Qərb mərkəzli ssenarilər iflasa uğrayır

Dünyanı idarəetmə hərisliyinin yaratdığı bu xaos bumeranq effekti ilə Avropanın özünə miqrant axını kimi geri dönür




Bir sıra avropalı siyasətçilər miqrant axınını "qoca qitə”də yüksək həyat şərtləri, miqrantların öz ölkəsində isə mövcud olan iqtisadi və siyasi çətinliklərlə əlaqələndirməyə çalışsalar da, problemin gedərək daha geniş miqyas almasının səbəbləri başqadır. İndi əksəriyyət bu humanitar böhranın yaranmasının dəqiq səbəblərini çox gözəl anlayır. Miqrasiyaya səbəb olan elə Qərb dövlətlərinin, xüsusən ABŞ-ın apardığı neomüstəmləkəçi siyasətidir. Belə ki, postsovet məkanı, Şimali Afrika və Yaxın Şərq ölkələrində uzun müddət mövcud olmuş sabit siyasi sistemlər "ərəb baharı”, "maydan hərəkatı”, "zanbaq inqilabı” kimi adlarla kamuflyaj olunmuş zorakı üsullarla devrilib, yerli iqtisadiyyat dağıdılıb.

Dövlətlərin ərazi bütövlüyü pozulub, milli sərvətləri isə transmilli korporasiyalar tərəfindən talan edilib. Yaxın və Orta Şərqi xaosa sürükləyən "Ərəb baharı”, vətəndaş müharibələrinin yaratdığı dözülməz və təhlükəli mühit, o cümlədən, Suriyada davam edən döyüşlər, "İŞİD” beynəlxalq terror qruplaşmasının vəhşilikləri insanları son ümid olaraq Avropaya üz tutmağa məcbur edib. Bu fəsadların yaranmasında isə elə bir sıra Avropa dövlətləri və təşkilatları, o cümlədən, ABŞ dolayısı, ya da birbaşa iştirak edib. Yəni bu gün miqrasiyadan şikayətlənən, miqrantlara qarşı hər cür qeyri-insani davranışlar sərgiləyən Qərbin özü miqrasiyanın yaranmasının əsl səbəbkarıdır.

Avropa özünün səbəb olduğu miqrasiya qurbanlarını ən sərt diskriminasiyaya məruz qoyur

Qərb mərkəzli ssenarilərin, dünyanı idarəetmə hərisliyinin yaratdığı bu xaos bumeranq effekti ilə Avropanın özünə miqrant axını kimi geri dönür. Belə olduğu halda, "demokratik” Qərbdə miqrantlara qarşı bu münasibət paradoks kimi qəbul edilir. Çox təəssüf ki, Avropa özünün səbəb olduğu bu miqrasiyanın qurbanlarını nəinki "xoş qonaq” kimi qarşılayır, hətta onları ən sərt diskriminasiyaya məruz qoyur. Bir sıra Avropa dövlətlərinin, xüsusən Yaxın Şərqdən gələn miqrantlara qarşı tətbiq etdiyi "qayda-qanun”lar Avropanın öz günahlarının nəticələri ilə barışmaq istəmədiyini göstərir. Miqrantlara isə ac-susuz, günlərlə davam edən min bir əzabla qət etdiyi məsafənin yorğunluğunu yaşamaqla yanaşı, Avropa sərhədlərinin qapılarına və polis koridorlarına çırpılan gözəl günlər xəyalının xəyal qırıqlığının ağırlığı altında əzilmək qalır. Belə ki, məlumatlara görə, bir sıra Avropa ölkələri, o cümlədən, Böyük Britaniya, Macarıstan,

Yunanıstan, Sloveniya, İtaliya və digərləri Şimali Afrika və Yaxın Şərq ölkələrindən gələn miqrant axınının qarşısını xüsusi üsullarla almaq haqqında qərar qəbul edib. Son olaraq isə Almaniya Xarici İşlər Nazirliyi miqrantlara qarşı tətbiq olunan sərt qaydaların bundan sonra da ardıcıl həyata keçiriləcəyinin mesajlarını verib. Beləliklə, müharibənin alovundan qaçan miqrantlar Avropa qapılarında həm də avropalılar tərəfindən ölümün caynağına tərk edilirlər.

"O insanları qaçqın vəziyyətinə elə Avropanın özü salıb...”

Milli Məclisin deputatı Rəfael Cəbrayılov deyib ki, bu gün Avropaya üz tutan miqrantları qaçqın vəziyyətinə elə Avropanın özü salıb. R.Cəbrayılov bildirib ki, Avropaya üz tutan qaçqınların vətənləri Qərb dövlətləri, o cümlədən NATO və ABŞ tərəfindən bombalanır: "Avropada miqrant böhranı neomüstəmləkəçi siyasətin bumeranq effektidir. O insanları qaçqın vəziyyətinə elə Avropanın özü salıb. Yəni həmin ölkələrdəki sabit siyasi sistemlər "ərəb baharı”, "maydan hərəkatı”, "zanbaq inqilabı” kimi adlar altında zorakı üsullarla devrilir, yerli iqtisadiyyat dağıdılır, dövlətlərin ərazi bütövlüyü pozulur, milli sərvətləri isə transmilli korporasiyalar tərəfindən talan edilir. Bu da bumeranq effekti verir”.

