Qara kampaniya başlayıb, amma keçməz...

Dünyanı qana sürükləyənlər öz daxilindəki problemləri həll etməmiş təzyiq dili ilə danışır
Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycan siyasilərini hiddətləndirdi





Avropa Parlamenti (AP) Azərbaycana dair qətnamə qəbul edib. Sənəddə Azərbaycanda olan "bütün siyasi məhbusların, insan haqları müdafiəçilərinin və digər vətəndaş cəmiyyəti fəallarının” dərhal və şərtsiz azadlığa buraxılması tələb olunur.

Qətnamənin heç bir əsasa söykənmədiyini deyən "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev söyləyib ki, Azərbaycan xalqının həyatında ciddi önəm daşıyan parlament seçkiləri ərəfəsində AP-nin ölkəmizə qarşı qərəzli mövqedən çıxış etməsi onların məkrini aydınca ortaya qoyur: "İlk Avropa Oyunları ərəfəsində də sözügedən təşkilat Azərbaycana qarşı qara piar kampaniyası aparırdı: "Bu, birinci dəfə deyil. Ölkəmizdə 2013-cü ildə baş tutan Prezident seçkilərində və ötən parlament seçkilərində də bunun şahidi olmuşuq. Onlar Azərbaycana qarşı həmişə qərəzlidir. Budəfəki qətnamə heç bir əsasa və həqiqətə söykənmir. Əslində AP-nin iç üzünü açıb, dünya ictimaiyyətinə göstərir. Onlar Azərbaycan vətəndaşında Avropaya qarşı nifrət hissi yaradırlar”.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, AP Azərbaycanı əsassız yerə ədalətsizlikdə qınamaqdansa, gedib, özlərinin yaratdıqları problemləri yoluna qoysunlar: "Baxın, bu günlərdə Suriya və bir sıra ölkələrdən Avropaya pənah gətirən miqrantlar var. Avropa onlara qarşı çox kəskin mövqe sərgiləyir. Hətta onlar körpə uşaqlara belə qıyırlar. Avropa öz daxilindəki problemləri araşdırıb yoluna qoysa, daha yaxşı olar. Sonda bir daha qeyd edirəm ki, bu qətnaməni ciddiyə almaq lazım deyil. Ona görə ki, burada ölkəmizi ləkələmək niyyətləri aydınca görünür. Azərbaycanın müstəqilliyini, inkişafını, ölkəmizdəki sabitliyi gözləri götürmür”.

Millət vəkili Çingiz Qənizadə vurğulayıb ki, qətnamə bir daha sübut etdi ki, AP bir çox siyasi qurumların və dairələrin əlində siyasi alət-oyuncağa çevrilib: "Sənədə Avropadakı ermənipərəst, o cümlədən anti-türk, anti-müsəlman, islamafob dairələrin Avropa Parlamentinin üzvlərinin bir hissəsinin "ələ almaları”nın nəticəsidir. Adətən Azərbaycanda mühüm tədbirlər ərəfəsində təşkilatın bu cür qətnamələr qəbul etməyə cəhd göstərməsi yenilik deyil. Azərbaycanda parlament seçkilərinə 50 gün qalmış AP-nin satın alınmış ayrı-ayrı fraksiyalarının təzyiqi nəticəsində AP tərəfindən belə qərəzli, həqiqətə söykənməyən, Azərbaycanın daxili işlərinə qarışaraq məhkəmə hakimiyyətinin qəbul etdiyi qərarları şübhə altına alan, böhtan və iftiralarla dolu qətnamənin qəbulu məhz parlament seçkilərinin nəticələrini indidən şübhə altına almağa hesablanıb. Ölkədə vətəndaş cəmiyyətinin, QHT-lərin, siyasi partiya və mətbuatın azad fəaliyyəti üçün yaradılmış şəraiti görmək istəməyən Avropa Parlamenti ölkə qanunvericiliyinin tələblərini pozan və həbs edilmiş bir neçə şəxsə görə ölkə haqqında mənfi imic formalaşdırmaq niyyəti ilə etdiyi bu cəhdlər və qəbul etdiyi belə qətnamələrin bir adı vardır - riyakarlıq!”

Millət vəkili Vahid Əhmədov qeyd edib ki, AP-nin Azərbaycan əleyhinə qətnamə qəbul edəcəyini gözləyirdi: "Etiraf edim ki, son illər Avropada, ümumiyyətlə, Qərbdə normal məntiqlə izah olunmayan proseslər yaşanır. Avropa, Qərb bir tərəfdən insan haqlarını, söz və mətbuat azadlığını əsas gətirərək Azərbaycan kimi ölkələrə təzyiq edirlər, digər tərəfdən özləri heyrət doğuracaq dərəcədə qərəzli və fitnəkar siyasət yürüdür. Bununla da yarım əsr ərzində söykəndikləri Avropa dəyərlərinə sarsıdıcı zərbə vururlar. Bununla da Avropaya inteqrasiya istəyində olan dövlətlərin və xalqların inamı sarsılır”.

