Avropa, hanı ədalətin?

Niyə 21 ildir işğalda saxladığı Azərbaycan torpaqlarına görə Ermənistana təzyiq edilmir?



Sentyabrın 10-da Avropa Parlamenti (AP) Azərbaycanla bağlı daha bir qərəzli qətnamə qəbul etdi. Təkcə son üç ayda AP ölkəmizlə əlaqədər üç üzdəniraq qətnamə qəbul edib ki, bununla da qurum Azərbaycana qarşı münasibətini ortaya qoyub. Azərbaycanda baş tutacaq önəmli tədbirlər və seçkilər ərəfəsində belə qətnamələrin qəbulu artıq AP üçün bir ənənəyə çevrilib. Necə deyərlər, "Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə xəstəliyinə yoluxub”.

Nəzərə almaq lazımdır ki, AP Azərbaycanda "Avrovision” mahnı müsabiqəsinin keçirilməsi ərəfəsindən tutmuş Avropa Oyunlarına qədər dəfələrlə qərəzli mövqe sərgiləyib. Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində təbii ki, "bu möhtərəm qurum” öz ənənəsinə xilaf çıxa bilməzdi. Elə ona görə də indidən Azərbaycana qarşı qərəzli qarayaxma kampaniyasına start verib. Azərbaycan cəmiyyəti üçün narahatlıq yaradan məqam ondan ibarətdir ki, nədən bu qurum xaos hökm sürən, qeyri-sabit həyat tərzi mövcud olan, addımbaşı insan hüquqları pozulan, korrupsiya halları tüğyan edən ölkələr barədə susur. Amma Azərbaycan haqqında heç bir həqiqətə uyğun olmayan, danoslara əsaslanan qətnamələr qəbul edir. Bu qurum hər dəfə qəbul etdiyi qətnamədən sonra Azərbaycan tərəfinin gətirdiyi arqumentləri təftiş etmir və öz mövqeyindən əl çəkmir. Məgər, belə münasibət qərəzlilik və məkrli siyasətin nəticəsi deyilmi?

Məqsəd ölkəmizin artan beynəlxalq nüfuzuna zərbə vurmaqdır

Əslində AP-nin parlament seçkiləri ərəfəsində Azərbaycanla bağlı saxta ittihamlarla dolu, qərəzli qətnamə qəbul edəcəyi gözlənilən idi. Çünki bu qurumun fəaliyyəti, dövlətlərə qarşı münasibətinin təhlili belə qətnamənin qəbulunu labüd edirdi. Başqa sözlə, Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində bu cür qətnamənin qəbulu heç də təəccüb doğurmur. Çünki Azərbaycanda mühüm tədbirlər ərəfəsində "gözəgörünməz qüvvələr tərəfindən” idarə olunan Avropa Parlamentində ölkəmizlə bağlı absurd iddialardan ibarət qətnamələrin qəbul olunması qurumun əsas fəaliyyət prinsiplərindən birini təşkil edir. Ancaq Azərbaycan təmsil olunmasa da, bu qurumda nüfuz sahibi olan dövlətlər var ki, belə qətnamələrin qəbulu onları düşündürməyə vadar etməlidir. Əks halda belə məlum olur ki, indiyə qədər "mötəbərliyi” ilə öyünülən Avropa Parlamenti erməni diasporunun təsir altında olan bir neçə deputatın girovuna çevrilib. Burada isə məqsəd və niyyət tamamilə aydındır: - Hər dəfə Azərbaycan dünya ölkələrinin diqqət mərkəzində olduqda yaranmış əlverişli şəraitdən istifadə etməklə ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq, Azərbaycanda keçiriləcək parlament seçkiləri üzərinə indidən kölgə salmaq.

İşğalçı Ermənistanın heç bir təzyiqə məruz qalmaması Avropanın içüzünü açmağa kifayət edir

Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin qərəzli və ədalətsiz olduğunu insanlarımız yaxşı anlayır. Avropa Parlamenti heç vaxt Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz evinə dönə bilməyən 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin haqları ilə maraqlanmayıb. Bu haqların Ermənistan tərəfindən 20 ildən artıqdır ki, pozulmasının qarşısını almaq üçün heç bir zaman Ermənistana təzyiq göstərməyib. Düşmən ölkənin şıltaqlığına etiraz etməyib. Azərbaycanın birmənalı olaraq işğal olunmuş 20 faiz ərazisi var və bu işğalın baiskarı da birbaşa həyasız Ermənistandır. Ancaq bu günə kimi təcavüzkar dövlətin heç bir beynəlxalq təzyiqə məruz qalmaması həqiqətən dünya gücləri adına, Avropadakı "demokratiya və hüquq şüarına” böyük ədalətsizlik və biabırçılıqdır. Haqlı iradlara və tənqidlərə baxmayaraq, ötən müddət ərzində nəinki Ermənistana təzyiq göstərilir, sanksiyalar tətbiq edilir, əksinə, işğalçı ölkə bir sıra Qərb dövlətləri, xüsusən Avropa təşkilatları tərəfindən hərtərəfli dəstək görür, himayə olunur. Bu da ondan irəli gəlir ki, Azərbaycana qarşı mövqe sərgiləyən əksər beynəlxalq qurumların tərkibində ermənilər, ermənipərəstlər və onları müdafiə edən qüvvələr var.

