Teatrda sülh yaratmaq istəyirlər

İsrafil İsrafilov gəlmədi, jurnalistlərin qarşısına baş rejissor çıxdı



Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətov media mənsublarını başına yığaraq mətbuat konfransı keçirdi. Baş rejissor yeni təyinatı ilə bağlı danışıb: "Bu teatr mənim doğma teatrımdır və çalışacağam ki, mənə həvalə olunan işin öhdəsindən layiqincə gəlim. Teatrla bağlı yeni layihələrim var, gənclər üçün yeni studiyalar yaradacağam. Bacardığım qədər işləri yoluna qoyacağam. Bu müddət ərzində aktyorlarla görüşüb onların ürək sözlərini dinləmişəm. Bəzi xoşagəlməyən hadisələr olub. Çalışacağıq bir də belə hallar yaşanmasın. Sözsüz ki, teatrın tarixində belə hallar yaşanıb. Teatrın enişli-yoxuşlu yolu olub. Aktyorları həmişə sevmişəm və hər zaman da sevəcəyəm. Hesab edirəm ki, teatrın inkişafında aktyorun böyük rolu olub. Teatrın adı onilliklər boyu rəhbərliklə bağlı olub. İstəyirəm mən olmayanda da desinlər ki, Azərpaşa Nemətovun da belə bir teatrı olub”. Jurnalistlər teatrın direktoru İsrafil İsrafilovun və aktyorların mətbuat konfransına qatılmamasının da səbəbini soruşdular. Baş rejissorun cavabı belə olub: "Bu, mənim mətbuat konfransımdır, direktorun və aktyorların yox. Bu mətbuat konfransı mənim təyinatımla bağlıdır və özümdən danışmalıyam”.

"İlham Əsgərovun ölümündə teatrın direktorunu günahlandıran Xalq artistləri bununla bağlı yenidən Prezidentə müraciət ünvanlayacaqlarını deyiblər, eyni zamanda bununla bağlı məhkəməyə də üz tutacaqlar. Bundan xəbəriniz varmı?”

Jurnalistlərin bu sualını baş rejissor belə cavablandırıb: "İlhamın ölümündən qabaq biz görüşdük, qucaqlaşdıq. Yüksək mədəniyyətə malik insan idi. Mən hələ "Hamlet” tamaşasını hazırlayanda, o dedi ki, mən şəkər xəstəsiyəm, oynamaq istəmirəm. Onun ölümünü direktorla əlaqələndirmək düzgün deyil. Mən də bu teatra dava salmaq üçün deyil, teatrı əvvəlki zirvəyə qaldırmaq üçün gəlmişəm. Teatr səhnədir və səhnədə gözəl tamaşalar oynanılmalıdır. Mən çalışacağam teatrda sülh yaradım. Əgər sülh baş tutmasa, bu, onların problemidir. Çünki sülh olmadan yaradıcılıq mühiti olmayacaq”.

Azərpaşa Nemətov teatra gəldiyi gündən teatrın 50-yə yaxın aktyoru ilə şəxsən görüşüb söhbət etdiyini vurğuladı. Qalanları ilə də vaxt tapıb görüşəcəm.

Bu məqamda jurnalistlərin "Teatrın aktyorlarına mətbuata açıqlama verməyə qadağa qoyulubmu” sualına Azərpaşa Nemətov "Teatrın bədii rəhbəri mən olduğum üçün mən də mətbuata açıqlama verməliyəm. Aktyorlar yaradıcı işlərlə məşğul olmalıdırlar” cavab verdi.

Azərpaşa Nemətovun bu açıqlamasından sonra teatrda baş verən qalmaqallarla bağlı suallar teatrın bədii rəhbərinə ünvanlandı. Jurnalistlərin "28 aktyor teatrın direktoru ilə bağlı Prezidentə müracət ediblər. Teatrda o qədər gərginlik yaşanır ki, buradakı vəziyyəti stabilləşdirməyə gücünüz çatacaq” sualına Azərpaşa Nemətov "Mən əlimdən gəldiyi qədər teatrda sülh yaratmağa çalışıram” cavab verdi. "Teatrda yaradıcı mühiti bərpa etmək lazımdı” deyən Azərpaşa Nemətova jurnalistlərin cavabı da maraqlı oldu: "Teatrda 5 ildə yaranan gərginlik, Xalq artistlərinin biri-birinə hücum etməsi, biri-birini polisə verməsi qədər ciddi insidentlər yaşanırsa, hansı yaradıcı mühitdən danışmaq olar. Bütün bunların da səbəbkarı teatrın direktoru ilə bağlıdır”.

