Ədəbiyyat adamları Kəramət Böyükçölə cavab verdi

Aqşin Yenisey: “Bu uşaqlar görkəmli şəxslər barəsində elə danışırlar ki, sanki onlar Azərbaycan toylarında insanları əyləndirən bir müğənni, sünnət toylarına dəvət alan tamadadır”
Əsəd Cahangir: “Kəramət Böyükçöl çox haqlı olaraq romanına “Çöl” adı qoyub. O özü elə ədəbiyyatın çölündədir və heç vaxt da içəri girə bilməyəcək”



Deyəsən, cəmiyyətin əksəriyyətinin böyük şair kimi qəbul etdiyi və şeirlərini sevə-sevə oxuduğu şairləri istedadsız adlandırmaq gənc yazar Kəramət Böyükçölün hobbisidir.
Bir müddət öncə sosial mediada Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığını tənqid edərək Vahabzadəni o qədər də parlaq istedadı olmayan şair adlandıran Böyükçöl, üstəlik, onu fəlsəfi şair adlandıranları da qınayıb: "Deyirlər, Bəxtiyar Vahabzadə fəlsəfi şairdir. Amma heç kim bir misra nümunə gətirib əsaslandırmır ki, onun fəlsəfəsi nədədir? "Şam əgər yanmırsa, yaşamır demək”. Fəlsəfə bu misradadır? Bu cür bayağı və primitiv bir fikirdə fəlsəfə axtarmaq gülüncdür”. Bəxtiyar Vahabzadənin şair kimi ciddi bir istedadı olmadığını deyən Böyükçöl deyib: "Bəxtiyar müəllimin şeirinə baxın:

Babək soy-köküylə bizdən deyilmiş,
Xətai islamı ikiyə bölmüş,
Fətəli Allahsız, Vaqif baz idi,
filankəs azacıq qumarbaz idi...

