Tıxaclardan qurtulmağın yolu bu deyil

Bakının girişlərində duracaqlar tikilir

                                                                                                                                                                                     



Nə az, nə çox, düz 5 gündən sonra rayon qeydiyyatında olan minik avtomobilləri gündüz saatlarında Bakıya buraxılmayacaq. Paytaxta gəlmək istəyən rayon sakini maşınını şəhərin

girəcəyində ayrılmış xüsusi duracaqlarda saxlayıb, oradan avtobusla, metro ilə, taksi ilə hərəkətinə davam etməli olacaq. Artıq Bakının şimal və cənub girişində duracaqların tikintisi başa çatdırılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, şəhərin şimal girişindəki duracaq Bakı-Quba yolunun 160-cı km-də, Abşeron Gənclər şəhərciyi yaxınlığında, şəhərin cənub girişindəki duracaq Bakı-Ələt yolunun 14-cü km-də, Lökbatan dairəsinin yaxınlığındadır. Onun sözlərinə görə, duracaqlar rayon qeydiyyatında olan avtomobillərin saxlanılması üçün tam hazırdır. Hazırda duracaqlarda yeməkxana və kommunal xidmət obyektlərinin tikintisi tamamlanır. Bu ödənişsiz duracaqlar xidmət obyektləri də daxil olmaqla, sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillər üçün istifadəyə veriləcək. Duracaqların sahələri 10-12 hektardır.

Qeyd edək ki, sözügedən qadağa rayonlardan gələn, xəstə insanların olduğu minik avtomobillərinə şamil edilmir. Yol polislərinə tapşırıq verilib ki, xəstə insanların olduğu minik avtomobillərinin Bakıya buraxılmasında heç bir problem olmasın. Bəs, yol polisləri xəstələri necə ayırd edəcək?

Bəlkə, polislərə insanın sifətinə baxan kimi onun xəstə olub-olmadığını bəlli edən aparatlar paylanacaq?!

Ölkə yollarına və qanunlarına bələd olan Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov bu qadağanın yalnız insanlara əlavə problemlər yaradacağını və narahatlığa səbəb olacağını deyib: "Rayon qeydiyyatlı avtomobillərin gündüz saatlarında paytaxta buraxılmaması çox ciddi problemlərə yol açacaq. Abid Şərifovun açıqlamasını oxuyan kimi ilk olaraq mənim də diqqətimi xəstə insanların olduğu minik avtomobillərinə heç bir qadağa qoyulmaması məsələsi çəkdi. Sözün açığı, mənim üçün də çox maraqlıdır ki, onlar avtomobildəki insanların xəstə olub-olmadığını necə müəyyən edəcək? İstənilən vətəndaş Bakıya daxil olmaq üçün əlində dərman özünü xəstəliyə vura bilər. Belə çıxır ki, xəstə insanları şəhərə gətirmək üçün yerli xəstəxanalardan arayış alınmalıdır? Məncə, bu qərarın əlavə çətinlikləri çoxdur. Nəzərə almaq lazımdır ki, xəstəlikdən əlavə eksterimal hallar da ola bilər”.

Meqapolis şəhərlərin bu təcrübədən yararlandığını vurğulayan S.Məmmədovun sözlərinə görə, əsas məsələ düzgün mexanizmi tətbiq etməkdir: "Çinin elə şəhərləri var ki, hətta həmin şəhərə məxsus avtomobillərin sürülməsi üçün günlər müəyyən olunur. Yəni, nömrələrə uyğun olaraq cüt-tək günlər müəyyən olunur. Eləcə də, rayon qeydiyyatlı maşınların şəhərə buraxılmasına xüsusi məhdudiyyətlər qoyulur. Bu mənada Azərbaycanda da həmin mexanizmin tətbiqi başadüşüləndir, çünki doğrudan da paytaxtda nəqliyyatın hərəkəti həddindən artıq çoxdur. Amma dediyim kimi, əsas məsələ bu qaydaların Azərbaycanda problemsiz həyata keçirilməsindədir. Bunun da mümkün olacağını zənn etmirəm”.

S.Məmmədovun sözlərinə görə, şəhərin girəcəyində ayrılmış xüsusi duracaqların ödənişsiz olması da əlavə xərclər tələb edəcək: "Açıq məsələlər çox olduğu üçün bu problemin tənzimlənməsinin sona qədər başa çatacağını zənn etmirəm”.

Rayon nömrəli maşınların Bakıya girişinə tətbiq edilən məhdudiyyətlə bağlı danışan hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, DYP-nin sadəcə rayon nömrəsi ilə olan avtomobilləri müəyyən edilmiş saat çərçivəsində Bakıya buraxmamağa dair qərarı, sadəcə rayon nömrələrinə tətbiq edildiyi üçün Konstitusiyaya ziddir və heç bir qanuni əsası yoxdur.

Ə.Məmmədli konstitusiyanın 28-ci və 29-cu maddələrini əsas gətirərək qeyd edib ki, avtomobildən istifadəyə məhdudiyyət qoymaq ancaq qanuni əsaslarla məhkəmə qaydasında mümkün ola bilər: "Sadəcə, rayon nömrəli maşınları və onunla hərəkət edən sərnişinləri şəxsi əmlakından istifadə etməklə Bakı şəhərinə buraxmamaq sosial mənsubiyyəti baxımından insanları fərqləndirməkdir. Burada rayonlu-şəhərli fərqləndirməsi var. Bu, ayrıseçkilikdir. Konstitusiyanın 25-ci maddəsi mənşəyindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq bərabərliyinə təminat verib: "İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.

Hüquqşünasın qənaətincə, məktəblər açıldıqdan sonra yolların kənarında maşınların saxlanılması tam qadağan edilməli, ayrıseçkilik edilmədən bütün maşınlar cərimə meydançasına aparılmalıdır: "Siz bir sorğu verin, görün hansı seriyalı neçə maşın bugünədək cərimə meydançasına aparılıb? Amma məhz həmin maşınlar tıxac yaradır. Əks yönə girir, istədikləri yerdə durur və dayanırlar. Rəşid Behbudov küçəsində monitorinq aparın və baxın 100 avtomobilin neçəsi rayon nömrəlidir? Mən müşahidə etmişəm. Hər 100 maşından bir maşın ya olur, ya olmur. Bu qadağa şəhər nəqliyyatına təsir etməyəcək. Tıxacları aradan qaldırmağın yolu bu deyil”.

Ə.Məmmədlinin sözlərinə görə, hüquq əllərə tutuşdurulan qanunsuz əmrlər, qərarlar deyil: "Hüquq toplumu ədalətlə, bərabərlik prinsipinə sadiq idarə edəcək adil qaydaların-tənzimləmələrin toplusudur”.

Şəymən

Qəribədir həyat...

"Kədərimə ağlama,

payız”ın ruhu ilə sevimli sənətkarın taleyi arasında

bir hikmət yarandı