“Aslanın erkəyi, dişisi olmaz”

Qadınların orduya getmək həvəsi artıb





"Ölkəmizdə əvvəlki illərlə müqayisədə hərbi xidmət keçmək istəyən qadınların sayı xeyli artıb”. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmisi, polkovnik Malik Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda qadınlara şərait yaradılıb ki, SHXÇDX-yə müraciət etmədən istənilən qoşun hissəsində qulluq etmək üçün özləri fərdi qaydada müraciət edə bilərlər:

"19 yaşdan 40 yaşadək qadınlar və ehtiyatda olan zabitlər yaşayış yeri üzrə adıçəkilən xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi qeydiyyata alındıqdan sonra onlar hərbi biletlərlə təmin edilirlər. Eləcə də hərbi qeydiyyata götürüldükdən sonra qadın vətəndaşlar könüllü surətdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər”. "Azərbaycan Ordusu” qəzetinin sabiq baş redaktoru, hərbi ekspert İbrahim Rüstəmli "Şərq”ə açıqlamasında qeyd edib ki, yarandığı ilk günlərdən Azərbaycan ordusunda qadınların orduya çağırılması ənənəsi olub: "Hələ 90-cı illərin əvvəllərində döyüşən ordumuzun sıralarında kifayət qədər qadın xidmət edib. Hətta döyüş əməliyyatlarında yüksək qəhrəmanlıq nümunələri göstəriblər. Onların bir qismi rabitə sistemində, bir qismi tibb sistemində, bir qismi isə döyüşlərdə iştirak edib. Yəni bu ənənə ordumuzda çoxdan mövcuddur. Qadınların orduda xidməti üçün heç bir məhdudiyyət qoyulmayıb. Meyarlara uyğun gələn kadrlar seçilib, müvafiq

xidməti yerlərə təyin ediliblər. Qadınların orduya meyl etməsinə dair irəliləyişi son dövrlərdə ali hərbi məktəblərimizdə təhsil almaq istəyən gənc qızlarımızın fonunda gördük. Bir sözlə, gənc qızlar ali hərbi məktəblərə üz tutdular və orada peşəkar hərbi kadr kimi yetişdilər”. Qadınların orduya meyillənməsini yüksək dəyərləndirən İ.Rüstəmli qeyd edib ki, aslanın erkəyi dişisi olmaz: "Qadınlar döyüş sahələrində də çox məharətlə iştirak edə bilirlər. Onlar silah arxasında daha soyuqqanlı olurlar. Əl əsmir və hədəf daha dəqiq vurulur. Məsələnin psixoloji tərəfi bununla bağlıdır”. Həmsöhbətimizin fikrincə, qadınların orduda xidmətinə qeyri-adi baxılmamalıdır: "Şəxsən mən bunu normal sayıram və bundan sonra da müsbət qarşılayacam. Doğrudur, bəziləri "bu, mentalitetimizə yaddır” deyib, qadınların orduda xidmətini süngü ilə qarşılayır. Amma bu doğru yanaşma deyil. Onu da əlavə edim ki, ordumuzda həmişə kifayət qədər qadın xidmət edib. Son zamanlar məlum məsələdən daha çox danışılır deyə, düşünürlər ki, yenilikdi. Amma bu yenilik deyil. Bir daha söyləyirəm ki, həmin ənənə əvvəlcədən də mövcud olub”.

Ayyət Əhməd