Rublun dəyərdən düşməsi, azərbaycanlılara da təsir edib

Rusiyada olan həmyerlilərimizin əksəriyyəti ölkəmizə qayıdıb




Rusiyadan Azərbaycana pul köçürmələri 40 faizdən çox azalıb. Bu barədə Rusiya Mərkəzi Bankı xəbər yayıb. Məlumata görə, cari ilin II rübündə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pul köçürmələrin həcmi 225 mln. dollara çatıb.

Bu da 2014-cü ilin II rübü ilə müqayisədə 148 mln. ABŞ dolları və ya 39,68 faiz azdır. Məlumata görə, bu ilin II rübündə Rusiyadan Azərbaycana 190 mln. ABŞ dolları həcmində vəsait köçürülüb ki, o da ötən ilin eyni dövrü ilə müqayisədə 144 mln. ABŞ dolları və ya 43,11 faiz azdır. 2015-ci ilin aprel-iyun aylarında şimal qonşumuzdan ölkəmizə hər əməliyyat üzrə orta hesabla 519 ABŞ dolları köçürülüb. Xatırladaq ki, 2014-cü ilin II rübündə transsərhəd pul köçürmə sistemləri vasitəsilə Rusiyadan Azərbaycana 334 mln. ABŞ dolları göndərilib. Bu zaman hər əməliyyat üzrə pul köçürmənin orta məbləği 654 ABŞ dolları olub.

Məlum azalmanı dəyərləndirən iqtisadçı-ekspert Oqtay Haqverdiyev "Şərq”ə deyib ki, bunun Azərbaycan iqtisadiyyatına heç bir mənfi təsiri olmayacaq: "Ermənistan və Moldova kimi ölkələrdə ümumi daxili məhsulun formalaşmasında Rusiyadan gələn pulların xüsusi çəkisi 15-20

faizə çatır. Bizdə isə 2-3 faizdən yuxarı olmayıb: "Yəni azalmanın bizim iqtisadiyyata o qədər də təsiri olmayacaq”.

Ekspertin sözlərinə görə, şimal qonşumuzda yaşayan soydaşlarımızın ailələrinə göndərdiyi pullar da azalıb: "Ölkəmizdə əhalinin həyat səviyyəsini normal saxlamaq məqsədilə Rusiyadan ölkəmizə pulların gəlməsi lazımdır. Çünki dolanmaları Rusiyadan gələn ailələr indi çətinlik çəkirlər. Amma bunu ciddi təhlükə kimi dəyərləndirmək doğru deyil”. Müsahibimizin fikrincə, məlum geriləmənin əsas səbəbi rublun dəyərdən düşməsi olub: "Həm də orada qiymətlər artıb. Bunların hamısı biri-biri ilə bağlı məsələdir. Rubl dəyərdən düşəndən sonra oradakı azərbaycanlıların əksəriyyəti ölkəmizə qayıtdı. Elələri də oldu ki, başqa ölkələrə üz tutdu. Rusiyadan gələn pulların azalmasının kökündə bu məsələlər dayanır”.

Ayyət Əhməd