İŞİD bankları hədəfə alıb

Dövlət saytları yüksək səviyyədə qorunur, heç bir hücum olmayıb
İlham İsmayıl: “Bu hədəni xüsusi ciddiyə almağa ehtiyac yoxdur”


Dünən İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Nyu-Yorkda 11 sentyabr terror aktının 14 illiyi ilə bağlı dünyanın bir sıra ölkələrinin təşkilat, bank və dövlət qurumlarının saytlarına haker hücumu təşkil edib. Hücuma məruz qalanlar sırasında Azərbaycan bankı da var. Belə ki, "Əmrahbank”ın amrahbank.az və amrahbank.com ünvanına hücum edən İŞİD-çilər sayta belə bir müraciət yerləşdirib. Müraciətdə qeyd edilib: "Bu, həqiqi yolu izləyənlərdən bütün dünyada olan xaçpərəstlərə bir mesajdır. Biz geri qayıtdıq. Biz sizə müqəddəs 11 sentyabr tarixini xatırlatmaq istəyirik və bildirmək istəyirik ki, yaxın zamanda yenə belə bir hücum olacaq. Və siz bizim dediklərimizi xatırlayacaqsınız.

Siz heç vaxt unutmayacaqsınız, elə biz də. Biz uca Allaha and içirik ki, siz bizi rahat buraxmayınca, biz də sizi rahat buraxmayacağıq, biz öz müsəlman ölkələrimizdə sülh görməyənə qədər, siz də öz ölkənizdə sülh görməyəcəksiniz. Bizi getdiyiniz, olduğunuz hər yerdə görəcəksiniz.

Sizin saytlarınıza, kredit kartları, kompüter və hətta telefonlarınıza haker hücum edəcəyik. Bu sizin ən qorxulu kabusunuz olacaq, proses artıq başlayıb və heç vaxt bitməyəcək. Bu sadəcə başlanğıcdır.

Usamə bin Ladeni öldürməyiniz bizim cihadımızın sonu deyil. Biz hamımız Usaməyik və 11 sentyabr hadisələri dəfələrlə təkrarlanacaq.

Usamə bin Laden dediyi kimi: "Allahın izni ilə biz sizin boynunuzu elə sizin torpaqlarda vuracağıq! Ona görə, bunu necə edəcəyimizi gözləyin və siz sonda kimin qalib gəldiyini görəcəksiniz”.

Biz sizin xeyli sayda bank, dövlət və hərbi saytlarınıza haker hücumu edib, ciddi və həssas məlumatları əldə etmişik və onlardan bəzilərini dərc edəcəyik. Əgər siz dayanmasanız, biz daha sonra bütün məlumatları dərc edəcəyik”.

Müraciətdə son olaraq xəbərdarlıq edilib: "Biz müharibəni dayandırmağınız üçün 7 gün vaxt veririk. Əgər siz bunu etməsəniz, biz sizin ölkələrinizin təhlükəsizliyini təhdid edən məlumatları paylaşacağıq”.

"Əmrahbank” İŞİD terror qruplaşmasının haker qrupunun bankın saytına hücum etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Bankdan verilən məlumata görə, hazırda problemin aradan qaldırılması üzərində iş gedir: "Onlayn ödəmə müvəqqəti olaraq dayandırılıb. Amma bankın işinə heç bir təsir etməyib. Sayta hücumun kim tərəfindən edildiyi məlum deyil. Bu barədə hələ ki, heç bir məlumatın verilməsinə icazə verilmir”.

Qeyd edilib ki, bankın ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri məsələ ilə bağlı ictimaiyyətə açıqlama verəcək. Hazırda sayta daxil olduqdan 1-2 saniyə sonra başqa səhifə açılır və yeni açılan səhifədə Usamə bin Laden və 11 sentyabrda partladılmış qoşa qüllələrin şəkli, digər tərəfdə isə İŞİD-in bayrağı təqdim olunur.

Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətindən verilən məlumatda isə kiber təşkilatın bu iddialarının tam əsassız olduğu və dövlət saytlarına heç bir hücum olmadığı deyilib. Qurumdan bildirilib ki, dövlət saytları yüksək səviyyədə qorunur və təhlükəsizliklə bağlı heç bir problem qeydə alınmayıb.

Dünyanın bir sıra ölkələrinin təşkilat, bank və dövlət qurumlarının saytlarına İŞİD tərəfindən haker hücumunu şərh edən Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovnik-leytenantı İlham İsmayıl deyib ki, İŞİD-in Azərbaycan bankını hədələməsinin səbəbi ancaq onların özlərinə bəlli ola bilər: "Hakerlərin adətən banklardan pul çıxarmaq kimi işlərinə rast gəlmək olur və belə məqsədi olan haker heç zaman deməz ki, "aç qapını, gələk səni öldürək”. Bank ideoloji, hərbi qurum deyil ki, hədələsinlər ki, fəaliyyətini dayandır”.

İŞİD-in konkret olaraq, "Əmrahbank” yox, Azərbaycanı hədəfə aldığını vurğulayan politoloq deyib ki, bankın saytını dağıtmaqla İŞİD Azərbaycana mesaj göndərir ki, sizin bank-kompüter sisteminizi istədiyimiz an poza bilərik: "Belə hesab edirəm ki, bu kiber hücumların əsas motivi İŞİD-ə qoşulmaq istəyən vətəndaşlarımızın qarşısının alınması, qayıdanların həbs edilməsi ola bilər. Onu da deyim ki, bu hədəni xüsusi ciddiyə almağa ehtiyac yoxdur”.

Şəymən