Tənha yaşayan qoca nənəyə birinci növbədə oxuyan tələbə qız lazımdır

Kirayə haqqı da almır
“Xəstə deyiləm, qadan alım, qorxmayın!.. Mən baxıcı da çağıra bilərəm. Amma deyirəm, cavan uşaq olsun, nənə-nəvə kimi yaşayaq”





Dərs ili yaxınlaşdıqca kirayə evlərlə bağlı elanlar da artır. Xüsusən də ali təhsil müəssisələrinin yaxınlığında, metrostansiyalara giriş-çıxışlarda bu cür elanlar doludur. Maraqlı burasıdır ki, kirayə ev təklif edənlər daha çox tələbə qızlar "axtarır”. Elanlarda "tələbə qızlar üçün kirayə ev”, "kirayə ev (yalnız tələbə qızlara)” kimi ifadələrə daha tez-tez rast gəlinir. Belə aydın olur ki, evini kirayə verənlər oğlan uşaqlarını istəmir. Bu da anlaşılandı.

Qızlar mənzili təmiz saxlayır, evə gec gəlmirlər, müxtəlif problemlər yaratmırlar, adətən. Düzdü, elə tələbə oğlanlar var ki, qızlardan daha təmizkardır, hətta bəzi tələbə qızlardan daha həyalıdırlar. Hər cür insan var. Evini kirayə vermək istəyən əlbəttə, səliqəli və əxlaqlı, ən əsası da kirayə haqqını gecikdirməyən kirayənişin arzulayır. Dünənsə, metronun "Elmlər Akademiyası” stansiyasının qarşısında dayanacaqda tamam fərqli məzmunlu elan gözümə sataşdı. Elanın məzmunu belə idi: "Tənha yaşayan qoca nənəyə birinci növbədə oxuyan tələbə qız lazımdı (darıxmamaq üçün). Nənə kirayə haqqı almır”. Elanda nənənin mənzil telefonunun nömrəsi də yazılıb. Razılaşarsınız ki, belə məzmunlu elanlara hər saat rast gəlinmir. Eləcə də pulsuz, heç bir haqq istəmədən - havayı mənzilini kiməsə yaşayış üçün təklif edən insanların olmasına da hazırkı zamanda inanmaq zordur. Necə yəni?! Gəl evimdə qal, sadəcə mənə hayan ol, pul da istəmirəm?! Burada başqa bir məqsəd gizlənə bilməzmi?

Elan ətrafında çoxsaylı suallar yarandı və göstərilən nömrəyə zəng vurub nənə ilə danışmaq qərarına gəldik.

Dəstəyi mehriban səsli bir qadın qaldırdı. Özümü bu günlərdə Bakıya gəlməyə hazırlaşan "naməlum tələbə qız”ın qohumu kimi təqdim edib, detalları öyrənməyə çalışdım. Nənə adının Almaz, yaşının 70 olduğunu dedi. Dedim ki, elan çox qəribədir...

- Deyirsiz, kimdir bu, pulsuz mənzil kirayə verən, hə?.. Ay qızım, darıxıram, tək oturmuşam evdə, "bayquş” kimi. Adam nə qədər televizora baxar, tək-tənha?! Ona görə istəyirəm kimsə mənimlə qalsın, mənə həyan olsun. Başım qarışsın.

- Nə tələb olunur tələbə qızdan?

- Heç nə! Heç nə! Hər şeyim var. 2 otaqlı mənzildir. Bayılda. Bayılın lap girəcəyində.

Marşrutlar həmişə işləyir. Hər yerə burdan yaxındır. Avtobuslar da var. Heç nəyə ehtiyacım yoxdu. Yeməyimi qızlarım hazır gətirir. Elə qapıdan girsin, mənimlə birlikdə yaşasın. Yorğan-döşək, qab-qacaq, nə istəsəniz, varımdı. Pal-paltarını götürsün, gəlsin. Qız harda oxuyur, neçənci kursda?

(Bir şeylər uydurub, cavab verdim - red.)

- Ev yığışdıracaq?

- Bəs oturduğu evi təmizləməməlidir?!

