Jurnalistikaya marağın azalmasının səbəbi bir deyil

Ekspertlər hesab edir ki, əvvəlcə qabiliyyət imtahanları aradan götürülməlidir





(... əvvəli ötən sayımızda)

Müasir dövrü jurnalistikasız təsəvvür etmək çətindir. Jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdir. Bunun üçün isə jurnalist öz sahəsini mükəmməl şəkildə bilməlidir. Jurnalistika cəmiyyətin kamilləşməsində, maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir.

Lakin 2015-2016-cı tədris ili üçün ali məktəblərin qəbul proqramı çərçivəsində jurnalistika fakültəsi üzrə keçirilən qabiliyyət imtahanının nəticələri jurnalistika barədə deyilən bu sözləri şübhə altına alır.

Qeyd edək ki, jurnalistikaya cəmiyyətdə marağın olmamağı, bu peşənin sahibi olmaq istəyən abituriyentlərin sayında kəskin azalma, mətbuatla yanaşı, sosial şəbəkələrdə də ciddi müzakirələrə yol açıb. Bir müddət əvvəl ölkədə üç ən prestijli peşədən biri kimi qəbul olunan jurnalistika sahəsinə üz tutanlar bu il ayrılan yerlərin sayından da xeyli az olub. Əvvəllər jurnalistikaya maraq həddindən artıq çox idi. Gənclər bu ixtisasa sahiblənmək üçün əllərindən gələni edirdilər. Ancaq bu il qəbul imtahanının

nəticələrindən bu peşəyə marağın azaldığını açıq şəkildə görmək mümkündür. 2015-2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrində "Jurnalistika” ixtisası üzrə 198 plan yeri ayrılmasına baxmayaraq, bu ixtisas üzrə imtahan verənlərin sayı cəmi 163 nəfər təşkil edib. Qabiliyyət imtahanının nəticəsinə görə isə 57 nəfər məqbul qiymət alıb.

Bəs bu peşəyə marağın azalmasına səbəb nədir?

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli də hesab edir ki, jurnalistika fakültəsinə marağın azalması qabiliyyət imtahanının mürəkkəbliyi ilə bağlıdır: "Biz hamımız cəhd göstərdik ki, jurnalistika fakültəsinə qabiliyyət imtahanları tətbiq olunsun. Əslində, yaradıcılıq tələb edən ixtisas olduğuna görə qabiliyyət imtahanı lazımdır. Ötən il qabiliyyət imtahanından az sayda abituriyentin keçməsinin təsadüf olduğunu hesab etdim. Bu il də eyni vəziyyət yarandı və bu halın təsadüf olmadığını düşünürəm”.

C.Məmmədlinin sözlərinə görə, əgər fakültəyə qabiliyyət imtahanı ilə bağlı iki il eyni problem yaranırsa, deməli, prosesdə nöqsanlar var: "Nöqsanlardan ən başlıcası imtahan götürən adamların pedaqoji peşəkarlığının olmamasıdır. İmtahan götürən insanlar jurnalistikaya həvəslə gələn abituriyentlərdən çox yüksək, az qala özlərinin səviyyəsində peşəkarlıq tələb edirlər. Bu fikri ötən il səsləndirdiyimiz üçün elə bilirdik ki, TQDK imtahan prosesində müəyyən dərəcədə dəyişiklik edəcək. Ərizə verən və qabiliyyət imtahanından keçmək arzusunda olanların böyük hissəsi yenə keçmədi. Bu o deməkdir ki, qabiliyyət imtahanı özünü doğrultmur”.

Professor Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin "qabiliyyət imtahanı olacağı halda fakültəyə bilikləri zəif olan abituriyentlər gələcəklər” fikrinin özünü doğrultduğunu vurğulayıb: "Həqiqətən keçən il də aşağı bal yığan abituriyentlər jurnalistikaya gəldilər. Onların ümumi dünyagörüşü, bilik səviyyəsi bizi təmin etmədi. Bu il də eyni vəziyyət yaranıb. Bu hal narahatlıq yaradır. Jurnalistika fakültəsində dərs deyən bir müəllim kimi bunun şahidiyəm. İstərdim ki, qaydaların üzərində yenidən işlənsin, yeni qaydalar müəyyənləşdirilsin. Əgər mümkün deyilsə, növbəti ildən qabiliyyət imtahanı tamamilə götürülsün”.

