Gələcəkdə bakalavrlar işə götürülməyəcək?

“Nadir İsrafilovun bu açıqlamanı nəyə əsasən verdiyini bilmirəm, amma mən onunla eyni fikirdə deyiləm”



Son zamanlar Azərbaycanda magistr təhsili ilə bağlı ziddiyyətli fikirlər formalaşmaqda idi. Cəmiyyətin əksər kəsimi "magistr təhsili boş şeydir”- deyərək bakalavrı bitirən kimi oxumağın daşını atır.

Hazırda sadəcə universitetdə müəllim olaraq qalıb işləmək və elmi tədqiqatla məşğul olmaq istəyənlər ali təhsilini başa vurduqdan sonra magistraturada oxuyur. Əslində elə magistr təhsili yalnız və yalnız universitetdə qalıb işləmək (və ya pedaqoq kimi məktəbdə) istəyənlər və elmi işçi olmaq istəyənlər üçün vacibdir. Ancaq təhsil üzrə ekspert Nadir İsrafilovun açıqlamasına görə, bir neçə ildən sonra Azərbaycanda işə yalnız magistr təhsili alan tələbələr götürüləcək. Bakalavrlar isə işə götürülməyəcəklər.

Mütəxəssis bildirib ki, magistr elmi fəaliyyət olduğundan bir çox idarələr tərəfindən daha çox qəbul olunur: "Hazırda belə söhbətlər gedir. Hər şey vəziyyətə uyğun dəyişə bilər. Ola bilər ki, yaxın gələcəkdə yalnız elmi dərəcəsi olan şəxslər işlə təmin olunsun.

Yenilik kimi tətbiq etdiyimiz bir çox təcrübələr özünü doğrultmayıb. Ona görə də yenidən köhnə, uzun illər təcrübədən keçirilmiş və effekt vermiş formasına qayıtmışıq”.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev bakalavriat təhsilinin magistr təhsilindən aşağı olduğunu vurğulasa da, kütləvi təsərrüfat sahəsində bunun çox da vacib olmadığını deyib: "Ali təhsil iki pillədən ibarətdir: bakalavriat və magistratura. Bakalavriat pilləsi hər hansı ixtisasa yiyələnən adama həmin peşə üzrə ümumi hazırlıq verir və bilik və bacarıqlarını formalaşdırır. Həmin adamlar da öz ixtisaslarına uyğun təsərrüfatın müxtəlif sahələrində işləyə bilərlər. Bakalavr təhsilli olan insanlar işləyə bilməzlər, onları işə götürməyəcəklər deyə bir şey yoxdur. Lakin bu adamlar universitetlərdə dərs deyə, elmi tədqiqat institutlarında işləyə bilməzlər. Yüksək öyrədicilik və elmi tədqiqat sahələrində işləmək üçün elmi dərəcə şərtdir. Magistraturanın məqsədi tam ali təhsil səviyyəsində bilik verməklə yanaşı, həm də tədqiqatçılıq vərdişləri formalaşdırmaq və araşdırmalara meyillilik aşılamaqdır”.

Ə.Ağayevin sözlərinə görə, magistratura təhsili könüllüdür: "Bakalavrı bitirən tələbələrin hamısının magistratura oxuması mütləq deyil. Bu təhsili sırf elmlə məşğul olacaq şəxslər seçir. Bir il ərzində 10 min bakalavr varsa, onlardan cəmisi 300 tələbə təhsilini magistratura səviyyəsində davam etdirmək istəyir. Məzunların əksəriyyətinin elmə marağı olmur və ali təhsilini başa vurduqdan sonra işləyib, ailəsini dolandırır. Nadir İsrafilovun bu açıqlamanı nəyə əsasən verdiyini bilmirəm, amma mən onunla eyni fikirdə deyiləm. Ümumiyyətlə, belə bir layihə də yoxdur. Ancaq magistraturanı bitirən insanların işə götürülməsi köhnə qaydalara qayıdış da deyil. Sovet dövründə təhsil bir pilləli idi.

Müddət 5 il idi və bakalavriatla magistratura birləşirdi. Bugünkü iki pilləli təhsil sisteminin özü də bakalavrların işə götürülməmə iddiasını inkar edir. Ancaq bir məsələ var ki, magistr tam ali təhsil, bakalavriat isə birinci pillə ali təhsil olduğu üçün istənilən müəssisə magistr diplomlu işçiyə daha çox üstünlük verir. Bu da təbiidir. Çünki magistraturanı bitirən tələbə daha ixtisaslı olur”.

Şəymən