Dəmirtaşa cinayət işi açıldı

Ərdoğan Türkiyənin küçələrini qan gölünə çevirmək istəyən kürd partiya sədrinə qarşı amansız olacaq



Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Dəmirtaşın "doğulduğunuza peşman edərik” sözləri Prezident Rəcəb Tayyib Ərdoğanın sərt reaksiyasına səbəb olub. Ərdoğan Dəmirtaşa cavab olaraq bunları bildirib: "Terror hər gün yeni canlar almağa davam edir. Buna baxmayaraq, təhlükəsizlik qüvvələri terror təşkilatı ilə mübarizəni qətiyyətlə davam etdirir. Bəzi siyasətçilərin ifadələri, həyata keçirilən mübarizəni çətinləşdirir. Belə bir vəziyyətdə özünə siyasətçi deyən və TBMM üzvü olan hər kəsin cavabdehlik daşıması lazımdır.

"Qarşılıq vermək sizin də haqqınızdır, onları doğulduqlarına peşman edin” sözləri ölkənin küçələrini yenidən qan gölünə çevirmək istəyən bir zehniyyətin məhsuludur. Türkiyənin cavabdehlik daşıya bilən siyasətçilərə ehtiyacı var. Bələdiyyə sədri və ya millət vəkili bu ölkədə vətəndaş müharibəsindən necə danışa bilər? Onlara bu səlahiyyəti kim verib? Bu səlahiyyəti dağdakı terrorçulardan alıblar. Tabutların içində silah daşıyanlar var. Bunlar məscidləri, məktəbləri yandıracaq qədər irəli gediblər.

Bundan başqa, baş verən hadisələri də Prezident və Baş nazirin üzərinə ataraq özlərini təmizə çıxarmaq istəyirlər”. Ərdoğan HDP-yə son dəfə səsləndiyini bəyan edib: "Ya demokratiyanın, ya da terrorun yanında olun. Bunun orta yolu yoxdur. Seçiminizi edin. Mübarizənizi demokratiya, yoxsa silahla edəcəyinizə qərar verin. Terrorun yanında olsanız, bunun cavabını verəcəksiniz”. Prezident kürdlərə də çağırış edib: "Bu terror təşkilatı sizin təmsilçiniz ola bilməz. Terror təşkilatının arxasında HDP də sizə lazım deyil”.

Dəmirtaş barəsində istintaqa başlanıb

Terrora çağırış mesajından sonra HDP başqanı, deputat Səlahəddin Dəmirtaş barəsində cinayət işi açılıb. Türkiyənin Diyarbəkir əyaləti prokurorluğu S.Dəmirtaş barəsində istintaqa başlayıb. Partiya sədri "türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, dövlət qurumlarını aşağılamaqda, cinayət işlətməyə təhrikdə, terrorçu qrupları dəstəkləyib, onları təbliğ etməkdə, Türkiyə Prezidentini təhqirdə” ittiham olunur. Xatırladaq ki, ötən gün paytaxt Ankarada HDP-nin binası bir qrup gənc tərəfindən yandırılıb. Küçəyə çıxan gənclər şəhid olan 16 türk əsgərini anmaq üçün HDP binası önündə şüarlar səsləndiriblər. Dəmirtaş isə çox sərt açıqlamalar verib. O, açıq-aşkar kürdləri müharibəyə çağırıb: "Onları anasından doğduğuna peşman edin. Hamı müdafiəyə qalxmalıdır. Bu günlər gəlib geçəcək. Qorxmaq bizim kitabımızda yoxdur. Allahdan başqasından qorxmadıq, qorxmarıq da”.

"PKK mənim sözümü dinləməz...”

PKK lideri Abdullah Öcalan sözünə əməl etməyəcəklərindən qorxduğu üçün Qəndilə qarşıdurmaları dayandırmaq barədə çağırış etmir. Bunu "CNN Türk” kanalında qatıldığı proqramda "Hürriyyət” qəzetinin əməkdaşı Dəniz Zeyrək deyib. O, Öcalanla bağlı əldə etdiyi son məlumatları ictimaiyyətlə bölüşüb: "Əldə etdiyim məlumata görə, dövlət rəsmiləri bu günlərdə Öcalanla görüşlər aparır. Öcalan sözünə əməl etməyəcəklərindən qorxduğu üçün Qəndilə qarşıdurmaları dayandırmaq barədə çağırış etmir. O, liderliyinin insanların gözündə şübhə altına düşməsini istəmir”.

