Həbsxanada məhbus məhbusun qanını tökdü

Qətl hadisəsinə görə nəzarətçilər mütləq cəzalandırılmalıdır
Elçin Behbudov: “Yeməkxanada bıçaq da olur, ət baltası da. Nəzarət belə zəif olacaqsa, hər məhbus əlinə bıçaq alıb düşər o biri məhbusların üstünə”


Azərbaycanın cəzaçəkmə müəssisələrində son günlər xoşagəlməz hallar yaşanır. Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində qətl hadisəsi baş verib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə baş verib. Nəticədə F.Hüseynov yeməkxanadan götürdüyü bıçaqla H.Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər hadisə isə Ədliyyə Nazirliyinin müalicə müəssisəsində baş verib. Ömürlük həbs cəzasına məhkum edilmiş və Qobustan qapalı təcridxanasında cəzasını çəkən Əlaqif Abbasov bir müddət əvvəl yerləşdirildiyi müalicə müəssisəsində vəfat edib. Palata yoldaşları məhkumun qəfildən təngənəfəs olduğunu və dünyasını dəyişdiyini deyiblər. Lakin məhkumun başqa səbəblərdən öldüyü və ya qəsdən öldürülməsinə dair də müxtəlif şayiələr dolaşmaqdadır.

Hər iki halla bağlı "Şərq”ə açıqlama verən Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bildirdi ki, cəzaçəkmə müəssisələrində daimi nəzarət sistemi işləməlidir:

- Orda hər şey nəzarət altındadır və nəzarət altında da olmalıdır. Bilirlər ki, orada cəza çəkənlər ağır cinayətlər törətmiş və ya bir neçə məhkumluğu olan adamlardır. Necə olur ki, məhbus başqa bir məhbusla mübahisə edir, mübahisə qızışır və məhbus yeməkxanaya gedib bıçağı götürür və digər məhbusu qətlə yetirir?! Bəs nəzarətçilər haradadır, hara baxırlar, niyə məsələyə dərhal, vaxtında müdaxilə etməyiblər? Qətl hadisəsi baş verən müəssisədə ya nəzarət zəif olub, ya da məhbusa qətl hadisəsini törətmək üçün imkan yaradılıb. Axı bu, cəzaçəkmə müəssisəsidir. Yeməkxanada bıçaq da olur, ət baltası da. Nəzarət belə zəif olacaqsa, hər məhbus əlinə bıçaq alıb düşər o biri məhbusların üstünə. Məhbuslar arasında biri-biri ilə münasibətləri gərgin olan, ədavət saxladıqları məhkumlar ola bilər. Mümkündür ki, bu adamlar biri-birinə zərər yetirmək üçün fürsət gözləsin. Bunun qarşısını gərək nəzarətçilər alsınlar. Nəzarətçilər daim ayıq-sayıq olmalı, xüsusən də kəsici alətlərin, insan sağlamlığına zərər vura biləcək əşyaların məhbusların əlinə keçməsinə imkan verməməlidirlər. Günah nəzarətçilərdədir. Onlar mübahisəyə vaxtında müdaxilə etməyiblər, bıçağın yeməkxanadan götürülməsinə mane olmayıblar. Bəlkə də özləri buna şərait, imkan yaradıblar. Hər şey ola bilər.

Müalicə müəssisəsindəki ölüm hadisəsinə gəlincə, E.Behbudov bu işin də ciddi araşdırma tələb etdiyini dedi:

- Əgər mərhumun yaxınları, qohumları narazılıq edirlərsə, mən bunu başa düşürəm. Araşdırılmalıdır ki, bu məhbus sağlamlığından, ürək tutmalarından şikayət edirdimi, səhhəti ilə bağlı narahatlığı vardımı? Bilirsiz, cəzaçəkmə müəssisəsindəki hər hansı bir ölüm və ya qətl hadisəsi məhkumların yaxınlarını həmişə narahat edir. Çünki bir var, insan öz evində, doğmalarının yanında vəfat etsin, bir də var qapalı müəssisədə. Qapalı bir yerdə baş verən ölüm və ya qətl hadisələri ətrafında şayiələr dolaşır, şübhələr yaranır. Məhbusun doğmaları da nədənsə şübhələnirlər. Belə şeylər təbiidir. Ümumiyyətlə, sentyabr və mart ayları həmişə çətin keçir. Mövsüm dəyişikliyi olduğu üçün xüsusən qapalı müəssisələrdə saxlanılanların sağlamlığına diqqət artırılmalıdır.

E.Behbudov cəzaçəkmə müəssisələrində baş verən hadisələrə görə nəzarətçilərin də ciddi cəzalandırıldığını bildirdi:

- Qətl hadisəsini törətmiş məhbusun əlbəttə, cinayət işinə biri də əlavə olunacaq. Bildiyim qədər, bu məhbus "ömürlük”lərdəndi. Onun cəzasının nə vaxtsa azaldılacağına olan azacıq ümid də bundan sonra artıq əriyir. Amma eyni zamanda həmin vaxt növbədə olan nəzarətçilər də cəzalanmalıdır. Oxşar hallarda bəzən nəzarətçiləri işdən xaric edir, yaxud da cəza verirlər. İndi də belə olmalıdır. Çünki qətl hadisəsinin törədilməsinə görə nəzarətçilər böyük məsuliyyət daşıyırlar.

Məlahət Rzayeva