R.Cəbrayılov qeyd edib ki, belə acınacaqlı vəziyyətin yaranması gözlənilən idi: "Çünki burada konkret bir ölkədən söhbət getmir. Söhbət Afrikada, Yaxın Şərqdə ölkələrin davamlı olaraq bombalanmasından gedir ki, burada da qaçqın problemi qaçılmaz olaraq meydana çıxacaqdı. Qərb dövlətləri onları o vəziyyətə saldı və indi də qaçqın probleminin aradan qaldırılmasında öndə olmalıdır. Çünki bu problem ümimilikdə dünyanın sabit inkişafını təhdid altında qoyur”.

"ABŞ-ın bəzi dairələri Azərbaycanda da sabitliyi pozmağa çalışır...”

Millət vəkili vurğulayıb ki, hazırda dünya elə bir inkişaf səviyyəsinə gəlib çatıb ki, sabitlik supergüclərə nə siyasi, nə də maddi dividend gətirir: "Buna görə də supergüclər heç vaxt siyasi sabitlik arzulamayıblar. Çünki bu və ya digər formada hansısa ölkədə münaqişə ocağının yaradılması supergüclərə həmin ölkəyə həm öz iradəsini diktə etməyə imkan verir, həm də silah satışından tutmuş digər formalarda gəlir əldə etməyə şərait yaradır. Münaqişə ocağı supergüclərin həmin regionda söz sahibi olmasına səbəb olan bir haldır. Bu baxımdan da onlar təkcə Afrika, Yaxın Şərq ölkələrində deyil, bütün ölkələrdə münaqişələr yaratmağa çalışırlar”. Deputatın sözlərinə görə, Avropanın, ABŞ-ın bəzi dairələri siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda da sabitliyi pozmağa çalışır, antiazərbaycan kampaniyası aparırlar: "Amma onların bu çirkin məqsədlərinə nail ola biləcəklərini düşünmürəm. Çünki Azərbaycan xalqı müdrik xalqdır. Təəssüf ki, içimizdə adlarını müxalifət, hüquq müdafiəçisi, QHT qoyan bəzi antimilli təşkilatlar var. Amma xalqımız dövlət və ölkə Prezidentinin ətrafında sıx birləşib və xalqı bu cür ucuz təxribatlara sürükləmək mümkünsüzdür”.

"Avropaya olan qaçqın axını regionda baş verən silahlı münaqişələrin nəticəsidir”

AMİP-in katibi, politoloq Elşən Mustafayev da bəyan edib ki, son vaxtlar Ərəb ölkələrindən Avropaya olan qaçqın axını regionda baş verən silahlı münaqişələrin nəticəsidir: "Bu, məsələnin görünən tərəfidir və çoxlarının ilk baxışda gəldiyi nəticədir. Amma burada bir neçə amili də nəzərdən keçirməyə dəyər. Hamı bilir ki, Şengen ərazisinə hətta viza ilə daxil olmaq üçün hansı çətin prosedurlardan keçmək lazımdır. Avropa İttifaqı ölkələri arasında sərhəd mövcud olmasa da, məhz Aİ digər ölkələrlə çox ciddi qorunan sərhədlərə malikdir. O zaman 10 minlərlə, hətta yüz minlərlə qaçqın qısa müddətdə vizasız, sənədsiz Avropa İttifaqı ərazisinə necə daxil olub? Sözsüz ki, bunu təşkil edən qüvvələr var. Onların bir hissəsi bunu maddi qazanc müqabilində ediblərsə, digərləri isə bunu çox güman ki, uzun və ya yaxın məqsədli siyasi hədəflərə hesablayıblar. Maraqlı tərəfi odur ki, son illər bir çox Avropa ölkələrində gəlmələr və miqrantlar əleyhinə yerli əhalinin ciddi müqaviməti ortaya qoyulub. Hətta miqrantlarla bağlı mübarizəni proqramlarına salan bir çox millətçi partiyalar Fransada, Böyük Britaniyada, İsveçdə və digər ölkələrdə əhalinin ciddi səslərini alaraq parlamentlərdə təmsil olunublar. İndi təsəvvür edin ki, bu qaçqın axınından sonra əhalinin aqressivliyi nə dərəcədə qalxa bilər, millətçiərin səsləri artar və mövcud hakimiyyətlərin dəyişməsi prosesi ola bilər”. E.Mustafayev Avropa ölkələrinin mühacirlərə, miqrantlara qarşı sərgilədiyi aqressiv mövqenin, onların sıxışdırılmasının da normal hal olmadığını deyib: "Əvvəla, Avropada insanlar onlara rəsmi şəkildə sığınacaq alan miqrant kimi yox, ölkə ərazisinə icazəsiz daxil olan qaçqınlar kimi baxır. Bu sayın on minlərlə olması və mentalitetin fərqliliyi, davranış qaydaları artıq yerli əhalidə aqressivlik yaradıb. Düşünürəm ki, bu gün Avropa çox ciddi imtahan qarşısındadır. Mövcud qaçqınlarla məsələni həll etmək bir problemdirsə, bundan sonra gələcək növbəti yüz minlərin qarşısını almaq ondan da çətin ola bilər. Məsələnin həlli yollarına isə qlobal yanaşmaq lazımdır”. AMİP rəsmisinin sözlərinə görə, bu gün Avropa İraqda, Suriyada və digər region ölkələrində silahlı münaqişələrin sona çatdırılmasında maraqlı olmalıdır və bu istiqamətdə ciddi işləməlidir”.

İsmayıl