Məmurların sayının çox olması bizi qabağa aparmır

“Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin azaldılması onun ləğvi kimi dəyərləndirilməməlidir”





Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin bir-bir əlindən alınıb başqa qurumlara həvalə olunması cəmiyyətdə bu nazirliyin ləğv olunması ilə bağlı söz-söhbətlərə yol açıb. Bu iddiaları doğuran səbəblərdən biri də hələ də nazirliyin balansında olmasına rəğmən "Azərbaycan Hava Yolları” QSC (AZAL) və Xəzər Dəniz Gəmiçiliyinin Nəqliyyat Nazirliyinin qərarlarına tabe olmamasıdır.

Həmçinin Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları”na sədr gətirilməsi bu qurumun da faktiki nazirliyin tabeçiliyindən çıxmasından xəbər verir. Hətta

"Azəryolservis”in də NN-in əlindən çıxma ehtimalı böyükdür. Ölkə Prezidentinin son günlər nəqliyyat sektoru ilə bağlı tənqidi fikirləri isə bu sahədə ciddi problemlərin olduğunu deməyə əsas verir. Prezident 3 gün öncə keçirdiyi müşavirdə bildirib: "Nəqliyyat sektorunda da ciddi pozuntular var. İnsanları incidirlər, onların qarşısına əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini "ASAN xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə "ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti əlbəttə ki, böyük işlər gözləyir. Hökumət yeni situasiyada işləyəcək. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir”.

Bütün bunlar fonunda noyabrda parlament seçkilərindən sonra köklü dəyişikliklərin ediləcəyi nazirliklərin siyahısında ilk yerə məhz Nəqliyyat Nazirliyinin adının düşəcəyi ehtimalını doğurur.

Millət vəkili Zahid Oruc isə hökumətin daha çevik bir fəaliyyətə keçməsi mövqeyindən bəhs edərkən Prezidentin bundan əvvəlki müşavirədə söylədiyi fikirlərə söykəndiyini vurğulayıb: "Ən önəmli məsələ effektli idarəçilik strukturlarını formalaşdırmaqdır. Bürokratizm, vətəndaş qarşısında qeyri-hesabatlılıq nə zaman meydana çıxır? Əlbəttə ki, biri-birinin fəaliyyətini təkrarlayan strukturların çoxluğu şəraitində. Ölkə başçısının da bəyan etdiyi kimi, belə olan halda ölkə vətəndaşları incidilir, süründürməçiliyə məruz qalır, qeyri-qanuni tələblərlə üz- üzə qoyulurlar. Bunun qarşısını almaq üçün də cənab Prezident islahatların daha da sürətləndiriləcəyini vurğulamışdı. Bu problem Bakıda məlum yanğın hadisəsindən sonra hökumət qurumlarının məsuliyyəti biri-birinin üzərinə atması ilə əlaqədar daha da şaxələndi. Həmçinin də qanuni tikililər məsələsində biz analoji tendensiyanın şahidi olduq. Dünənə qədər səlahiyyət uğrunda vuruşanlar bu gün yaxalarını məsuliyyətdən kənara çəkməyə can atırlar”.

Hökumətin optimal modelinin əsas arxitekturasını müəyyənləşdirənin məhz Prezident olduğunu vurğulayan millət vəkili, sadəcə, təkliflərini söyləyə biləcəyini qeyd edib: "Dünyada dəqiq normativlər var. Konkret olaraq əhalinin 100 min nəfərinə düşən strukturlar, məmur sayı, məmur aparatı sistemi və s. onların çalışması üçün dəqiq modellər işlənib hazırlanıb. Azərbaycan Avropada mövcud olan məlum mexanizmləri ölkəyə gətirməkdə maraqlıdır. Bu baxımdan, biri-birini təkrarlayan qurumlar birləşdirilməlidir. Bir daha qeyd edirəm ki, biz bunu ölkə başçısının ideyalarına söykənərək deyirik. Bir şeyi unutmayaq ki, məmurun sayının daha çox olması bizi qabağa aparmır. Təbii ki, süni ixtisarlar da bizə ziyan vura bilər. Qeyd olunan bəyanat və təhlillərdən sonra bir şeyin şahidi oldum ki, bəzən bu məsələni seçki təbliğatının tərkib hissəsinə çevirməyə çalışanlar var. Bəziləri bir çox hallarda hansı səbəbdən bu qədər insanın işsiz qalmasına, məmurların fəaliyyətinin üzərindən xətt çəkilməsinə getmək istədiyimizlə maraqlanır. Yəni ki, həmin kəsim müəyyən qurumların ləğv olunacağı panikasını ortaya atmaqla ixtisarlardan ziyan çəkəcək insanları öz tərəfinə çəkmək istəyirlər. Halbuki bizim qaldırdığımız məsələ heç bir halda süni ixtisarlara yol açmır”.

Konkret olaraq, Nəqliyyat Nazirliyinin ləğv olunmasına gəldikdə isə heç bir halda nazirliyin səlahiyyətlərinin azaldılması onun ləğvi kimi dəyərləndirilməməlidir: "Axı niyə taksilərə lisenziya və fərqlənmə nişanlarının verilməsinin "ASAN xidmət”ə verilməsi nazirliyin ləğvi anlamında qəbul olunmalıdır? Təəssüf ki, bizdə müxtəlif qurumlardakı islahatlar dərhal şəxsi kontekstdə qəbul olunur. Mən düşünmürəm ki, həyata keçirilən tədbirlər həmin nazirliyə qarşı münasibətin tərkib hissəsidir.

Həm taksi, həm də ictimai nəqliyyatın xidmətini elə səviyyədə qurmaq lazımdır ki, dövlət də yaratdığı şəraitə görə qanuni ödəmələri əldə edə bilsin. Narazılıqlar kifayət qədər çox oldu deyə, bir sıra islahatların həyata keçirilməsi labüdləşdi. Ən başlıca məsələ hər hansı qurumun özünə yaxın firma və şirkətləri meydana buraxmaqla digərlərini sıxışdırmaq deyil, qanunlar əsasında bərabər şəraiti təmin etməkdir. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda hansısa qurumun səlahiyyətləri islahatlara açılırsa, bunu avtomatik olaraq həmin qurumun rəhbərinə qarşı gələcəkdə veriləcək sərt qərarların tərkib hissəsi kimi

dəyərləndirirlər. Hansı ki, tarix də sübut edir ki, sərt cəzalanmadan daha çox idarəçilikdə aparılan islahatlar müsbət effekt verir. Qısası, mən Nəqliyyat Nazirliyinin ləğv olunacağını güman etmirəm və buna ehtiyac da görmürəm”.

Şəymən