Azərbaycanın iqtisadi modeli örnək ola bilər

Dünyadakı böhran Avropa ölkələrini vurdu, amma ölkəmiz zərər görmədi



"Müşavirədə Prezident İlham Əliyev çox mühüm, tarixi əhəmiyyətli tezislər ortaya qoydu. Ölkə başçısı çıxışı zamanı dünyada gedən həm siyasi, həm də maliyyə böhranına toxundu. Ölkə prezidenti müşavirədə qeyd etdi ki, Azərbaycan böhran içində bir sabitlik adasıdır. Həmin fikirləri rəhbər tutaraq düşünürəm ki, 2016-cı il də xalqımız üçün uğurlu il olacaq”. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə zamanı qeyd olunan fikirlər barədə danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, dünyada gedən proseslərdən hansı ölkənin necə çıxacağı həmin ölkənin rəhbərliyi ilə xalqın birliyindən asılı olan məsələdir: "İstər sosial, istər iqtisadi, istərsə də ictimai sabitliyin qorunmasında müsbət irəliləyişlərin olacağı gözləniləndir. Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz yüksəliş dövrünü yaşayır. Çünki dövlət öncədən bu cür proseslərin olacağını gözlədiyi üçün lazımi tədbirləri həyata keçirmişdi. Ona görə də Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi prosesi davam edir. Qeyri-neft sektorunun, elmin inkişafı üçün investisiyalar qoyulub ki, bunun da ölkəmizə qazandırdığı dividendləri artıq görürük. Cənab Prezidentin düzgün, balanslaşdırılmış siyasət yürütməsi, qarşıya qoyulan məqsədlərin zamanında həyata keçirilməsi imkan verir ki, bu gün Azərbaycan dövləti neftdən asılılığı aradan qaldıra bilsin”.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov da bəyan edib ki, cənab İlham Əliyevin keçirdiyi hər bir müşavirə böyük əhəmiyyət kəsb edir: "Sentyabrın 8-də keçirilən müşavirədə ölkə başçısı həm siyasi, həm də iqtisadi cəhətdən çox mühüm, tarixi əhəmiyyətli tezislər ortaya qoydu, bütün sahələr üzrə yeni istiqamətlər müəyyənləşdirildi. Müşavirə zamanı Prezident dünyada gedən siyasi, iqtisadi proseslərə toxundu, yaşanan maliyyə böhranı ilə bağlı vacib detalları açıqladı. Cənab Prezident Azərbaycanı "sabitlik adası” adlandırdı. Çünki dünya dövlətləri ciddi maliyyə böhranı ilə üzləşiblər, müxtəlif ölkələrdə sosial partlayışlar baş verir, iqtisadiyyatları tənəzzülə uğrayır. Ölkəmizdə siyasi sabitlik mövcuddur və bundan sonra da belə olacaq. Bütün bu amilləri nəzərə alaraq hesab edirəm ki, cənab Prezidentin keçirdiyi bu müşavirə tarixi əhəmiyyətə malikdir.

M.Kazımov deyib ki, Azərbaycan dünyadakı iqtisadi böhrandan əziyyət çəkmir. Çünki ölkəmizdə sosial proqramlar, infrastruktur layihələri icra edilir və vətəndaşların sosial təminatı ən yüksək səviyyədə təmin olunur: "Neftin qiyməti nə qədər düşsə də, Azərbaycan iqtisadiyyatını heç bir təhlükə gözləmir. Çünki ölkəmizin iqtisadiyyatı təkcə neftdən, büdcəmiz isə neft gəlirlərindən asılı deyil. Ölkəmizdə ümumi daxili məhsul təxminən 6 faiz artıb. Qeyri-neft iqtisadiyyatı üzrə isə bu rəqəm 9 faizdən çoxdur. Yoxsulluğun səviyyəsi sıfıra yaxınlaşır. Bütün bu uğurların əsasında böyük idarəçilik qabiliyyəti dayanır. Təsəvvür edin ki, neftin qiymətinin aşağı düşməsi ilə ölkələrdə səfalət hökm sürür, siyasi sabitlik pozulub, iqtisadiyyat dağılır. Ancaq Azərbaycan xalqı zərrə qədər də olsun əziyyət çəkmir, nə də çəkməyəcək”.

Millət vəkili bildirib ki, dünyada ciddi maliyyə böhranı yaşanır, ölkələr səfalət içərisindədir, elə Avropanın özündə biabırçı hadisələr baş verir. Azərbaycan isə öz inkişafındadır: "Bunu görən müxtəlif xarici dairələr, "hüquq müdafiə” təşkilatları ölkəmizə hücuma keçirlər. Azərbaycan ordusu regionun ən qüvvətli ordusudur. Bunu bütün dünya bilir. Bu amil ən çox Qərbi və ermənilərin digər havadarlarını qıcıqlandırır. Ancaq nə xarici qüvvələr, nə də milli satqınlarımız Azərbaycanın haqq işinə kölgə sala bilməyəcək. Adını müxalifət qoyub, əslində isə Azərbaycan dövlətinə qarşı düşmənçilik siyasəti aparan milli satqınlarımız bilməlidirlər ki, onların da istifadə müddəti var. Nə vaxtsa istifadə olunub atılacaqlar. Bu günə kimi Qərbin müəyyən dairələri hüquqları ayaqlar altında atılmış 1 milyondan artıq məcburi köçkünümüz haqqında bir cümlə belə danışmayıb. Ancaq bu gün daxili işlərimizə müdaxilə edərək, xarici ölkələrə casusluq edən

Leyla Yunus və Xədicə İsmayılı müdafiə edirlər. Çünki bu şəxslər həmin dairələrin pullarını alıb, milli maraqlarımızı satırlar. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu xəyanəti görür və vaxt olacaq xalqımız bu cür xainləri birdəfəlik silib atacaq”.

İsmayıl