“Mən YAP-ın siyahısının ortaya çıxmasını gözləyirəm”

Əli Əliyev: “Onlar namizədlərini açıqladıqdan sonra dairə üzrə seçim etmək daha məqsədəuyğundur”



Parlament seçkisinə hazırlaşan "Azadlıq-2015” bloku öz namizədlərinin əksəriyyətini müəyyən edib. 8 partiyanın təmsil olunduğu blokun ilkin siyahısı bir müddət əvvəl ictimaiyyətə açıqlanıb. Birlikdə təmsil olunan demək olar ki, bütün partiya sədrlərinin adları açıqlanan namizəd siyahısında öz əksini tapıb.

Amma Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev namizədlər arasında yoxdur. Seçkiyə hazırlıq və namizədlik məsələsi ilə bağlı "Şərq”in suallarını cavablandıran VİP rəhbəri deyib ki, namizədlərin müəyyənləşməsi prosesi hələ davam edir.

- Əli bəy, "Azadlıq-2015”-in seçkiyə hazırlığı necə gedir?

- İndiyə qədər blokumuz 72 dairə üzrə namizədini müəyyən edib. Namizədlərin hamısının sənədləri hazırdır. Üstəgəl, iki dairə üzrə 4 namizədimiz də var. Amma 46 və 24 saylı dairələr üzrə uzlaşma əldə edə bilməmişik. Dörd nəfərdən kim qeydiyyatdan keçsə, namizəd olacaq. Hələlik bir neçə nəfər son qərarını verməyib. Vəziyyət bundan ibarətdir, seçki qrafikinə tam uyğun olaraq fəaliyyətimizi yürüdürük. Demək olar ki, qarşımıza qoyduğumuz məqsədə nail olmuşuq. Bundan sonra işin ağırlığı dairələrə keçəcək. Yəni namizədlərin imzatoplama kampaniyası başlayacaq və oktyabrın 2-nə qədər davam edəcək.

- Namizədlərin sayı blokda yer alan partiyalar arasında necə bölünüb. Ən çox və ən az namizəd verən partiyalar hansılardır?

- Əvvəla deyim ki, seçkiyə qatılmaq qərarını 8 yox, 7 partiya verib. Azad Demokratlar Partiyası qeydiyyata alınmadığı üçün seçki kampaniyasına qoşulmayıb. Yerdə qalan 7 partiya içərisində Liberal Demokrat Partiyası hələlik heç bir namizədini müəyyənləşdirməyib. Ən çoxsaylı namizəd KXCP-dəndir. Bu partiya 32 nəfər namizəd irəli sürüb. Namizəd sayına görə, ikinci yerdə dayanan partiya VİP-dir. Bizim partiya 23 nəfər müəyyən edib. 7 nəfər isə Azərbaycan Xalq Partiyası tərəfindən irəli sürülüb. 4 namizəd də Böyük Azərbaycan və Azadlıq Partiyası tərəfindən verilib. Aydınlar Partiyası isə 2 namizəd təyin edib.

- Blokda təmsil olunan əksər partiya sədrlərinin adları namizəd siyahısında var, sadəcə sizdən başqa. Niyə namizəd olmaq istəmirsiz?

- Mən hələlik qərarımı verməmişəm. Ona görə də namizəd siyahısında adım yoxdur. Bu qərar şəxsi mövqeyimdən asılıdır. Bir qədər fərqli seçki taktikası seçmişəm. Mənim yanaşmama görə, builki siyasi şərtlər və üstəlik seçki məcəlləsinin zəifliyi prosesə daha diqqətlə yanaşmağı tələb edir. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası namizəd siyahısını açıqladıqdan sonra dairə üzrə seçim etmək daha məqsədəuyğundur. Ona görə də YAP-ın siyahısının ortaya çıxmasını gözləyirəm. Siyahı açıqlandıqdan sonra dairəmi müəyyən edib namizədliyimi verəcəm. Hələlik gözləmə mövqeyindəyəm.

- YAP-ın namizədləri elan olunduqdan sonra "Azadlıq 2015”-in ümumi siyahısında da dəyişiklik ehtimalı varmı?

