Arzu Abdullayeva danışmasa yaxşıdır

“O, gənclərimizə Qarabağda ermənilərin qəbrini ziyarət etdirmiş adamdı”



Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq bir ildən çoxdur erməni girovluğundadır. Erməni tərəfinin təşkil etdiyi "məhkəmə prosesi”ndə Dilqəm Əsgərov 22 il, Şahbaz Quliyev isə ömürlük həbs cəzasına məhkum olunub.

Beynəlxalq Qızıl Xaç Komitəsi girovlara baş çəkildiyini, vəziyyətlərinin qənaətbəxş olduğunu açıqlasa da, ailələri onların taleyindən çox narahatdır. Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva hökumət şərait yaradacağı təqdirdə girovlara baş çəkə biləcəyini açıqlasa da, sonradan bu məsələ öz aktuallığını itirdi. Lakin bu günlərdə komitə rəhbəri girovlarla bağlı yeni fikirlərlə çıxış edib. O bildirib ki, D.Əsgərov və Ş.Quliyev Azərbaycanda saxlanılan erməni girovlarla dəyişdirilə bilər.

İddiaya münasibət bildirən "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova "Şərq”ə söyləyib ki, A.Abdullayeva ermənipərəstdir və ermənilərlə birgə layihələr həyata keçirib: "Anlamıram ki, bu adamın fəaliyyətinə niyə son qoyulmur? Gənclərimizə Qarabağda ermənilərin qəbrini ziyarət etdirmiş adamdı”.

Girovlarımızın dəyişdirilməsinə gəlincə, müsahibimiz söyləyib ki, bu, Azərbaycan dövlətinin işidir: "Girovlarla dövlət komissiyası məşğul olur. Yəqin bir nəticəsi olacaq”.

Ayyət Əhməd