- Sizin səhhətiniz yerindədi?

- Xəstə deyiləm, qadan alım, qorxmayın!.. Mən baxıcı da çağıra bilərəm. Amma deyirəm, cavan uşaq olsun, nənə-nəvə kimi yaşayaq. Ayaqlarım ağrıyır, çox ayaq üstə qala bilmirəm. Əlimdən tutar, çiməndə kömək edər, belimi kisələyər... Nəvələr nənələrinə necə qulluq edirlər, elə də mənə lazım gələndə qulluq eləsin, köməyimə çatsın. Mənim heç nəyə ehtiyacım yoxdu. Pula da ehtiyacım yoxdu. Şükür Allaha, pensiya alıram, övladlarım mənə korluq vermir.

- Bəs niyə övladlarınızla qalmırsınız?

- Onların hərəsinin öz ailəsi, evi var. Elə bilərsiz, məni atıblar, yox, yox. Gəlib-gedirlər. Mənə yaxşı baxırlar. Oğlum divarın o tayında qalır. İstəmirəm, gəlinə yük olum. Qızlarım da neçə dəfə təklif ediblər ki, mama, gəl, bizimlə qal. Öz evimdə yaşamaq istəyirəm. Qızlarım da, oğlum da ali təhsillidirlər. Özüm də ali təhsilli mühəndisəm. Neçə illər işləmişəm. Bizim ailədə oxumamış adam yoxdur.

Nəvələrim də var. Ali təhsil alırlar. Balaca vaxtı mən baxmışam onlara. Nəvələri özüm saxlamışam. İndi böyüyüblər, hərəsinin öz işi, gücü. Namaz qılıram, başı bağlı qız olsa da, gələ bilər.

- İndiyədək olubmu sizinlə birgə yaşayan tələbə qızlar?

- Bəs necə?! Bu, birinci dəfə deyil. Məni burda hamı tanıyır. İstəyirsiz, gəlin, qonşulardan soruşun. Nə qədər qızlar saxlamışam evimdə. Özü də sizə deyim, evimə gələn, burdan ərə gedir. Düşərli evdi. Bir qız 6 il 10 ay mənimlə qaldı. İndiyəcən 3 tələbə qız saxlamışam. Axırıncı qalan qızın nişanlısı sizdən bir az əvvəl zəng etmişdi, halımı soruşurdu. Mən adam yeyən deyiləm. Ürəyinizdə şübhə qalmasın, gəlin, özünüz görün, soruşdurun.

Almaz xanımın şirin danışığı və "qadan alım” ifadəsini işlətməsi onun ya Gəncədən, ya da Qarabağ zonasından olması ehtimalını yaradırdı. Bu haqda özündən soruşdum:

- Şuşalıyam. Köçkün deyiləm. Biz 48-ci ildən Bakıda yaşayırıq. Qız nə vaxt gələcək?

(Yenə bir şeylər uydurdum. Almaz xanımsa əsl nənələr kimi gileyləndi)

- Bu gün-sabah dərslər başlayır. Anası nə fikirləşir bu qızın?! Demir, qızım harda qalacaq, gedim ev tapım... Gəlsin də, gəlsin. Nömrəmi verin, danışaq, gəlsin... Kirayə evləri aşağısı 200 manata verirlər. Hardadı, pulsuz ev. Ehtiyacı olan adamlar var, bilirəm. Kirayəyə verəcəyi pulu başqa dərdinə-sərinə xərcləyər. Mənim kimi şərtləri olan, çətin ələ düşər. Mən yola gedənəm, hamıya "ay can” deyirəm. "Ay can”ın əvəzində o mənə "çor” deməyəcək ki!.. Bir yerdə mehriban yaşayarıq. Nənə-bala olarıq...

Almaz xanımla sağollaşıb, "tələbə qızı” tezliklə ünvana göndərəcəyimi dedim. Yəqin, kimsə, mənim kimi elanı oxuyub, maraqlanacaq. Mütləq ora bir tələbə qız gedəcək. Almaz nənəyə həyan olmaq üçün...

Məlahət Rzayeva