İslamafobiyanı körükləyən Avropa müsəlman ölkələrinə düşmən münasibət bəsləyir

Bu gün Avropa insan hüquq və azadlıqlarını qorumaq adı altında addımbaşı insan haqlarına həqarət edir. Hətta bunlar azmış kimi hər addımda regionda nüfuz sahibi olan Azərbaycana qarşı böhtan kampaniyasını həyata keçirir. Avropanın özündə isə insan haqları pozulur və islamafobiya artır. Xüsusən, islamafobiya son dövrlər daha qabarıq ortaya çıxan və getdikcə də geniş yayılmağa başlayan bir terminə çevrilib. Əslində, tarixə nəzər salsaq görərik ki, Avropanın islamdan qorxusunun kökü çox qədimlərə gedib çıxır. Çünki Qərbdə mövcud olmuş qüdrətli imperiyalara islam bayrağı altında edilən yürüşlər son qoyub. Həm tarixi yaddaş, həm də islamın ideoloji gücü xristian dünyası üçün bu gün də ciddi problem olmaqdadır. Qərb cəmiyyətində hər zaman mühafizəkarlıq, özündən olmayanlara qarşı nifrət ən yüksək səviyyədə diqqət çəkib. Bəşəriyyətin çox dəhşətli soyqırımlarının, kütləvi və amansız insan qırğınlarının müəllifləri məhz Qərb cəmiyyətinin yetirmələri olub. Son dövrlər isə qloballaşmanın gətirdiyi yeni münasibətlər sistemində Qərbin qorumağa çalışdığı bir çox dəyərlər sıradan çıxmağa başlayıb. Bunu Qərb cəmiyyətində də açıq etiraf edirlər və çarə axtarırlar. Bu dəyərləri qorumaq üçün mütləq qarşıda özündən olmayan qorxulu bir düşmən obrazına ehtiyac var. Bu baxımdan islamafobiyanın daha qabarıq təqdim edilməsinin səbəbi Avropanın özünü qoruma instinkti ilə bağlıdır. Qərbin qəbul etdiyi din anlayışı ilə, islam heç cür bir araya sığmır. Çünki islam dini insan yaşamının bütün mahiyyətini öz içərisinə alan konseptual bir dindir. Eyni zamanda insan yaşamının standartları üçün daha təsirli və mühafizəkardır. Odur ki, Qərbin siyasi institutları islamafobiyanın geniş yayılmasında maraqlıdırlar və hətta bunun üçün ciddi layihələr həyata keçirirlər. Qərbdəki islamafobiya Avropa dövlətlərinin müsəlman ölkələrinə olan münasibətinə çox mənfi təsir göstərir. Azərbaycan kimi müsəlman ölkələrinin güclənməsindən qorxan Avropatəşkilatları əllərinə keçən hər fürsətdə əsassız ittihamlara əl atırlar. Elə bu səbəbdən də Azərbaycan tərəfi haqlı olaraq qərəzli Qərb təşkilatlarına deyil, ədalət prinsipinin nisbətən qorunduğu təşkilatlara üz tutur. Çünki Azərbaycan dövləti müstəqil şəkildə siyasət yeridir, hüquqlarının və maraqlarının müdafiə olunduğu qurumlara üstünlük verir.

"Avropa İttifaqı Dağlıq Qarabağ məsələsinə münasibətdə ikili standartlardan çıxış edir”

Berlindəki Qafqaz və Xəzər Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Mattias Dornfeldt bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ məsələsinə münasibətdə ikili standartlardan çıxış edir ki, bu da münaqişənin nizamlanması yolunda əlavə maneələr yaradır. O bildirib ki, 21 ildən çoxdur beynəlxalq hüquqa zidd olaraq erməni hərbi işğalı altında olan Dağlıq Qarabağda keçirilən qeyri-qanuni bələdiyyə seçkiləri region əhalisinin iradəsini əks etdirmir: "1994-cü ildə atəşkəs haqqında saziş imzalananadək ərazinin azərbaycanlı əhalisi qəddarcasına öz torpaqlarından qovulub. Hazırkı Ermənistan Prezidenti Serj Sarkisyan başda olmaqla, erməni hərbi qüvvələrinin qaçaraq canlarını qurtarmaq istəyən insanlara - qadın və uşaqlara qarşı həyata keçirdikləri Xocalı soyqırımı faciənin pik nöqtəsi olub”. M.Dornfeldt bəyan edib ki, erməni diasporu tərəfindən maliyyələşdirilən müşahidəçilər seçkilərə legitimlik vermək məqsədilə monitorinq keçirsəydilər belə, seçkilərin heç bir beynəlxalq əsası olmayacaqdı. Almaniyanın nə Xankəndində olan rejimi, nə də keçirilən seçkiləri tanımadığını vurğulayan ekspert Avropa İttifaqının xalqların öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağ münaqişəsində ikili siyasət apardığını qeyd edib: "Brüssel Azərbaycanın ərazi bütövlüyünü keçmişdə həvəssiz dəstəkləyib. İndi isə belə sual yaranır: avropalı bürokratlar nə zamana kimi Ukraynada həll edilməmiş münaqişə qaldığı müddətdə bu siyasəti davam etdirəcəklər? Azərbaycan və Ukrayna ərazilərindəki separatçılara münasibətdə ikili standartlara son qoyulmayacağı halda, nəinki çox iddialı proqram olan "Şərq tərəfdaşlığı” absurda çevriləcək, həm də Cənubi Qafqazda sülh və təhlükəsizlik zəifləyəcək”.

İsmayıl