Media hüquqşünası Ələsgər Məmmədli isə hələ Jurnalistika fakültəsinə qəbul üçün qabiliyyət imtahanının tətbiq olunması ilə bağlı qərar qəbul edilən zaman bunun çox sərt bir addım olduğunu dediyini xatırladıb: "Universitet özü peşə öyrədilən yerdir. Həkimliyi bilib sonra gedib həkim olunmur, yəni həkimliyi gedib Tibb Universitetində öyrənirsən. Hüquqşünas əvvəl hüquqşünas olub, sonra gedib oxumur. Öncə gedib imtahan verirsən, sonra hüquqşünas olursan. Jurnalistika da elədir. Məqalə yazmağı bilməyən abituriyent 4-5 il jurnalistika fakültəsində təhsil aldıqdan sonra yazmağı öyrənməlidir. Hətta bu müddət ərzində o, jurnalistikanın bütün nəzəriyyəsini, peşə kodeksini mükəmməl mənimsəyən bir mütəxəssisə də çevrilə bilər. Hesab edirəm ki, "yazı qabiliyyəti olmayan abituriyentlər jurnalistikaya gəlməsin” kimi düşüncə absurddur. Əgər orta məktəb şagirdi məqalə yazmağı bilirsə, onda ali məktəbə niyə hazırlaşır? Öyrənəcək bir şey qalmayıbsa, 4-5 ilini gəlib, jurnalistika fakültəsində niyə itirməlidir? Universitetin işi bilməyəni öyrətməkdir. Ona görə də, öz fikrimdə qalaraq jurnalistikada qabiliyyət imtahanının tətbiqini kifayət qədər anormal bir qərar hesab edirəm. Bu qərarın verilməsi başından

yanlış idi və artıq nəticələr də özünü göstərməkdədir. Bir neçə ali məktəbdə jurnalistika fakültələri bağlandı və ölkə üzrə bir qrupda olan uşaqların sayı qədər jurnalist hazırlanır. Bu isə artıq gələcəkdə jurnalistika üzrə peşəkarların sayının çox az və yaxud da heç olmayacağı deməkdir. Amma bir məsələ var ki, zərərin harasından dönsən xeyirdir”.

Ekspertin sözlərinə görə, qabiliyyət imtahanının tətbiqi jurnalistikanın gələcək inkişafı üçün mənfi bir addımdır: "Jurnalistika peşədir. Bu peşə ilə məşğul olmaq istəyənləri ayrı-seçkilik edərək ikiqat imtahana salmaq çox ciddi yanlışdır. Bu hər hansı bir şeir yazmaq deyil ki, fitri istedad olsun. Müəllim inşa yazmağı öyrəndiyi kimi jurnalist də peşə etikasına uyğun şəkildə yazını hazırlamağı öyrənəcək. Ona görə bu imtahanın başından təsdiq olunması ciddi ayrı-seçkilik və konstitusiyanın 25-ci maddəsinə də zidd idi. Və mən bununla bağlı mediada öz fikrimi bildirmişdim. Bu gün də nəticə göstərir ki, bəli, jurnalistika fakültələri boş qalacaq. İndiki halda cəmisi 57 nəfər gələcəkdə jurnalistika təhsili almaq şansı əldə edib. Düşünürəm ki, bu əlbəttə, Azərbaycanın, xüsusilə, ifadə azadlığına və jurnalistikanın inkişafı baxımından gələcəyinə yönəlik mənfi bir addımdır. Bir an öncə bu səhvdən dönülməlidir və qabiliyyət imtahanı məsələsini ortadan qaldırmaq lazımdır. Əvvəlcə "KİV haqqında” qanuna dəyişiklik edərək ali təhsili olmayan şəxslərin redaktor olmasına qadağa qoydular, daha sonra isə jurnalistika fakültəsinə qabiliyyət imtahanı tətbiq etməklə mediaya balta vurmağın yollarını axtarmaqdır”.