Belə şeir olar? Bunun nəyini təhlil eləyim? Bəxtiyar müəllimin, demək olar ki, bütün yaradıcılığı bu cür şeirlərdən ibarətdir. Bu şeirin altına ayrı imza qoyub "Ulduz” jurnalına aparsan, Qulu Ağsəs çap eləməz”.
Halbuki, Bəxtiyar Vahabzadə məhz həmin şeirində Kəramət Böyükçölə və böyük şairləri bəyənməyən digər kəslərə çox gözəl cavab verib:
"Danış, bu Millətə nə gətirmisən?
Sən böhtan atdığın bu böyüklərin,
Yüzdə biri qədər nə iş görmüsən?!”
Xalq, millət, vətən, yurd, el-oba deməklə şair olunmadığını vurğulayan yazar Bəxtiyar Vahabzadə yaradıcılığını "heç”ə endirməklə kifayətlənməyib və dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavad, Mikayıl Müşviq, Sabir Rüstəmxanlı haqqında da tənqidi fikirlər səsləndirib. Ə.Cavadın məşhur "Çırpınırdın Qara dəniz, baxıb türkün bayrağına” şeirini paylaşaraq yazıb ki, Əhməd Cavadın nə qədər istedadsız şair olduğu bu şeirdən görünür.
Qeyd edək ki, K.Böyükçölün ədəbiyyatımızın inciləri haqda yazdıqları qeydlər media müstəvisində müzakirəyə çıxarılıb və fikirlər haçalanıb.
Ədəbiyyat nümayəndələrinin əksəriyyəti hesab edir ki, Kəramət Böyükçöl Əhməd Cavad, Bəxtiyar Vahabzadə yaradıcılığına "daş” atacaq biri deyil.
Şair Aqşin Yenisey də Kəramət Böyükçölü səsləndirdiyi fikirlərə görə tənqid edib və şair Azərbaycan ədəbiyyatına şou detallarının gətirilməsindən gileylənib: "Əhməd Cavad, Bəxtiyar Vahabzadə və digər görkəmli şair və yazıçılarımızın yaradıcılığı haqqında hər hansı bir fikri söyləmək üçün üçün kifayət qədər tutarlı ədəbi təhlil təqdim etmək lazımdır. Özünə "qələm adamı” deyən şəxs tində, çayçıda, virtual aləmdə hansısa şairi, yazıçını müzakirə etməz.
Mən o zaman Kəramətin fikirlərinin tərəfini saxlayardım ki, o, dedikləri barədə bir araşdırma məqalə yazıb sübut edərdi ki, doğrudan da qeyd etdiyi yazıçıların yaradıcılığında hər hansı bir çatışmazlıq var.
Çox narahatedici haldır ki, artıq ədəbiyyatımıza şou detalları gəlir. Bu uşaqlar görkəmli şəxslər barəsində elə danışırlar ki, sanki onlar Azərbaycan toylarında insanları əyləndirən bir müğənni, sünnət toylarına dəvət alan tamadadır. Bu cür yanaşma qəbuledilməzdir! Bu cür şeylər Azərbaycan insanını çox səviyyəsiz şeylərə aparıb çıxardır. Çox təhlükəli haldır və bunun sabah tendensiyaya çevrilməsi isə daha təhlükəli ola bilər. Gənc yazıçıların yazdıqlarına baxanda mənə əyan oldu ki, onlar elə fərz edirlər, ədəbiyyat yalnız ədəbiyyatın ətrafındakı söz-söhbətlərdən ibarətdir. Onlar bu söz-söhbətləri yaradıcılıq hesab edirlər”.
Şair Salam Sarvan isə Kəramət Böyükçölün Bəxtiyar Vahabzadə və Əhməd Cavad haqda fikirlərinin yüzdə yüz düz olduğunu deyib:
"Mən cavanlıqda xarratlıqla məşğul olmuşam deyə, ağacları biri-birindən ayıra bilirəm. Sonra yaradıcılıqla məşğul olduğumdan yazını da tanıya bilirəm: yəni Kəramətin o fikirlərində hətta ironiya da yox idi. Yaxşı, bunları buraxın bir yana, keçək Mirzə Ələkbər Sabirə...
Əziz həmvətənlər, əgər dostlarımızdan biri Əhməd Cavad haqda qəti bir fikir deyibsə, deməli, o arxayındı düşüncələrində, yəni onu axıracan oxuyub. İndi mən sizə desəm ki, Mirzə Ələkbər Sabir bizə təqdim olunduğuna rəğmən talantsız və faydasız şair olub, o dəqiqə məni söyməyə girişməyin. Əvvəla, mənim kimi zəhmət çəkib, Sabiri axıracan oxuyun. Oxuduz? Həə, indi qayıdın ilk səhifəyə və təzədən oxumağa başlayın. Bu zaman baş barmağınızı şəhadət barmağınıza birləşdirin. Vəssalam, qalanıyla işiniz olmasın, öz-özünə çırtma alınacaq. Və siz Sabiri oxumağa davam etdikcə, bu dəhşətli çırtma səslərini eşidəcəksiz. Ona görə də biz deyəndə ki, Mirzə Sabirin də yaradıcılığı aldanışdı, biz deyəndə ki, indiki meyxanaçılar onun düşünüb yazdığını indi bədahətən deyə bilirlər, əsəbiləşməyin”.
Ədəbi tənqidçi Əsəd Cahangir isə gənclərin görkəmli müəlliflər haqqında tənqidi fikirlər yazmasının özlərini reklam məqsədi daşıdığını vurğulayıb və belə deyib: "Ağılsız köpəklər ulduza hürər”. Ədəbiyyatda istedadı olmayan, uğur qazanmayan və heç bir müvəffəqiyyət əldə edə bilməyəcəyini başa düşən adamlar vaxtı ilə uğur qazanmış və hələ də qazanan adamlara "daş” atmağa başlayırlar ki, mən də varam! Bu, psixologiyada "herostrat kompleksi” adlanır.
Deməli, bir qədim yunan çobanı olub. Baxıb ki, ətrafındakı insanların biri məşhur filosof, biri məşhur aktyor, biri də qəhrəmandı. Şöhrət qazanmağın yollarını axtaran çoban belə bir qərara gəlib ki, məşhur artemida məbədini yandırıb tarixə düşsün və məşhur olsun. Hansı ki, yunan xalqı həmin məbədi çox yüksək qiymətləndirib və onunla fəxr ediblər. Sonradan yunanlar çobanın məbədi yandırmaq məqsədini bilir və onun adını heç yerdə çəkməyəcəklərinə söz verirlər. Amma görünür, hansısa yunan haradasa qeyd edib ki, bu hadisə günümüzə qədər gəlib çıxıb. Qısası, "herostrat kompleksi” şok effekti doğurmaq, "yeni” və "ağıllı” görünmək üçün qutsal anlam və dəyərlərə uğursuz və gülünc hücum çabalarıdır. Çox təəssüf ki, gündəmdə qalmaq üçün hər yola əl atan müasir çobanlar hələ də var. Əslində bu cür adamların sözünə əhəmiyyət vermək lazım da deyil. Sadəcə, sizin qəzetə olan hörmətimə görə, cavab verirəm. Onların nə dediyi mənim üçün maraqlı deyil, çünki niyyətlərini bilirəm. Guya ki, gündəm yaradırlar. Görkəmli insanları bəyənməyib onların fəaliyyətini tənqid edən insanlarla bağlı Səməd Vurğunun "Vaqif” pyesində çox gözəl bir ifadə var: "Ağılsız köpəklər ulduza hürər”. Bir də məşhur şeirdə deyildiyi kimi: "Nə ağılsızmış səndə olan baş, Neylər, qartala qarğa atan daş!”. Bəxtiyar Vahabzadəyə qiymət verən insanın, heç olmasa, onun dırnağı qədər savadı olmalıdır. Kəramət Böyükçöl özü nə yazıb ki, Əhməd Cavadı, Bəxtiyar Vahabzadəni bəyənmir? Nəsr yazdı alınmadı, şeir yazdı alınmadı. Uzaqbaşı, onun gücü müsahibə almağa çatır. Kəramət Böyükçöl çox haqlı olaraq romanına "Çöl” adı qoyub. O özü elə ədəbiyyatın çölündədir və heç vaxt da içəri girə bilməyəcək”.


Şəymən