Millət vəkilləri rayon əhalisini müdafiə etdi

Rayon maşınlarına qadağa qoyulması insanların hüquqlarını pozur




Sentyabrın 15-dən etibarən rayon qeydiyyatında olan minik avtomobilləri gündüz saatlarında Bakıya buraxılmayacaq. Paytaxta gəlmək istəyən rayon sakini maşınını şəhərin girəcəyində ayrılmış xüsusi duracaqlarda saxlayıb, oradan avtobus, metro və ya taksi ilə hərəkətinə davam etməli olacaq. Artıq Bakının şimal və cənub girişində duracaqların tikintisi başa çatdırılıb. Duracaqların sahələri 10-12 hektardır.

Qadağa rayonlardan gələn xəstə insanların olduğu minik avtomobillərinə şamil edilmir. Sözügedən qərar ictimaiyyətdə ciddi narazılığa səbəb olub. Qadağaya etiraz edən hüquqşünaslar bunun ayrıseçkilik və qanuna zidd olduğunu deyiblər. Digər ekspertlər də hesab edirlər ki, bu məsələ paytaxtdakı tıxac problemini həll etməyəcək. Çünki artıq avtomobil sahibi olan rayon sakinləri dövlət nömrə nişanlarını Bakı nömrəsi ilə dəyişməyə başlayıblar.

Məsələyə münasibət bildirən millət vəkili Aqil Abbas "Şərq”ə deyib ki, rayon maşınlarına qadağa qoyulması insanların hüquqlarını pozur: "Necə yəni rayon maşını şəhərə buraxılmasın?! Məgər Bakıda yaşayan Aqil Abbas rayondan gələn adamdan artıqdır? Ya rayondan gələn bizdən əskikdir? Mənim maşınım var, özüm hara istəyirəm sürüb gedirəm, niyə maşınımı tərk edib avtobusa minməliyəm. İndi deyirlər ki, yalnız xəstələr buraxılacaq. Onda Bakıya gələn hər kəs rayondan xəstəlik kağızı alıb üz tutacaq paytaxta. Məsələni həll etməyin başqa yolları var. Bunun da yolu tək və cüt nömrələrdir. Yəni həftənin üç günü tək, digər günləri isə cüt nömrələr paytaxta buraxılsın”.

A.Abbasın sözlərinə görə, əgər ictimai nəqliyyat normal işləyərsə, heç kim şəxsi avtomobilinə oturub harasa getməz: "Maşın sürəndə həm benzin işlədirəm, həm də tıxacdan əsəblərim korlanır. Ona görə də çox vaxt metrodan istifadə edirəm. Sürücüm "İçərişəhər” metrostansiyasının yanında məni düşürür, oradan metro ilə gedirəm, işimi qurtarandan sonra taksi ilə qayıdıram. Bizim metro yaxşı işləyir və mənə sərf edir. Eyni zamanda Bakının xeyli hissəsi dənizlə əhatə olunub. Sahilboyu maşın yolu ilə insanlar saatlarla hərəkət edirlər. Amma Türkiyədəki kimi sürətli katerlər vasitəsi ilə dəniz yolundan istifadə olunsa, əhali getmək istədiyi yerə daha tez və daha rahat çatar, tıxac da olmaz”.

Millət vəkili, hüquqşünas Çingiz Qənizadə də bildirib ki, əslində bu qərar Bakıda yaşayan 4 milyondan artıq insanın rahatlığı üçün verilib. Amma qərarı yalnız o vaxt müsbət qiymətləndirmək olar ki, Bakı ətrafına qədər gələn insanların oradan rahat şəkildə şəhərə daşınması təmin olunsun: "İndi Nəqliyyat Nazirliyi bu işin öhdəsindən gələ biləcəkmi, bilməyəcəkmi, onu deyə bilmərəm. Çünki bu nazirlik həmişə insanlara problem yaratmaqla məşğuldur”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov da bəyan edib ki, rayondan Bakıya avtomobillə gələnlərin gündüz saatlarında şəhərə buraxılmaması bir sıra neqativ hallar yaradacaq: "Rayon əhalisinin Bakıya avtomobillə gəlmək üçün qeyri-leqal yollara əl atmaları qaçılmazdır. Qərarın qəbulundan sonra bir sıra neqativ məqamlar ortaya çıxacaq. Məsələn, rayon sakinləri avtomobil alarkən maşını Bakıda qeydiyyatda olan qohumlarının adına sənədləşdirəcək. Həmçinin, avtomobilləri olanlar yeni nömrə alanda paytaxt qeydiyyatı olan tanışlarının adına Bakı nömrəsi ala bilərlər ki, paytaxta rahat gedib-gələ bilsinlər. Yəni rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmasının qarşısını almaq asan olmayacaq”.

İsmayıl