Türk ordusu qarış-qarış PKK-nı təmizləyəcək

"Bura Suriya deyil, hər kəs başına bir qrup toplaya bilməz”





Türkiyə ordusunun PKK ilə mübarizəsi davam edir. Ötən gün 21 ədəd "F-16” və "F-4” tipli təyyarə PKK-nın Kandil, Hakurk, Avaşin, Basyan, Gara və Zap düşərgələrindəki 64 hədəfi bombalayıb. Bu hədəflərə 80 ədəd "ağıllı” bomba ilə dəqiq zərbələr endirilib. İlkin məlumata görə, əməliyyat nəticəsində azı 60 terrorçu məhv edilib. Gara məntəqəsində PKK-ya məxsus böyük silah anbarı partladılıb. Anbarda partlayışlar 2 saat davam edib. Daha sonra Türkiyə Hava Qüvvələrinin "Kobra” tipli təyyarələri Ağrını bombalayıb. Terrorçuların qaçış yollarına isə xüsusi təyinatlılar yerləşdirilib.

İngiltərə mediası həyasızcasına PKK-nı müdafiə etdi...

Türkiyə ordusunun xüsusi təyinatlıları sayılan "bordo bereli”lərin Şimali İraqda PKK terror təşkilatına qarşı apardığı uğurlu əməliyyat İngiltərədə ciddi narahatlığa səbəb olub. İngiltərə mətbuatı türk ordusunun Şimali İraqa girərək PKK-ya ağır zərbə vurduğunu bildirib və beynəlxalq ictimaiyyəti Türkiyəyə təcili müdaxilə etməyə çağırıb. "Daily Telegraph”, "İndependent”, "The Times”, BBC və "The Guardian” kimi nüfuzlu mediaların manşetində yer alan xəbərlərdə xüsusi təyinatlıların ən azı 400 PKK-lını öldürdüyü, 12-si bomba mütəxəssisi olan 100 terrorçunu isə girov götürdüyü yazılıb. İngiltərə mətbuatı terrorçuların yox olmaq üzrə olduğunu və Türkiyəyə müdaxilənin şərt olduğunu qeyd edib. Xatırladaq ki, Dağlıca bölgəsində PKK basqını zamanı 16 əsgərin şəhid olmasından sonra mətbuatda 12 xüsusi təyinatlının yoxa çıxması ilə bağlı xəbər yayılmışdı. Daha sonra onların itkin düşmədikləri və "geri dön” əmri almamaq üçün ratsiyaları söndürərək PKK-ya qarşı gizli əməliyyat keçirdikləri məlum olub. Məşhur "Financial Times” qəzeti də baş məqaləsində PKK-nı vurduğu üçün, Ərdoğan hökumətini ittiham edib. Qəzet iddia edib ki, Türkiyənin PKK ilə yenidən toqquşması qeyri-sabitlikdən başqa bir şey gətirməz. HDP lideri Səlahəddin Dəmirtaş haqqında istintaq başlaması gərginliyi daha da artırar. Qəzet bir az da uzağa gedərək, PKK-nın terrorçu bir təşkilat deyil, kürdlərin "hüquqları uğrunda” vuruşan bir qurum olduğunu yazıb.

"Lazım gəlsə, nazirləri, deputatları da tutacağıq...”

PKK-nın siyasi qolu HDP-nin bir qrupla fövqəladə vəziyyət elan edilmiş və terror təşkilatına qarşı əməliyyat həyata keçirilən Gizrə şəhərinə doğru keçirdiyi yürüşün qarşısı alınıb. İçərisində müvəqqəti hökumətin HDP-dən olan iki nazirinin və deputatlarının da olduğu qrupun qarşısı Gizrə yolunda kəsilib. Qrup burada bir müddət gözlədikdən sonra, bir daha yürüşü davam etdirmək istəyib. Türkiyə təhlükəsizlik qüvvələri və ordu Gizrədə əməliyyatların keçirilməsi və həyati təhlükənin olması səbəbindən bu yürüşə icazə verməyəcəklərini bəyan ediblər. Bundan sonra HDP-lilər əsgəri və təhlükəsizlik qüvvələrinin əməkdaşlarını təxribata çəkməyə cəhd ediblər. Bir HDP-li "necə mane olacaqsınız, döyəcəksiniz?” deyə soruşub. Əsgərlərin komandiri isə "uyğun şəkildə mane olacağıq. Nazirləri və vəkilləri tutmağımız lazım gələrsə, tutacağıq” cavabı verib. Bundan sonra HDP-çilər ərazidən çəkiliblər.

"Gec-tez PKK məhv ediləcək...”

Türkiyənin Baş naziri Əhməd Davudoğlu PKK-nın siyasi qolu HDP-lilərin fövqəladə vəziyyət elan olunan Gizrə şəhərinə girmək istəməsini dövlət nizamını pozmaq adlandırıb: "HDP həqiqətən də azlıqları müdafiə edirsə, dövlət nizamı onlar üçün prioritet olmalıdır. Lakin, dağda gözləyən biriləri varsa, əmin olsunlar ki, onları vuracağıq. Hansı heyət olursa olsun, dövlət quruluşuna tabe olmaq məcburiyyətindədir. Cizrə ilə bağlı planımız çox açıq və dəqiqdir. Hər cür tədbir görürük ki, xalqa heç bir zərər gəlməsin. Amma minaları təmizləyəcəyik, xəndəkləri bağlayacağıq və kimsə əllərində silahlarla damlarda dayanmayacaq.