V.Əhmədovun fikrincə, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdən Avropa məkanının bərabərhüquqlu üzvü olmaq istiqamətində səmimi siyasət yürüdüb: "Rusiya faktorunu nəzərə alaraq həmişə balanslı siyasət yürütməsinə baxmayaraq, Azərbaycan hakimiyyəti birmənalı olaraq Qərbə inteqrasiyada maraqlı olduğunu təkcə bəyanatlarında deyil, əməli fəaliyyətində ortaya qoyub. Azərbaycanın da əsas iştirakçı olduğu transmilli enerji və nəqliyyat layihələrini xatırlamaq kifayətdir ki, bizim Avropa məkanı üçün necə əvəzolunmaz bir ölkə, bir strateji müttəfiq olduğumuz bəlli olsun. Amma görünür, Azərbaycanın bu qədər səmimi tərəfdaşlıq təşəbbüsləri onlara azlıq edir və buna görə də ikibaşlı siyasət yürüdənlər, bulanıq suda balıq tutmaq həvəsinə düşən ermənipərəst dairələr hər addımda Azərbaycanı gözdən salmaq siyasəti yürütməyə cəhd edirlər. Amma hər şərdə bir xeyir olduğu kimi, Avropa Parlamentinin Azərbaycandakı parlament seçkiləri öncəsi şərə xidmət edən bu qətnaməsi bizi dostumuzla düşmənimizi bir daha saf-çürük etməyə vadar edir. Azərbaycan erməni işğalına məruz qalsa da, hələ də Avropadan, Qərbdən real dəstək əldə edə bilməyib və bu o deməkdir ki, əslində həmin dairələr də erməni dəyirmanına su tökürlər. Biz bu cür qətnamələrdən usanmamalıyıq, əksinə, daha da güclənməliyik. Nəticədə onlar öz əməllərindən peşman olacaqlar”.

Millət vəkili Leyla Abdullayeva da diqqətə çatdırıb ki, AP-nin qəbul etdiyi qətnamə qərəzli xarakter daşıyaraq ikili standartlardan çıxışın növbəti nümunəsidir: "Bu cür siyasətin yürüdülməsi olduqca yanlışdır. Çünki ikili standartlardan, ikili mövqedən ən çox əziyyət çəkən ölkələr məhz elə müsəlman ölkələridir. Azərbaycana gəlincə, onlar bu cür təxribat xarakterli bəyanatlarla dövlətimizin əldə etdiyi uğurlara kölgə sala bilməyəcəklər. Torpaqları işğal olunan da, 1 milyondan artıq insanı öz yurd-yuvasından didərgin salınan da Azərbaycandır. Aqressiyaya məruz qalan ölkə də bizik. Bəs görəsən, Ermənistana qarşı Avropa Parlamenti niyə bir sanksiya tətbiq etmir? Nədir bunların dərdi?”.

Millət vəkili söyləyib ki, ölkəmizdə keçiriləcək parlament seçkiləri ərəfəsində beynəlxalq təşkilatlar Azərbaycan kimi tolerant bir ölkəyə qarşı təzyiq mexanizmlərini işə salmağa çalışırlar: "Əminlikə deyə bilərəm ki, bunun heç bir nəticə və effekti olmayacaq. Azərbaycan bu gün stabillik və inkişaf məkanıdır. Bölgədə gedən prosesləri daim diqqət mərkəzində saxlayır. Görünür, kimlərinsə dövlətimizin apardığı azad və müstəqil siyasəti xoşuna gəlmir. Bunların arxasında birmənalı olaraq erməni lobbisi, dünya erməniliyi dayanıb. Cənab Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, bizim bir nömrəli düşmənimiz ermənilərdir”.

Millət vəkili, Azər Kərimli vurğulayıb ki, AP-nin son iclasında müzakirə olunmadan qəbul olunan qətnamə Azərbaycana qarşı qərəzli mövqenin bariz nümunəsidir: "Hər hansı komitədə müzakirə olunmadan qəbul edilən qətnamə bizə qarşı olan qərəzin göstəricisidir. Uzun illərdir Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərir. Bütün sahələr üzrə güclü və məqsədyönlü siyasət yürüdür, bu da təbii ki, bəzi qüvvələrin maraqlarına uyğun deyil. Həmin qüvvələr bütün imkanlarından istifadə edib, Azərbaycana qarşı belə qərəzli mövqe nümayiş etdirirlər”.

Ayyət Əhməd