Jurnalistikaya marağın azalmasına gəldikdə isə Ə.Məmmədli deyib ki, jurnalistikaya maraq azalmayıb. Sadəcə olaraq, bu sektora qəbul üçün keçirilən qəbul imtahanı diskriminasiyaya məruz qaldığı üçün tələbə qəbulu azalıb: "Həkimlik, hüquqşünaslıq kimi mürəkkəb ixtisaslara və çətin fakültələrə tələbələr bir imtahan verməklə daxil olduqları halda jurnalistikaya 2 imtahan verirlər. Bu ayrıseçkiliyin nə mənası var? Deməli, 57 nəfərin fakültəyə qəbulu jurnalistikaya marağın azalmasının yox, sadəcə ikiqat imtahanın risk tələb etməsi ilə bağlıdır. Jurnalist olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanına girmək üçün aprel ayından qeydiyyatdan keçməsi həmin uşaqların digər ixtisasları seçmək şansını əlindən alır. Bu da böyük riskdir. Heç bir abituriyent yüzdə yüz bir ixtisası seçib gəlmir ali məktəbə. Amma jurnalistikanı seçən tələbə bəri başdan bütün imkanlarını məhdudlaşdırmış olur. Yəni ya jurnalistika, ya da heç. Buna rəğmən 57 nəfər tələbə jurnalistikaya qəbul ola bilibsə, bu da böyük işdir. Yəqin ki, gələn il heç bu qədər də olmayacaq. Uşaqları buna məcbur etmək doğru deyil. Çünki orta məktəbi bitirən məzunların 90 faiz hədəfi ali məktəbə qəbul olmaqdır”.

"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin müşahidələrinə görə, jurnalistikaya maraq stabil olaraq qalıb: nə artıb, nə də azalıb.

Baş redaktorun sözlərinə görə, jurnalistika fakültəsinə 57 tələbənin qəbul olmasında təhsilin keyfiyyəti və qabiliyyət imtahanının tətbiqi məsələnin alt tərəfidir: "Ola bilər ki, kimsə, Azərbaycanda jurnalist təhsilinin zəif olduğunu düşünərək, kimsə də qabiliyyət imtahanlarının tətbiqi nəticəsində qəbul prosesinin çətinliyi və mürəkkəbliyini nəzərə alaraq öz sənədlərini jurnalistika fakültəsinə vermir. Sözsüz ki, belə hallar var. Amma bir daha təkrar edirəm ki, gənclərin jurnalistikaya gəlməməsinin təhsillə bağlı səbəbləri çox zəifdir. Məsələnin əsas yükü onun praktik tərəfləri ilə yəni, jurnalist ixtisasını seçən məzunların iş problemi ilə bağlıdır. Hesab edirəm ki, jurnalistika məzunları sadəcə qəzet və televiziyalarda işlə təmin olunmamalıdır. Dövlət jurnalist təhsili alan gənclərin

müxtəlif dövlət orqanlarına işə götürülməsi, hətta bəzi hallarda təyinatla göndərilməsində maraqlı olmalıdır. Jurnalist təhsili öz polifonikliyi və dünya görüşünün genişliyi ilə hüquqşünas təhsilindən heç də geridə qalmır. Jurnalistikanı bitirən gənclərin dövlət orqanlarında ən müxtəlif işlərə cəlb olunması qarşıda duran mühüm istiqamətlərdən biri kimi nəzərdən keçirilə bilər. Hesab edirəm ki, sadaladığımız bu məsələlər öz həllini tapsa, jurnalistikaya çox böyük maraq yaranar və jurnalistika fakültəsinə qəbul olan abituriyentlərin sayı artar”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb