Əlvida, sənətkar!..

Habil Əliyev I Fəxri Xiyabanda dəfn olundu




Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Milli musiqi sənətinin görkəmli nümayəndəsi, məşhur kamança ustası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat edib.

Dünən Xalq artisti ilə vida mərasimi keçirilib. Azərbaycan Dövlət Filarmoniyasında keçirilən vida mərasimində sənət aləminin tanınmış simaları, mərhumun ailəsi iştirak edib. H.Əliyev "I Fəxri Xiyaban”da dəfn olunub.
Mediaya açıqlama verən kaman ustası H.Əliyevin xanımı Şərqiyyə Əliyeva həyat yoldaşı ilə bağlı xatirələrini bölüşüb: "Habilin ömrü bura qədər imiş. İnsanlar onu çox sevirlər. Ona görə də Habilin xatirəsi, sənəti, kamançası hər zaman yaşayacaq. Habil heç nədən nigaran getmədi. Həmişə deyirdi ki, həyatda mənə hər şey qismət olub. Xalq da, dövlət də Habili çox sevib, çox qiymətləndirib. Deyirdi, ayağa duran kimi, jurnalistləri evə yığıb, hamısına qonaqlıq verəcəyəm. Mənimlə çox maraqlanırlar”.
Tədbirdə çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Habil Əliyevin keçdiyi həyat yolundan bəhs edib və mərhum sənətkarın yaxınlarına başsağlığı verib.
Daha sonra mərasimdə söz alan Bəstəkarlar İttifaqının sədri və Xalq artisti Firəngiz Əlizadə, Xalq artistləri Canəli Əkbərov, Arif Babayev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi unudulmaz sənətkar Habil Əliyev haqqında bəhs edərək onun kimi insanın yenidən dünyaya gəlməyəcəyini bildiriblər və mərhuma rəhmət diləyiblər.
Mərasimdə iştirak edən müğənni Röya Ayxan Habil Əliyev haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib. Jurnalistlərin suallarına ağlaya-ağlaya cavab verməyə çalışsa da, danışmaqda çətinlik çəkən xanım müğənni sözlərini ifadə edə bilməyib. Röyanın danışa bilmədiyini görən Manaf Ağayev Xalq artisti barədə öz fikirlərini söyləyib. Sonradan özünə gələn Röya kamança ustası Habil Əliyevin sənəti və şəxsiyyəti barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Daha sonra ifaçının səhhəti normallaşmış, müayinəsini evdə davam etdirməsi üçün avqustun 22-də evə buraxılmış, bir neçə gün əvvəl isə yenidən komaya düşüb.
Habil Əliyevi hər zaman zarafatcıl və gülərüzlü biri kimi xatırlayacaqlarını bəyan edən sənət adamları mərhum kaman ustasının bir neçə lətifəsini belə xatırlayırlar.

Xalq artisti Gülyaz Məmmədova: "Danışdığım əhvalat 1978-ci ildə İngiltərədə baş verib. Habil müəllim hər zamankı kimi təblə kamanda ifa edirmiş. Rafiq Babayev yaxınlaşıb ki, gəl birlikdə ifa edək, maraqlı kompozisiya alınsın. Habil müəllim tərs-tərs baxaraq: "Mənim elə şeylərdən xoşum gəlmir. Özüm tək ifa edəcəm. Mane olmayın, səhnəni tərk edin”.

Xalq artisti Alim Qasımov: "Yadıma gəlir, Habil Əliyevlə Moskvadaydıq. Elə oldu ki, liftdən istifadə etməli olduq. Habil müəllim liftə minən kimi, liftin düyməsini nə qədər sıxsa da qapı bağlanmadı. Qayıdıb üzümə gülərək baxıb dedi ki, "Eh, Alim tar çalanlar içində ən yaxşı liftçi məniydim”.

Müğənni Lalə Məmmədova: "Günlərin bir günü Habil Əliyev kənd toylarının birində çıxış edirmiş. O zamanlar da toylarda fotoqraf tapmaq çox çətin məsələydi. Elə olur ki, Habil müəllim fotoqraflardan birinə onun şəklini çəkməsi üçün müraciət edir. Fotoqraf da məmnuniyyətlə razı olur. Şəkil çəkilən an toyda olan insanlardan biri el dilində desək, "mərdimazarlıq” edərək kadra düşür. Belə olduğunu gördükdə Habil müəllim əsəbləşir. Fotoqrafdan onun yenidən şəklini çəkməsini xahiş edir. Bu dəfə yenə həmin insan arxa kadra düşür. Habil müəllim mədəni insan olduğuna görə, yenə öz hisslərini cilovlaya bilir. Üçüncü dəfə yenə eyni hadisəylə rastlaşır. Aranın sakitləşdiyini görən Habil Əliyev fotoqrafdan yenə xahiş edərək: "Gəlməmiş tez şəklimi çək” - deyir. Bu zaman həmin insanın gəldiyini görən Habil Əliyev: "Ay bala, çəkil o yana, görürsən ki, pasport üçün şəkil çəkdirirəm” - deyir.

Xalq artisti Mələkxanım Əyyubova: "Bir dəfə Habil müəllimə: "Düzdür ki, pul əl çirkidir? " - deyə sual verirlər. Habil müəllim cibindəki pulu çıxarır və əlinə sürtür. Bundan sonra əlinin çirki yerə tökülür. Sual verən adamın üzünə gülərək baxıb deyir ki, bala gördün indi əl çirkidir, ya yox?

Əməkdar artist Könül Kərimova: "Mənim yadımda qalan ən yaxşı zarafatı Niyaməddin Musayevlə olan zarafatıdır. Deməli, şalvarının dar olduğunu görən Habil müəllim gəlir, Niyaməddin bəyə yaxınlaşaraq: "Niyaməddin, sən deyəsən şalvarı "rajokla” geyinirsən” - deyib.

Şəymən