“...Vaxtında getmək lazımdır”

Mirmahmud Mirəlioğlu: “Kimsə 100 il ömür yaşayırsa, onun hamısını parlamentdə oturası deyil ki?”




"Azadlıq-2015” seçki blokunda təmsil olunan ən güclü və potensialı çox olan partiya Klassik Xalq Cəbhəsi Partiyasıdır. KXCP blok daxilində bugünə qədər deputatlığa 32 namizəd irəli sürüb. Amma bu sayın artacağı şübhəsizdir. Çünki hələlik dairəsini müəyyən etməyən partiya sədri Mirmahmud Mirəlioğlunun da namizəd olacağı bəllidir. Sədrin 43 saylı Sumqayıt seçki dairəsindən namizəd olacağı deyilir. Bu barədə "Şərq”ə danışan KXCP rəhbəri bir-iki günə hər şeyin aydınlaşacağını deyib...

- Mirmahmud bəy, "Azadlıq-2015” bloku seçkiyə necə hazırlaşır?

- Hazırlıq prosesi gedir. Bu istiqamətdə ciddi iş görürük. Düzdür, prosesdə bəzi bilgisiz hərəkətlər, problemlər yaşanır. Bir sıra dairə seçki komissiyalarına əlavə, lazımsız sənədlər təqdim edirlər. Amma MSK ilə araşdırma apararaq məsələni yoluna qoyuruq. Artıq dünəndən etibarən, yəni iki gündür namizədlərlə bağlı sənədlərin təqdimatı başlayıb. MSK-dan səlahiyyətli nümayəndələrimizin vəsiqələrini də almağa başlamışıq. Namizədlərin qeydə alınmasını gözləyirik.

- Hansısa dairələrdə və ya namizədlərin müəyyən olunmasında problem olurmu?

- Problemlər, bu və ya digər ziddiyyətlər olur, amma elə yerindəcə hüquqi qaydada həll edirik. Hələlik mənim namizədliyim də daxil olmaqla bir neçə dairə tam müəyyənləşməyib. Yaxın günlərdə müəyyən ediləcək.

- Blok olaraq şansınızı necə dəyərləndirirsiniz?

- Bildiyiniz kimi, bloku təsis edən 7 partiyadan 6-sı seçkidə iştirak edir. 72 dairədən namizədlər 6 partiya tərəfindən irəli sürülüb. Ötən müddət ərzində həm seçicilərin, həm
də özümüzün gücünü dəyərləndirmişik. Hamımız bir aradayıq və uğur qazanacağımıza inanırıq.

- "Azadlıq-2015”-dən kənar hansısa müxalifət partiyasının namizədinə güzəşt olacaqmı?

- Əgər bizə bununla bağlı müraciət edilərsə, problem yaratmadan məsələ müzakirə olunacaq. Partiyalar müsbət rəy verərsə, istənilən namizədi müdafiə etmək mümkündür.

- Siyasi arenada seçkiyə münasibət birmənalı deyil. "Milli Şura”nın parlament seçkisini boykot etməsinə münasibətiniz necədir?

- Kim seçkidə necə iştirak etmək istəyirsə, özü bilər. Seçkini boykot edənlərə sözümüz yoxdur. Bunu həmin qüvvələrin öz öhdəsinə buraxmaq lazımdır. Məgər onlar boykot edəndə bizimlə məsləhətləşiblər ki, biz də onların bu davranışına münasibət bildirək?! Azərbaycan qanunvericiliyində hələki seçkidə iştirak etməməyə görə bir cəza müəyyənləşməyib. Ancaq seçkiyə qatılanlarla boykot edənlər arasında müqayisə aparsaq, fərq ortaya çıxar.

- Müxtəlif yaş və peşə sahiblərinin, xüsusən gənclərin seçkiyə qatılma təşəbbüsünü necə dəyərləndirirsiniz?

- Ümumi şəkildə normal qiymətləndirirəm. Amma gənclər bəzi şeylərin fərqində olmalıdır. Əgər qanunvericilik orqanına namizədliklərini vermək istəyirlərsə, deməli, mövcud qanunları da öyrənməlidirlər. Eyni zamanda mənsub olduqları siyasi partiyaların nizamnamələrini bilməlidirlər. Ancaq təəssüflər olsun ki, gənclərimiz bu məsələləri kənara qoyurlar və öz dəliqanlı enerjiləri ilə plansız hərəkət etməyə başlayırlar. Sanki mövcud qanunlar onlar üçün nəzərdə tutulmayıb. Bu, doğru deyil. Sabah o gənclərin özlərinə irad tutarlar ki, "siz qanunvericiliklə məşğul olmaq istəyirsiz, amma özünüz qanunlara riayət etmirsiz”. Yenə deyirəm, əgər hansısa gəncin partiya mənsubiyyəti varsa, problemlərini partiyadan kənarda yox, daxildə həll etməlidir. Həmçinin, partiyasının təmsil olunduğu blokda yer almalıdır. İndi məsələlər bilərəkdən biri-birinə qarışdırılır. Özü də bunu gənclər etmirlər, ortalığı onların "başbiləni” qarışdırır.

- Parlamentdə təmsil olunmaqla bağlı gənc-yaşlı söhbəti də gündəmə gəlib. Sizcə, deputat olmaq məsələsində yaş fərqinin nə qədər önəmi var? Milli Məclisdə oturanlar konkret hansı yaşda olmalıdır?

- Deputat olmağın yaşla-başla əlaqəsi yoxdur. Bu məsələ hər bir şəxsin faydalı iş əmsalı ilə ölçülməlidir. Təbii ki, müəyyən yaş senzi nəzərə alınmalıdır. Əgər yaşı çox olan şəxslərin özləri könüllü şəkildə bunu nəzərə almırlarsa, onda məsələyə qanunla müdaxilə edilməlidir. Ancaq məsələ orasındadır ki, mövcud qanunvericilikdə bununla bağlı yaş senzi yoxdur. Ola bilər, bəzi adamlar iddialı olsun və parlamentdən getmək istəməsinlər. Amma kimsə 100 il ömür yaşayırsa, onun hamısını parlamentdə oturmalı deyil ki?! Bu, yaxşı səslənmir və yaxşı da görünmür. Hər işdən vaxtında getmək lazımdır.

İsmayıl