Müdafiə naziri işğalçıya ciddi mesaj verir

Elxan Şahinoğlu: “Əgər bölgədə gərginlik və genişmiqyaslı toqquşmalar istəmirlərsə, mərhələli həll planını işə salmalıdırlar”
Azad İsazadə: “Bu cür görüşlər təkcə cəbhəboyu zonada yox, bütün ölkə ərazisini əhatə etməlidir”


Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin Naxçıvan səmasını da əhatə edən birgə təlimlərinin və ordumuzun irimiqyaslı hərbi manevrlərinin ardınca müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçıları ilə müşavirə keçirib.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Z.Həsənovun sərhəd rayonlarının icra başçıları ilə müşavirə keçirməsini sadə məsələ saymır: "Bu, işğalçıya da ciddi mesajdır ki, vaxtınız bitmək üzrədir, əgər ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmasanız, lokal toqquşmaların miqyası artacaq. Əlbəttə, böyük dövlətlər, o cümlədən ABŞ, Rusiya və Fransa əllərindən gələni edəcəklər ki, müharibə başlamasın. Ancaq bölgədə geri dönüşü mümkün olmayan elə proseslər gedir ki, gələcək toqquşmaların qarşısını almaq getdikcə çətinləşir. Top Ermənistanın və həmsədlərin meydanındadır. Əgər bölgədə gərginlik və genişmiqyaslı toqquşmalar istəmirlərsə, mərhələli həll planını işə salmalıdırlar. Məhz bu planın işə düşməsi bölgəni müharibədən qurtaracaq. Başqa alternativ yoxdur”.

Hərbi ekspert Azad İsazadə isə hesab edir ki, müdafiə nazirinin cəbhəboyu zonada icra başçıları ilə müşavirə keçirməsində qəribə heç nə yoxdur: "Bu cür görüşlərin bu günə qədər keçirilməməsi o demək deyil ki, indiyə qədər cəbhədə vəziyyət çox yaxşı olub, son zamanlar gərginlik artıb. Əksinə, düşünürəm ki, bu cür müşavirələr lap çoxdan keçirilməli idi. Buna çox ciddi ehtiyac var. Mülki əhali ilə işləmək, onlara cəbhədəki vəziyyəti izah etmək normal bir haldır. Son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsi, düşmən təxribatlarının müharibə ilə nəticələnib, nəticələnməyəcəyi bəlli deyil. Biz müharibə şəraitində yaşayırıq və hər an hər şey ola bilər. Ancaq ki, cəbhə zonasında yaşayan insanlar üçün müharibə hər gün davam edir. Cəbhə zonasında məskunlaşan mülki şəxslərin davranışı, onların təhlükəsizliyi Müdafiə Nazirliyinin sistemi ilə uyğunlaşdırılmalı və birgə addımlar atılmalıdır.

Bir daha qeyd edim ki, müharibə şəraitində olduğumuz üçün ordu nazirinin cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçıları ilə müşavirə keçirməsi təbii haldır, sadəcə əvvəllər biz bu cür görüşlərin şahidi olmadığımız üçün indi bizə qəribə gəlir, arxasında hansısa məqsəd güdürük”.

A.İsazadənin sözlərinə görə, bu cür görüşlər təkcə cəbhəboyu zonada yox, bütün ölkə ərazisini əhatə etməlidir. Ordu rəhbərliyi mülki əhali ilə tez-tez görüşlər keçirib, onları eksterimal şəraitə uyğunlaşdırmalıdır ki, sabahları müharibə başlasa, əhali panikaya düşməsin və nə edəcəyini bilsin.

Ekspertin sözlərinə görə, son günlər Müdafiə Nazirliyinin cəmiyyəti düşmən mövqelərinə və səngərlərinə endirdiyi atəş zərbələri barədə məlumatlandırması da Azərbaycan ordusunun yüksək hazırlıq göstəricisidir: "Bu da bir növ mülki əhaliyə bir mesajdır ki, Azərbaycan ordusu yerindədir, xalqı yadından çıxarmayıb və daima səngərdə əhalini qoruyur”.

Şəymən