Yeri gəlmişkən bir neçə gün ərzində Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla əlaqə yaratmağa çalışdıq. Onun ünvanına səslənən ittihamlara cavab vermək imkanı yaratmaq istədik. Nəhayət ki, telefonumuza cavab verən direktor "bütün suallara bu gün teatrda keçiriləcək mətbuat konfransında cavab veriləcək” deyə fikrini bildirsə də, mətbuat konfransına qatılmadı. Bu da media nümayəndələrinin narazılığına səbəb oldu. Teatrın direktoruna ünvanlanacaq sualların bir qismi cavabsız qaldı, digər hissəsinə isə bədii rəhbər guya cavab verməyə çalışsa da, əslində teatrdakı insidentlərin səbəbləri, ittihamların heç biri barədə danışmağa imkan verilmədi. Hətta az qala jurnalistlərə suallar üçün reqlament qoyulmuşdu desək, səhv etmərik. Azərpaşa Nemətov "Mənim məşqlərimdə, tamaşalarda aktyorların heç biri nizam-intizamı poza bilməz. Ona görə də siz jurnalistlər də səliqəli suallar ünvanlayın” deyə mediaya üz tutdu. "Jurnalistlərin Azərpaşa Nemətova cavabı isə "Azər müəllim, bura səhnə deyil, biz də aktyorlarınız deyilik. Biz demokratik ölkədə fəaliyyət göstərən mətbuat orqanlarıyıq. Və o şərtləriniz yalnız səhnəyə çıxan aktyorlarınız üçün keçərli ola bilər” deyə cavab gəldi.

Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətov mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin teatrın direktoru İsrafil İsrafilovu tənqid etməsinə dair yayılan xəbərlərə də münasibət bildirdi. Baş rejissor sentyabrın 8-də nazirliyin kollegiya iclasında iştirak etdiyini və nazir müavininin İ.İsrafilovu tənqid etmədiyini açıqlayıb: "Mən heç kimi müdafiə etmək fikrində deyiləm. Lakin Ədalət müəllimin fikirləri mətbuatda düzgün getməyib. Mən də həmin iclasda idim. İclas iki saata yaxın davam etdi. Ədalət müəllim bütün teatrların rəhbərləri ilə görüşdü, işlərlə maraqlandı”.

Xatırladaq ki, sözügedən iclas Səməd Vurğun adına Rus Dram Teatrında baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi iclasda respublikanın bütün regionlarının teatr direktorları, baş rejissorları iştirak edib.

Mətbuatda dərc olunan yazılarda iclasda ən çox Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun tənqid olunduğu qeyd edilir. Xəbərdə bildirilib ki, mədəniyyət və turizm nazirinin birinci müavini Ədalət Vəliyev çıxışı zamanı İ.İsrafilovun əleyhinə kəskin ifadələr səsləndirib: "Gör teatrı nə günə qoymusan ki, orada Xalq artistləri biri-birinə hücum çəkir və bu da respublika ilə bir olur. Biz səni 3 ay əvvəl çıxartmaq istədik, amma vaxt verdik ki, bəlkə düzələsən. Sən işi bacarmırsan”.

Mətbuat konfransının sonlarına doğru isə Azərpaşa Nemətovla media mənsubları arasında səmimi ünsiyyət yaranmağa başladı. "Bu gün Dram Teatrı ölüb” deyən media nümayəndələrinə teatrın bədii rəhbəri "Məgər Akademik Milli Dram Teatrı bu gün ölüb? Artıq neçə ildi ölüdü” deyə yarızarafat, yarıgerçək cavab verdi.

Azərpaşa Nemətov yeni mövsümdə təqdim olunan repertuardan da danışdı. Qeyd edib ki, yeni mövsüm "Hökmdar və qızı” tamaşası ilə açılacaq. O, oktyabrın 3-də Böyük Britaniyanın məşhur "Qlobus” Teatrının da "Hamlet” tamaşası ilə teatrın səhnəsində çıxış edəcəyini bildirdi: "İnanıram ki, bu tamaşa Şekspir yaradıcılığına xüsusi maraq göstərən azərbaycanlı tamaşaçıların ürəyincə olacaq”.

Azərpaşa Nemətov sonda onu da bildirdi ki, yeni təyinatından əlavə, Teatr Xadimləri İttifaqının sədri vəzifəsini də davam etdirəcək.

Tahirə