Linkolndan danışmağın nə mənası var ki?

“Uorlik Kolonizatorların mübarizəsi ilə Dağlıq Qarabağ savaşını eyniləşdirirsə, onun tarixi savadına sözüm yoxdur”




ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ sülh prosesi ilə bağlı yeni bəyanatla çıxış edib. Bəyanatda deyilir: "Abraham Linkoln bizi siyasətlə müharibədən sülhə apardı və tariximizdə yeni səhifə açıldı. Regiona sülh və barışıq gətirmək üçün Ermənistan və Azərbaycanda cəsarətli Linkoln varmı? Regionun xalqları yan-yana sülh, təhlükəsizlik və əmin-amanlıq içərisində yaşamağa hazırdırmı?”

Həmsədrin bəyanatını şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Şərq”ə bildirib ki, Amerikada mübarizə kolonizatorların arasında idi: "Onlar hinduları qırıb, böyük ərazilər tutdular. Sonra da işğal etdikləri əraziləri öz aralarında bölüşə bilmədilər. Şimal və Cənub müharibələri başladı. Uorlik Kolonizatorların mübarizəsi ilə Dağlıq Qarabağ savaşını eyniləşdirirsə, onun tarixi savadına sözüm yoxdur. Ölkəmizin 20 faiz ərazisi işğal edilib. İndi Azərbaycan torpaqlarının geri qaytarılmasını tələb edir. Lakin nail ola bilmir. Hətta işğalçı ölkəyə beynəlxalq hüquq normaları tətbiq edilmir. Bu Uorlikin xidmətləri nədən ibarətdir? Öz torpaqlarını işğaldan azad etmək istəyən ölkəyə A.Linkolndan danışmağın nə mənası var ki? A.Linkoln eyni dildə və eyni qayə ilə yaşayan insanları vahid dövlətdə birləşdirmək məqsədilə barış prosesini həyata keçirdi. İngilisi ingilislə döyüşməyə imkan vermədi. Amma Dağlıq Qarabağ münaqişəsində vəziyyət fərqlidir. Ermənistan Azərbaycanın torpaqlarını ələ keçirib. Yəni Uorlik qəsbkarla, işğala məruz qalan ölkəni fərqləndirə bilmirsə, ona sözüm yoxdu”. Ekspertin qənaətincə, həmsədr bu fikirləri ilə özünün tarixi bilgisizliyini ifşa edib: "Hadisələri eyniləşdirmək olmaz. Baxın, onlar Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü tanıyırlar. Amma Azərbaycan gələndə susurlar. Həqiqəti bilmədən ağzına gələni danışmaq diplomata yaraşan hərəkət deyil. Gerçəklik odur ki, Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Həmin ərazilərdə yeni bir erməni dövləti yaratmaq istəyirlər. Məsələn, Amerikada yarım milyona yaxın erməni yaşayır. Onda onlar muxtariyyət istəyib, dövlət qurmaq istəsə, ABŞ bununla barışa bilər? Uorlik tez-tez danışır və çoxsaylı yanlışa yol verir. Ona məsləhətim budur ki, danışmaq deyil, iş görmək lazımdır”.

Ayyət Əhməd