11053

...Benzinin qiyməti mütləq ucuzlaşmalıdır




Benzinin ucuzlaşması yenidən gündəmə gəlib. İddialara görə, son neçə aydır ki, dünya bazarında neftin qiyməti xeyli ucuzlaşıb. Bunun nəticəsində bir çox ölkələrdə benzinin qiymətində azalmalar var. Buna rəğmən Azərbaycanda xaricdən idxal edilən "Premium” benzinin (Avro 95) qiymətində azalma müşahidə edilmir.

Hətta iqtisadçı, millət vəkili Vahid Əhmədov da söyləyib ki, benzinin qiyməti dəyişməlidir. Deputatın fikrincə, qiymətlərin ucuzlaşması üçün benzinin neçəyə başa gəlməsinə, hansı emaldan keçməsinə və necə istehsal olunmasına baxmaq lazımdır: "Elə benzin var ki, bizdə istehsal olunmur və xaricdən idxal olunur. Bu məsələyə Tarif Şurasında baxılmalıdır və orada qərar verilməlidir. Çünki dünya bazarında neftin qiyməti kəskin aşağı düşübsə, ölkəmizdə benzinin qiymətində də müəyyən dəyişikliklər olmalıdır.

İqtisadçı-ekspert Natiq Cəfərli də deyir ki, sözügedən markalı benzinin qiyməti ucuzlaşmalıdır: "Premium” markalı benzinin qiymətinin tənzimlənməsi Tarif Şurasından (TŞ) çıxarıldı. TŞ və SOCAR-ın açıqlaması var idi ki, artıq bu markalı benzinin qiyməti rəqabətli bazar şəraitində formalaşacaq. Onun qiymətini oyunçuların özləri müəyyən edəcəklər. Aradan iki il keçməsinə baxmayaraq bu günə qədər qiyməti 95 qəpik olaraq qalır. Doğrudan da, onun qiyməti rəqabətli bazar mühiti ilə formalaşmalı idisə, ən azından ayda bir dəfə də olsa, müəyyən oynaqlıqlar müşahidə olunardı və yaxud hansısa ayrı-ayrı yanacaqdoldurma məntəqələrində qiymətlər fərqli olardı. Məsələn, Gürcüstanda "Premium” markalı benzinin qiyməti hər məntəqədə bir az

fərqlidir. Benzin satışı ilə məşğul olan hər şirkətin öz qiymət siyasəti var. Amma Azərbaycanda ölkəyə benzin gətirən şirkət bir mərkəzdən idarə olunduğundan rəqabətli mühit yaranmadı”.

Ekspertin fikrincə, ölkəyə benzin gətirən şirkət SOCAR-a bağlıdır deyə, qiyməti özləri müəyyənləşdirir: "Bu rəqabətsizlik mühiti qiymətlərin dəyişməməsinə şərait yaradır. 2013-cu il dekabr ayının 2-də bu qərar veriləndə dünya bazarında neftin qiyməti 120 dollar idi. Onda ölkəmizdə "Premium” markalı benzinin qiyməti 95 qəpik müəyyən olundu. Bu gün artıq həmin markalı neftin qiyməti 48 dollara, yəni 2 dəfədən də çox aşağı düşüb. Amma onun qiyməti ölkəmizdə 95 qəpikdə qalır. Bu çox anormal hadisədir. Əslində belə olmamalıdır”.

N.Cəfərli hesab edir ki, qiymətin dəyişilməz qalması iki məsələni önə çəkir: "Birincisi, sübut edir ki, Azərbaycanda liberal bazar dəyərləri və rəqabət mühiti yoxdur. İkincisi odur ki, benzini gətirmək istəyən iqtisadi subyektlərə bazar girişində müəyyən əngəllər törədilir. Maneələr aradan qalxıb, rəqabətli mühiti yaransa, bu sahədə qiymətlərin tənzimlənməsini dünya bazarında gedən proseslər müəyyən edər. İndiki vəziyyət onu göstərir ki, benzinin qiyməti bir mərkəzdən idarə olunur”.

Ayyət Əhməd