7 jurnalist deputat olmaq istəyir

İmkanları daha geniş olan baş yazarlar isə hələ qəti qərara gəlməyiblər




Azərbaycanda rəsmən parlament seçkilərinə start verilib. Deputat olmaq istəyənlər namizədliklərini irəli sürməyə başlayıblar. Namizədlər arasında siyasətçilər, söz adamları və qazilərlə yanaşı, media nümayəndələri də var. Məlumdur ki, dünyanın müxtəlif parlamentlərində kifayət qədər jurnalistin təmsil olunması bir faktdır.

Məsələn, Türkiyədə parlament seçkilərində bir çox jurnalistlərin namizədliyi irəli sürülüb və onlardan bir çoxu millət vəkili adını qazanıb. Azərbaycanda da artıq bir neçə jurnalist namizəd olduğu dairənin adını açıqlayıb. Ancaq hələlik qərarsız olan və ümumiyyətlə, builki seçkidə şansını sınamaq istəməyən jurnalistlər də var. Konkret olaraq seçkiyə qatılmaq qərarı verən media nümayəndələrindən biri Parlament Jurnalistlər Birliyinin sədri, "Modern.az” saytının baş redaktoru Elşad Eyvazlıdır. Namizədliyini irəli sürən E.Eyvazlı artıq seçki hazırlığı prosesinə başlayıb. Amma tanınmış jurnalist hələlik hansı dairədən namizəd olacağını müəyyən etməyib. Həmkarımız bildirib ki, tələsmək lazım deyil, vaxtı çatanda hər şey məlum olacaq.

Namizədliyini irəli sürən şəxslərdən biri də tanınmış jurnalist İlhamiyyə Rzayevadır. O, 2015-ci il seçkilərinə hədəf olaraq yaradılan "125”lər siyasi klubunun sədridir. Jurnalist artıq namizəd olacağı dairəni də müəyyənləşdirib. İ.Rzayeva 17 saylı Yasamal rayon 3-cü seçki dairəsindən namizədliyini irəli sürəcəyini bildirib. Maraq üçün deyək ki, həmin seçki dairəsi üzrə hazırkı deputat Ülvi Quliyevdir.

Tanınmış jurnalist, "Turan” İnformasiya Agentliyində iqtisadi informasiyalar yazan Hafiz Babalı da deputatlığa namizəd olanlar arasındadır. Bu barədə məlumatı jurnalistin özü yayıb. O, REAL Hərəkatının üzvü kimi seçkilərə qatılacağını bildirib. 25 ilə yaxındır mətbuatda çalışan H.Babalı 42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən Milli Məclisin üzvlüyünə namizədliyini irəli sürüb.

"Xalqxeber.Az” İnformasiya Agentliyinin baş redaktoru Peyman Sadıqov da 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürəcəyini açıqlayıb. Jurnalistin sözlərinə görə, Şirvan şəhər əhalisinin bir qismi namizədliyinin irəli sürülməsi barədə təşəbbüsü ondan xahiş ediblər: "Şirvanlıların məni deputat görmək istəməsi çox vacibdir. Çünki daim Şirvanda sosial problemlərlə maraqlanmışam və çatışmazlıqların aradan qaldırılması istiqamətində əlimdən gələni əsirgəməmişəm. Şəhid ailələrinin, Qarabağ əlillərinin, xüsusən də məcburi köçkünlərin

bütün çətinliklərində yanında olmaqla yanaşı, onların sosial problemlərinin həll olunmasına köməklik göstərmişəm. Əgər deputat seçilsəm, xalqa, seçicilərimə xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq”.

"Sumqayıtxəbər.az” portalının rəhbəri Eyvaz Qocayev də deputat olmaq istəyir. Baş redaktor seçkilərdə Sumqayıt şəhər 43 saylı üçüncü seçki dairəsindən namizədliyini verəcək. E.Qocayev deyib ki, ötən bir gün ərzində gələn müsbət fikirlər və dəstək rəyləri onu daha da ruhlandırıb: "Bir daha əmin oldum ki, verdiyim qərar doğrudur. Sizlərin də dəstəyi ilə daha böyük uğurlar əldə edəcəyimizə əminəm”.

"Gundeminfo.az” saytının rəhbəri Razi Abasbəyli də namizədliyini irəli sürüb. Artıq jurnalistin Seçki Qərargahı fəaliyyətə başlayıb. R.Abasbəyli 63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığını verib: "Seçkilərdə namizədliyim Ümid Partiyası tərəfindən dəstəklənib. Dairə ərazisində əhali arasında seçki ovqatının yüksəldilməsi, insanların seçkidə aktiv iştirakını təmin etmək üçün lokal qaydada sorğular keçiririk. İmza toplamaq üçün kəndlərdə insanlarla görüşürük. Güman edirik, seçkidə böyük şansımız var və sakini olduğum, doğulub boya-başa çatdığım el-obamın insanları bizim zəhmətimizi yüksək qiymətləndirəcəklər”.

Bir müddət əvvəl namizəd olacağını açıqlayan "Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy isə hələlik qəti qərarını verməyib: "Qalan günlər ərzində bir daha imkanları götür-qoy edəndən, dostlarla məsləhətləşəndən sonra seçki ilə bağlı son qərarımı verəcəyəm. Əgər seçkilərə qatılsam, şübhəsiz ki, 72 saylı Yardımlı-Masallı seçki dairəsini seçəcəyəm. Çünki 2010-cu ildə bu dairədə böyük seçki təcrübəsi toplamışam və seçicilərimin kifayət qədər rəğbətini qazanmışam. Bu dairə mənə ən xırda problemləri ilə belə yaxşı tanışdır. Dəyərli seçicilərimin də özümə dəyər verdiyini artıq ilk cəhddə görmüşəm”.

Namizədliklə bağlı adı hallanan "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə doğulduğu Tovuz rayonundan namizədliyini irəli sürə biləcəyini deyib. Baş redaktor seçkilərdə iştirakla bağlı qəti qərar verməsə də, namizəd olmaq istədiyini gizlətməyib: "Hələ qəti qərar verməmişəm. Prosesləri izləyirəm, dairələrə baxıram. Ona görə də tələsmirəm”.

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə deputat olmaq niyyətində deyil: "Bu haqda fikirləşməmişəm. Belə bir fikrim yoxdur. Bəyəm Azərbaycanda hamı millət vəkili olmalıdır?”.

"AzNews.az” saytının baş redaktoru Elçin Zahiroğlu da parlamentə düşmək fikrində deyil. Baş redaktor bu fikirdə olan həmkarlarına "daşı ətəklərindən tökməyi” məsləhət görüb: "Kimin artıq enerjisi, potensialı varsa, elə məşğul olduğu sahəyə sərf etsin. İndi mətbuat sahəsində ciddi boşluqlar var. Bu boşluqları doldurmaq, problemləri çözmək üçün peşəkar adamların ciddi əməyinə ehtiyac var. Belə olan halda tanınmış jurnalistlərin mediadan ayrılıb qanunverici orqanda vaxt itirmələrini, vəkil olmalarını heç istəmirəm. Peşəkar, bacarıqlı baş redaktorun xalqın problemlərini həll etmək imkanı, neqativlərin aradan qaldırılması üçün görə biləcəkləri iş deputatların gördükləri işdən heç də az deyil”.

İsmayıl