Təhlükəsizlik qüvvələri küçələrdə metr-metr irəliləyir. Minalar təmizlənib xəndəklər bağlandıqdan sonra və silahlar toplandıqdan sonra bü tədbirlərə artıq ehtiyac qalmayacaq. Bura Suriya deyil, hər kəs başına bir qrup toplaya bilməz”.

"HDP niyə Qəndilə deyil, Cizrəyə yürüş keçirir?”

Davudoğlu Türkiyə ordusunun Şimali İraqdakı əməliyyatlarından da danışıb: "Şimali İraqda keçirilmiş hava əməliyyatında PKK-nın qərargahları hədəf alınıb. Region nəzarətimizdədir. Kəşfiyyatın müəyyən sahələrdə koordinasiyalı şəkildə yürütdüyü işlər nəticəsində bir çox hadisələr əngəllənir, amma ictimaiyyət bunu bilmir. Baş nazir PKK lideri Abdullah Öcalanla dialoqun davam etdirilməsi məsələsindən də danışıb və HDP lideri Səlahəddin Dəmirtaşa sərt ittihamlar irəli sürüb: "Terrorizmə qarşı apardığımız mübarizə davam edir. İmralı ilə danışıqlar aparmamızı tələb edən bir durum yoxdur. Bundan öncə də İmralı ilə aparılan danışıqlar silahların buraxılması yönündə idi. HDP niyə Qəndilə deyil, Cizrəyə yürüş keçirir. Dəmirtaş 6-7 oktyabrda nə etdisə, eynisini etməyə çalışır. Eyni fitnəkar üslubdan istifadə edir. Amma biz buna heç vaxt izn verməyəcəyik. Onun Gizrəyə yürüş keçirməsi fitnədən başqa bir şey deyil”.

"PKK ilə danışıqlar bərpa olunmalıdır”

Avropa İttifaqı isə PKK tərəfindən törədilən terror aktlarını pisləyib və ölənlərin ailələrinə başsağlığı verib. Qurumun Xarici Siyasət Xidmətinin yaydığı rəsmi məlumatda bildirilib ki, Türkiyədə təhlükəsizlik baxımından vəziyyətin gərginləşməsi, zorakılığın artması, media və siyasi partiyaların qərargahlarına edilən hücumlar ciddi narahatlıq doğurur: "Zorakılığın qarşısını almaq üçün Türkiyənin müvəqqəti hökuməti və ölkənin bütün siyasi liderləri bir araya gələrək atəşkəsə dair çağırış etməlidir. Sülh prosesi çərçivəsində irəliləməyin yeganə yolu danışıqların bərpasıdır”.

"Türk ordusuna qarşı aparılan psixoloji əməliyyatlar PKK-nın əhval-ruhiyyəsini yüksəldib”

Türkiyə İqtisadi və Siyasi Araşdırmalar Vəqfinin aparıcı mütəxəssisi Nihat Əli Özcan deyib ki, Türkiyə bölgədə təkcə PKK terroruna qarşı yox, həm də İŞİD terroruna qarşı mübarizə aparmaq məcburiyyəti ilə üz-üzə qalıb: "Proseslərə bu prizmadan baxanda Türkiyə üçün ciddi təhlükəsizlik problemlərinin olduğunu görməmək mümkün deyil. İstər PKK, istərsə də İŞİD terroruna qarşı mübarizədə Türkiyənin dəqiq konsepsiyaları və aktiv fəaliyyət proqramları olmalıdır. Bunlar olmadan terror təşkilatlarının ölkədə daha ciddi təhlükəsizlik problemləri yaradacağını təxmin etmək olar”. Politoloq bildirib ki, PKK terrorunun ölkədə təhlükəsizlik problemi yaratmasında hökumətin qanunlarda etdiyi dəyişikliklərin mənfi rolu olub: "Terrorla mübarizə qanununda dəyişiklik edilərək, jandarma qüvvələri istisna olmaqla, səlahiyyət tamamilə valilərə verildi. Valilərin razılığı olmadan hərbi əməliyyatlar keçirmə səlahiyyətinə sahib olmayan hərbi qüvvələrin əli-qolu bağlı vəziyyətdədir. Digər tərəfdən, türk ordusuna qarşı aparılan psixoloji əməliyyatlar, saxta kağızlarla ordu mənsublarının uzun illər həbsdə qalandan sonra ordudan uzaqlaşdırılmaları, Baş Qərargah rəisinin "terror təşkilatı qurmaq və idarə etmək” suçlamasıyla 26 ay həbsdə qalması və s. ordunun əhval-ruhiyyəsini pozdu. Terror təşkilatının əhval-ruhiyyəsini yüksəltdi. Yaranmış vəziyyətdə ordunun prosesləri müşahidəçi kimi müşahidə etməsi ölkədəki təhlükəsizlik problemini daha da dərinləşdirəcək.

İsmayıl