qərargahına hücum edib. Son günlər PKK tərəfindən təşkil olunan və onlarla əsgərin şəhid olduğu terror hadisələrinə görə HDP-ni günahlandıran aksiya iştirakçıları partiyanın qərargahını daşa basıblar. Kırşehirdə də terroru lənətləmək üçün küçəyə çıxanlar 4 iş yerini yandırıblar. Polis aksiya iştirakçılarına sərt müdaxilə edib. Adanada şəhidlərin əziz xatirəsi üçün 3 min nəfərlik yürüş təşkil olunub. Əksəriyyəti MHP-li gənclərdən ibarət olan aksiya iştirakçıları "Şəhidlərə sayğı, terrora lənət” şüarları ilə mərkəzi küçələrdə yürüşlərini davam etdiriblər. Oxşar yürüşlər gecə saatlarında İstanbulda da həyata keçirilib. Bu şəhərdə HDP-nin qərargahını hədəf alan 200 nəfərlik qrupa polis sərt müdaxilə edib. Baş nazir Əhməd Davudoğlu insanları sakitliyə çağırıb. HPD-nin hüquqşünası Garo Paylan bildirib ki, Ankarada yüzlərlə nümayişçi qərargah binasına hücum edib. Amma polis olayları sadəcə seyr edib. Türkiyənin digər şəhərlərində yerləşən daha 6 HDP ofisinə də hücum olub. İstanbulda "Hürriyyət” qəzetinin ofisinin pəncərələri sındırılıb. Qəzəbli kütlə qəzeti bazar günü prezident Rəcəb Tayyib Ərdoğanın televiziya müsahibəsini "yanlış” yazmaqda ittiham ediblər. Baş nazir Davudoğlu baş verənləri "twitter”də pisləyib.

Mülki əhalinin girişinə qadağa qoyuldu

Türkiyənin Nazirlər Kabineti PKK-ya qarşı keçirilən əməliyyatlarla əlaqədar ölkənin 11 bölgəsində fövqəladə vəziyyət elan edib. Bu qərarın verilməsinə səbəb sakinlərin təhlükəsizliyinin təmin olunmasıdır. Nazirlər Kabinetinin bu qərarı ilə Türkiyənin Tuncəli əyalətinin mərkəzi və 11 bölgəsinə mülki əhalinin girişinə 6 aylıq qadağa qoyulub.


"Ərdoğan əbədi deyil. Sabah uşaqlarımıza güclü bir ölkə qoyub getmək hamımızın vəzifəsi olmalıdır"

Türkiyə prezidenti Ərdoğan ölkəsində baş verən son olaylarla bağlı mühüm açıqlamalar verib. Ərdoğan bundan sonra yeganə həll prosesinin PKK-nın silahı yerə qoyması olduğunu bildirib: "Baş verən hadisələrdə günahkar Ankara deyil, Qəndil və onların arxasında gizlənən partiyadır. Millətimizi Anadoludan çıxarmaq istəyənlər bu günə qədər həmişə məğlubiyyətə uğrayıb. Yenə eyni ziyana uğrayacaqlar. Bütün millətimə, siyasətçilərə, media mənsublarına, alimlərə müraciət etmək istəyirəm. Türkiyə hamımızın ortaq vətənidir. Bu ölkənin və bu dövlətin 78 milyon vətəndaşımızın hər birinə ehtiyacı var. Hökumət hamımızın hökumətidir. TSK hamımızın ordusudur. Ölkənin mənfəəti üçün bir araya gəlmək lazımdır. Tayyib Ərdoğan düşmənçiliyini PKK ilə eyni kursda nizamlayanların məkirli planlarını görməzdən gələ bilmərik. Halbuki Ərdoğan əbədi deyil. Sabah uşaqlarımıza güclü bir ölkə qoyub getmək hamımızın vəzifəsi olmalıdır. Kiçik hesablar arxasınca olanları şiddətlə qınayıram”. Ərdoğan deyib ki, terror təşkilatı yenidən silaha, qan tökmə yoluna müraciət edərək həll yolunu bağladı: "Üzündə maska olan hər kəsdən hesab sorulacaq. Əlində "molotov” silahı olanlar vurulacaq”.

