Ermənistan PKK üçün ikinci Qəndildir

“Türkiyə dövlətinə qarşı kürdlər ilə ermənilərin ittifaqını təmin etmək istəyən qüvvələr var”



Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və sabiq millət vəkili Sinan Oğan Ermənistanın PKK üçün ikinci Qəndil (PKK-çıların əsas sığınacağı) yeri olduğunu bildirib.

S.Oğan deyib ki, Türkiyənin İğdır vilayətinin davamlı PKK tərəfindən təhdid edilməsi və burada PKK-nın terror aktları törətməsi göstərir ki, PKK Ermənistanı özünə ikinci Qəndil hesab edir. O qeyd edib ki, heç kim "Kürdüstanı” Ermənistanla birləşdirməyi xəyal belə etməsin. PKK-Ermənistan əlaqəsi ilə bağlı "Şərq”ə danışan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, PKK terrorçularının Ermənistan ilə sərhəd əraziləri nəzarətə götürmək planı gizli deyil. Bu plan əslində PKK terrorçularının da deyil, onlar sadəcə icraçıdır: "Kandil PKK üçün qərargah rolunu oynayırsa, Ermənistan dövləti də illərdir ki, PKK üçün əsas dəstəkçi funksiyasını yerinə yetirir. Ermənistan ilə PKK arasındakı əlaqə hələ SSRİ dağılmamışdan əvvəl erməni terror təşkilatları ilə PKK arasındakı əlaqənin davamıdır. Bu da böyük bir layihənin tərkib hissəsidir. Tarixən və xüsusilə də 20-ci əsrin əvvəlində kürdlər və ermənilər arasında baş verən qanlı qarşıdurmalar, erməni silahlı dəstələrinin o ərazilərdə törətdiyi qətliamlar unutdurularaq, Türkiyə dövlətinə qarşı kürdlər ilə ermənilərin ittifaqını təmin etmək istəyən qüvvələr var. Onlar da PKK vasitəsi ilə buna müəyyən dərəcədə nail oldular”.

Politoloqun sözlərinə görə, PKK-nın quruluşunda erməni amili öz rolunu oynayıb: "Hərbi təlimlər, maddi-texniki təminat məsələsində, lobbiçilikdə ermənilərin mühüm rolu var. PKK içərisində nə qədər erməninin açıq və gizli formada fəaliyyət göstərdiyinə dair faktlar var. Avropa televiziyalarının PKK ilə bağlı videoçəkilişlərinə baxmaq bunları görmək üçün kifayətdir. Bunlar da hamısı PKK-nın varlığını davam etdirməsi və Türkiyəyə zərər verməsi üçün vacib amillərdir.

Yəni PKK-Ermənistan əməkdaşlığı şübhə doğurmur. Bu əməkdaşlıq təəssüf ki, regionda terrora, işğalçılığa, sabitliyin, sülhün, əməkdaşlıq mühitinin pozulmasına, rifahın azalmasına, hüquq və azadlıqların ayaqlar altında qalmasına, məsum insanların ölümünə səbəb olur. Ümid edirik ki, bunun qarşısında Azərbaycan-Türkiyə əməkdaşlığı və beynəlxalq aləmin düzgün mövqeyi müsbət nəticələrin yaranmasına, terrorun və işğalçılığın başa çatmasına imkan yaradacaq”.

Siyasi ekspert Arzu Nağıyev də kürd və erməni terrorçularının geniş əlaqədə olduğunu bəyan edib: "MHP, CHP və digər özlərini müxalif hiss edən partiyalar Türkiyənin bugünkü durumunda öz sinələrini kənara çəkməməlidir. Onların arasındakı daxili savaş, öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmaları HDP deyilən bir PKK dəstəkçisi olan partiyanın yaranmasına səbəb oldu. Təbii ki, AKP də demokratiya adı altında buna yaşıl işıq yandırdı”.

A.Nağıyev deyib ki, HDP-nin seçkilərdə qalib gəldiyi bölgələr məhz ermənilərin və kürdlərin kompakt yaşadığı ərazilərdir: "Bu bölgələrdən biri də təəssüf ki, İğdırdır. PKK-nın istər Asala, istərsə də digər cinayətkar və terror qrupları ilə əlaqələri birmənalı şəkildə var. Onlar bəzi əməliyyatlarını birgə aparırlar. Çünki hər iki güc bir mərkəzdən idarə olunur. Hər iki qurumun havadarları onları silah və maliyyə ilə təmin edir. Göründüyü kimi, dünyanın ən döyüşkən ordularından biri kimi tanınan Türkiyə hərbi qüvvələri PKK ilə mübarizəni istənilən səviyyədə apara bilmir. Bunun da səbəbi həmin havadarlardır. Türkiyə ordusu zəifləməyib, əksinə, PKK öz havadarları hesabına güclənib və burada erməni lobbisinin də rolu danılmazdır. Köməklik həm silah, həm hərbi hazırlıq, şəxsi heyət, həm də maliyyə dəstəyi səviyyəsindədir. Təbii ki, kəşfiyyat xarakterli məlumatlar da ötürülür”.

İsmayıl