- Əlbəttə, gözləniləndir. Ola bilər, hansısa dairələrdə dəyişiklik edildi.

- Blokdan kənar digər müxalifət partiyalarının namizədlərinə güzəşt olunacaqmı?

- Yox, hələlik o məqama çatmamışıq. Yəni aramızda heç bir razılaşma, əməkdaşlıq yoxdur. Fikrimcə, namizədlərin qeydə alınması prosesindən sonra bu cür razılaşmalar mümkündür.

- Əvvəlki seçkilərə nisbətən builki marafonda aktivliyin daha çox olduğu iddia olunur. Bu cür siyasi təşəbbüsləri necə dəyərləndirirsiniz?

- Təbii ki, müsbət qiymətləndirmək lazımdır. İstənilən halda seçki prosesi ətrafında fəallıq cəmiyyət üçün faydalıdır. Hesab edirəm ki, ortaya çıxan yeniliklər, fərqli sahələrdən olan şəxslərin parlamentdə təmsil olunmaq istəməsi təqdirəlayiq haldır. Cəmiyyətin fəal olması hamı, xüsusən də siyasi çevrələr üçün zəruri amildir. Biz də bunda maraqlıyıq.

- Parlamentdə təmsil olunmaqla bağlı son zamanlar yaşlı-gənc söhbəti də ortaya atılıb. Sizcə, deputatın yaş fərqi nə qədər önəmli amil hesab olunur?

- Deputat yarışları xalqın seçiminə söykənməlidir. Seçici özü müəyyən edir ki, onu parlamentdə kim daha yaxşı təmsil edə bilər. Yaş bölgüsü çox subyektiv məna kəsb edir. Çünki ağıl yaşda yox, başda olur. Amma oturuşmuş dövlət sisteminə malik olan nümunələrdən bəlli olur ki, parlamentdə təcrübəli şəxslərin yer alması, onların qanunvericilik prosesində iştirak etməsi daha faydalıdır. Misal üçün, demokratik ənənələrə malik olan dövlətlərdə parlament üzvləri arasında yaşlılar daha çox olur. Yəni cəmiyyət özü psixoloji baxımdan qanunverici hakimiyyəti yaşlılara həvalə edir. Fikrimcə, yaşından asılı olmayaraq, hər bir fərd haqqında ayrıca danışmaq lazımdır.

Azərbaycan təcrübəsi də göstərir ki, insanın fərdi keyfiyyətindən çox şey asılıdır. Məsələn, ümummilli liderimiz Heydər Əliyev yaşlı nəslin nümayəndəsi olaraq nə qədər dövlət təcrübəsinə malik idisə, onun varisi və xələfi cənab İlham Əliyev də gənc yaşlarından təcrübəli dövlət başçısı kimi eyni cür fəaliyyət göstərir. O baxımdan bu məsələdə subyektiv və fərdi keyfiyyətləri önə çəkmək lazımdır. Konkret "parlamentdə yaşlılar və ya gənclər olmalıdır” fikri doğru yanaşma deyil.

- Son olaraq seçkilərdən gözləntiləriniz nədir? İddia olunduğu kimi parlamentin siması dəyişəcəkmi?

- Mən cənab Prezidentin bütün çıxışlarını diqqətlə izləyirəm. Ölkə başçısı siyasi açılımı, yeniliyi dəstəkləyir. Əslində mənim siyahını gözləməyimin səbəblərindən biri də odur ki, YAP-ın namizədlər korpusundan növbəti 5 il üçün siyasətin dizaynı ortaya çıxacaq. Yəni o korpusun tərkibi hakim partiyanın ölkə siyasətinə münasibətini ifadə edəcək. Əlbəttə, dəyişiklik gözləyirik, daha doğrusu, bunu arzulayırıq. Çünki dəyişiklik, yenilik ancaq və ancaq dövlətə, xalqa xeyir gətirər. Təbii ki, parlamentdə radikal dəyişiklik olacağını demək olmaz. Amma ən azından islahatçı tərkibə ehtiyac var. İllərlə Milli Məclisdə yer alıb heç bir çıxış etməmək parlament adına hörmətsizlikdir.

İsmayıl