Oxuyun, 200 bal toplayanlar təhsil ala bilməyəcək

Mütəxəssislər keçid balının yüksəldilməsi təklifinə müsbət baxır




Ali məktəblərə qəbul çətinləşdirilir. Belə ki, Azərbaycanda gələcək illərdə ali məktəblərə qəbul müsabiqəsində iştirak etmək üçün tələb olunan keçid balının yüksəldiləcəyi gözlənilir. Bu barədə Təhsil Nazirliyinin (TN) İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehli deyib.

Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, ali məktəblərə qəbul müsabiqəsində iştirak və ixtisas seçiminə buraxılmaq üçün tələb olunan bal həddi bütün ixtisas qrupları üzrə (yalnız kənd təsərrüfatı ixtisasları üzrə bal həddi 150 olub) TN-in təklifi ilə 200-dən aşağı endirilmədi. TN növbəti illərdə bu bal həddinin daha da artırılması təklifi ilə çıxış etməyi nəzərdə tutur.

TN-in addımını şərh edən təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə deyib ki, bunun heç bir effekti olmayacaq: "Aydındır ki, Azərbaycanda təhsilin keyfiyyəti çox aşağıdır və kadr hazırlamaq üçün potensial yoxdur. Görünür, əmək bazarının qanunlarını süni şəkildə tənzimləmək istəyirlər. Əmək bazarı isə çoxlu kadrın mövcud olduğu yerdir. Bu bazarda yaxşı da var, pis də. Təəssüf ki, bizdə də əmək bazarında qohumbazlıq hökm sürür. Amma anlamaq lazımdır ki, yaxşı kadr hazırlamağın yeganə yolu sağlam rəqabətli əmək bazarının formalaşmasından keçir. Yəni tələbə bilməlidir ki, oxuyandan sonra öz elmi ilə bir tərəfə çıxa biləcək. Onun gələcək maraqları təmin olunmalıdır. Bizdə isə maraqlar insanın qabiliyyəti ilə deyil, "day-day”ı ilə həll olunur. Hesab edirəm ki, əmək bazarı düzəlməsə, ölkəmizin təhsil həyatından müsbət heç nə gözləməyə dəyməz. Keçid ballarının endirilməsi və yaxud qaldırılmasının heç bir əhəmiyyəti olmayacaq”.

Digər təhsil eksperti Şahlar Əsgərov isə vurğulayıb ki, bal həddi daha da artırılmalıdır. Onun qənaətincə, 200-dən aşağı bal toplayan abituriyentlərin ali məktəblərə qəbul olunmaması, əslində, normal bir haldır: "Amma yaxşı olardı ki, bu bal 200-dən də yüksək olsun. 5 ballıq qiymətləndirmə sistemi ilə müqayisə etsək, qəbul imtahanlarında toplanılan 700 bal "beş”ə, 560 bal "dörd”ə, 420 bal "üç”ə, 280 bal "iki”yə uyğundur. İndiyə qədər 200-dən də aşağı bal toplayan abituriyentlər ali məktəblərə qəbul olunub. Bu, zərərli haldır. Bal həddinin 200-ə qaldırılmasının özü artıq yaxşı bir işdir, amma yaxşı olardı ki, bal 200-dən, 300-dən də yüksək olsun”.

Ş.Əsgərov ümid edir ki, TN gələcəkdə bu bal həddinin daha da qaldırılması təklifi ilə çıxış edəcək: "Ali məktəbdən fərqli olaraq, orta məktəbdə dərslərin səviyyəsi aşağı olur. Bilik səviyyəsi az olan insanlar o mühazirələri başa düşmürlər. Deməli, orta məktəbi qurtarmış savadsız məzun ali məktəbi də savadsız olaraq qurtarırdı. Amma indi bal həddinin 200-ə qaldırılmasının özü ali məktəbdə oxuyan insanların kifayət qədər bilik toplamasını zəruri edir”.

Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov da bildirib ki, növbəti illərdə də ali məktəblərə qəbul üçün minimal balların artırılması lazımdır: "Bəzi ixtisaslar üzrə minimal balların hətta 300-350-yə qaldırılması lazımdır. Bu, tədricən həll edilməlidir”.

Bu il ilk dəfə olaraq, 200-dən az bal toplayan abituriyentlərin ali məktəbə qəbul olmamasının alqışlanan hal olduğunu deyən rektor məlum prosesin keyfiyyətli kadr hazırlığına öz təsirini göstərəcəyini də söyləyib: "200 bal toplayan abituriyentlərin səviyyəsi aşağı olur. Ona görə də bu il bir neçə ixtisas üçün minimal balı 250, kompüter elmləri ixtisasında isə hətta 300 bal etmişik. Bunlar müasir texnologiyalara xidmət edən sahələrdir. Gərək bu ixtisaslar üzrə hazırlanan mütəxəssislər yüksək hazırlığa malik olsun, proqramı qəbul edə bilsinlər. Abituriyentlər biləcəklər ki, ali məktəblərə qəbul üçün ciddi hazırlaşmaq lazımdır”.

H.Məmmədov hesab edir ki, yeniliyin tətbiqi keyfiyyətli kadr hazırlığına müsbət təsir göstərməklə yanaşı, tələbələrin akademik göstəricilərinin yüksəldilməsinə də yaxşı təsir göstərəcək: "Bu gün bəzi tələbələrin zəif oxumasının əsas səbəbi onların ali məktəblərə aşağı balla qəbul olunmasıdır”.

Ayyət Əhməd