"Ən qısa zamanda terrorçuların kökünü kəsəcəyik”

Prosesləri şərh edən Türkiyə Baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş bildirib ki, Silahlı Qüvvələr və təhlükəsizlik qurumları PKK-nın cəzasını verəcək: "1990-cı illərə dönmədən, demokratiya və təhlükəsizliyi yüksək səviyyədə təmin etməklə terroru çox qısa zamanda bitirəcəyik”. N.Kurtulmuş "Hüriyyət” qəzetinin redaksiyasına basqını da qınayıb: "Bu da təəssüf doğurur. Belə hadisələrin baş verməsindən hamımız narahatıq. Baş verənlərin arxasında duran gücləri də qınayırıq. Hamımız ayıq-sayıq olmalıyıq. Nə kürdün türkə, nə də türkün kürdə düşmənçiliyi ilə bu torpaqları özümüzə vətən edə bilərik”. Hökumət sözçüsü bildirib ki, Türkiyədə qanunsuz aksiya keçirənlər, terror törədənlər, terrora dəstək verənlər ölkə əhalisinin mədəni hissəsi deyil: "Heç kim düşünməsin ki, türk hökuməti və ordusu terror qarşısında çarəsiz qalıb, Onlar barəsində çox ciddi tədbirlər görülür”.

"Ağıllı olun, AKP hökumətinin dövrü bitdi”

HDP başqanı Səlahəddin Dəmirdaş PKK terrorunun suçunu AKP-nin üstünə atıb. Onun sözlərinə görə, Türkiyədə vətəndaş müharibəsi yaratmaq istəyirlər. O, son iki gündə Türkiyədə HDP binasına edilən hücumlarla bağlı AKP hökumətini günahlandırıb: "HDP-nin 400-dən çox binasına hücum olub. Partiya binamızı yandırmağa çalışanların çoxu cibində çay pulu olmayanlardır. Ağıllı olun, AKP hökumətinin dövrü bitdi. Sizin arxanızda heç kim dayanmayacaq. Hamınızın kamera görüntüləri var. Məhkəmə önünə çıxıb hesab verəcəksiniz. Gün gələcək dövran dəyişəcək”. Kürd partiya lideri terror hadisələrinə də toxunub: "Bu qarşıdurmaların başlamasında HDP-nin zərrə qədər də günahı yoxdur. Qərar Prezident və Baş nazir tərəfindən verilib”.

"Bu gün Türkiyə ən acı günlərini yaşayır”

Ekspert Arzu Nağıyevin sözlərinə görə, PKK-nın hədsiz fəallaşmasının əsas səbəbi Suriyadan bir müddət əvvəl gələn qanunsuz miqrantlarla bağlı hakimiyyətin düzgün mövqe tutmamasıdır: "Humanistliklə siyasəti səhv salanlar bu gün onun acı nəticələrini yaşayır. Xüsusi xidmət orqanları tərəfindən yoxlanılmadan, filtrasiya tədbirləri keçirilmədən, müvafiq düşərgələr yaradılmadan, milyondan yuxarı qaçqına sərhəd açılanda bu nəticə gözlənilən idi. PKK havadarlarının güclənməsi və Türkiyəyə təzyiqlər bu qəbildən olan səbəblərdəndir. Hakimiyyət böhranı və erkən seçkilər məsələsi də gərginlik yaradan amillərdir. PKK tərəfindən dəstəklənən HDP-yə demokratiya pərdəsi altında yaşıl işıq yandırmaq yanlış idi. Hazırda Türkiyənin böyük bir ərazisi muxtariyyət arzusu ilə yaşayır. Bu heç də xoşagələn hal deyil və yəqin ki, bunun da acı nəticələri olacaq. Yəni bu gün Türkiyə ən acı günlərini yaşayır, seçkilərin tez bir zamanda keçirilməsi və hökumətin qurulması bu prosesləri bir az dayandıra bilər. Əks halda, biz terror və təxribatların uzun müddət şahidi olacağıq”.

İsmayıl