Türklər terrora qarşı yürüş ediblər...

Hakkarinin Dağlıca bölgəsi və İğdırdakı xain terrorist hücumlarına etiraz etmək üçün Adapazarında təxminən 4 min nəfər yürüş edib. Etiraz əsnasında hirslənən bəzi kəslər HDP binasına hücum etmək istəyərkən polis kütləni dağıtmaq üçün bibər qazı ilə müdaxilə edib. Əllərində türk bayraqları olduğu halda təkbir gətirərək "kahrolsun PKK”, "şəhidlər ölməz, Vətən bölünməz” şüarları ataraq gedən qrup şəhər meydanına gəlib. Sakarya Təhlükəsizlik Müdirliyinə bağlı çevik qüvvət qrupları bölgədə TOMA maşını və barrikadalarla ətrafda geniş təhlükəsizlik tədbirləri alıb. Bu sırada izdihamdan ayrılan bir qrup, yürüşün sonlandığı bölgəyə yaxın yerdə olan HDP binasına doğru qaçmağa başlayıb. HDP başçılığına hücum etmək istəyən hirsli qrupa HDP təşkilatının olduğu prospekti nəqliyyata bağlayan polis qrupları mane olub. Partiya binası önünə cüt barrikada quran çevik qüvvət qrupları qrupun keçişinə icazə verməzkən prospekt ortasında bir müddət qrup üzvləri arasında qarışıqlıq çıxıb. Qarışıqlıq böyüyəndə polis kütləyə bibər qazı ilə müdaxilə edib.

İran açıq şəkildə PKK-nı dəstəkləyir...

Hər zaman olduğu kimi, İran bu dəfə də Türkiyəyə kin püskürüb. "PKK-nı vurmaq üçün İraqa girmə” deyə Ankaraya ultimatum verən rəsmi Tehran Türkiyəni İraqın sərhədlərini pozmaqda ittiham edib. İran XİN-in sözçüsü Mərziyyə Afham Türkiyənin PKK-nı təqib etmək üçün Şimali İraqa girməsini məsələsindən danışaraq, bunu İraqın ərazi bütövlüyünə zərbə adlandırıb: "İran digər ölkələrin sərhədlərinin pozulmasını pisləyir və bunu Yaxın Şərqdə münaqişənin daha da şiddətlənməsinə səbəb olacağını hesab edir”. Məlumat üçün deyək ki, Dağlıcada baş verən terror hadisəsindən sonra, PKK-çıların izinə düşən Türkiyə Xüsusi Təyinatlıları İraq ərazisinə girib. PKK düşərgələrinə təşkil edilən əməliyyat nəticəsində 100 PKK-çı məhv edilib.

"Erkən seçkidən sonra hər şey düzələcək...”

Türkiyədəki prosesləri şərh edən daxili siyasət üzrə ekspert, "Yeni Şafak” qəzetinin tanınmış təhlilçisi Cəmilə Bayraktar ölkənin parlament seçkilərindən sonra yaranmış siyasi böhrandan çıxacağını deyib. Onun sözlərinə əsasən, ölkədə baş verənlər siyasi və iqtisadi səbəblərə əsaslanır: "Bunlardan biri Ankaranın enerji qovşağına çevrilməsi üçün son illər aktiv enerji siyasəti yürütməsidir. Digər problem isə İraqın şimalında neft ehtiyatlarının olması ilə bağlıdır. Kürd problemi həll edildikdən sonra İraq nefti Türkiyə ərazisi ilə dünya bazarlarına çıxmalı idi. Bundan sonra Qərb tamamilə Ankaradan asılı vəziyyətə düşə bilərdi”. C.Bayraktar əlavə edib ki, hazırda Türkiyənin əsas problemi müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) və Fəthullah Gülən hərəkatıdır: "Məhz CHP-nin müxtəlif sol qeyri-leqal strukturlarla sıx əlaqələri var, onları bəzi yerli KİV-lər də dəstəkləyir. Bir sıra sol terrorçu təşkilatların, o cümlədən PKK-nın fəallığında İranın rolu da istisna deyil. Belə ki, Türkiyə ötən gün İranla sərhədləri müvəqqəti bağlayıb”.

İsmayıl