Avropa Parlamentinin qətnaməsi xalqa qarşı çevrilib

Milli Məclisin növbədənkənar iclasında məlum qətnaməyə etiraz edildi



Ötən gün Milli Məclisin növbədənkənar xüsusi plenar iclası keçirilib. Toplantıda Avropa Parlamentinin 10 sentyabr tarixli iclasında Azərbaycandakı insan hüquqlarının vəziyyətilə bağlı qəbul olunmuş qətnamənin müzakirəsi keçirilib.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bu qətnamə ilə Avropa Parlamenti bütün davranış qaydalarını kobud şəkildə pozub: "Biz Avropa Parlamentinin Azərbaycana qərəzli qətnamələr qəbul etdiyinin dəfələrlə şahidi olmuşuq. Ancaq bu dəfə Avropa Parlamenti bütün sərhədləri keçdi. Biz Avropa Parlamentinin iclasını canlı müşahidə etdik və oradakı deputatların Azərbaycana qarşı nə qədər qərəzli mövqe tutduğunu gördük. İclasdakı məlumatlar açıq-aşkar saxtakarlığa əsaslanıb. Avropa Parlamenti adi cinayət faktlarını siyasiləşdirir, məhkəmə sisteminə müdaxilə edir”.

"Azərbaycan heç kimin sözü ilə oturub-durmayacaq. Biz müstəqil siyasətimizi davam etdirəcəyik”

Spiker vurğulayıb ki, Avropa Parlamentində bütün beynəlxalq davranış qaydaları pozularaq tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətə qarşı çıxışlar edilib: "Hər dəfə Avropa Parlamenti Azərbayacana qarşı qərəzli qətnamə qəbul edəndə, biz çalışmışıq ki, tarazlı münasibət bildirək. Amma görünən odur ki, məsələ başqa bir rakurs alır. Bu fikirlərimin arxasında əsaslı faktlar dayanır. Əvvəllər prosedur məsələləri müəyyən olunurdu, sonra da plenar iclas keçirilirdi. Amma bu dəfə tamam başqa cür yanaşma oldu. Əvvəl iclaslarda 50-60 nəfər güclə iştirak edirdi. Bu dəfə isə tamam fərqli olaraq 635 nəfər deputat Azərbaycanla bağlı müzakirələr apardı. Çox maraqlıdır ki, iclasın gedişində Avropa xarici əlaqələr komitəsinin sədri Elmar Brok qətiyyətlə bildirdi ki, iclasda prosedur qaydalarını pozmaq olmaz. İclasda müzakirə olunan məsələlər əvvəlcə komitə iclaslarında müzakirə olunmalı və daha sonra plenar iclasa çıxarılmalıdır. O dedi ki, bu cür hərəkət etməsək, Azərbaycanı itirə bilərik. Bu çıxışından dərhal sonra Azərbaycanın "dostu” xanım Lunaçik bu dəfə "xüsusi” fəallıq göstərərək tribunaya çıxıb qətiyyətlə bildirdi ki, məsələ gündəlikdə qalmalıdır. Daha sonra Azərbaycanı sevməyən daha iki adam çıxış edərək qətnamənin müzakirə edilməsini təkid etdilər. Müzakirələrdə qətnamənin əleyhinə 202 nəfər, 72 nəfər isə bitərəf qaldı. Bu o deməkdir ki, Azərbaycanla hələ də əməkdaşlıq etmək istəyənlər var. Amma heyif ki, onların səsi eşidilmədi”. O.Əsədov söyləyib ki, Azərbaycan heç kimin sözü ilə oturub-durmayacaq: "Biz müstəqil siyasətimizi davam etdirəcəyik. Xalqla iqtidar arasında möhkəm birlik var. Hesab edirəm ki, hakimiyyət "Şərq tərəfdaşlığı” proqramını yenidən nəzərdən keçirməlidir. Baxaq görək, bu təşkilatla əməkdaşlıq etmək lazımdır, ya yox”.

Spiker Avropaya üz tutan miqrantlar məsələsinə də toxunub. O deyib ki, bu gün dəhşətli müqayisə yaranıb: "7 milyon kvadrat kilometr ərazisi, 1 milyard əhalisi olan Avropa 300-400 min qaçqını qəbul edə bilmir. Torpaqlarının 20 faizi işğal olunan Azərbaycan dövləti 25 ilə yaxındır bir milyondan çox qaçqını saxlayır. Amma danışanda, avropalıların ağzına çullu dovşan sığmır”. Milli Məclis sədri qeyd edib ki, bu gün Avropanın Yaxın Şərqdən gələn qaçqınları qarşılama mənzərəsi əsl konslager mənzərəsini yaradır: "Adam baxa bilmir. Mənim ürəyim ağrıyır. Qaçqınlarla qeyri-insani rəftar edirlər. Çörəyi hətta elə atırlar ki, üzr istəyirəm, sanki heyvana atırlar. Budur Avropa dəyərləri?”.

"Avropa Parlament Assambleyasında fəaliyyətimizi dayandırmalıyıq”

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə parlamentdə ciddi təhlil olunmalıdır. Azərbaycan ölkəmizə qarşı aparılan bu provakasiyanı pisləyir və layiqli cavab verilməsini tələb edir”. Bu sözləri Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov deyib. Millət vəkili bildirib ki, Avropa Parlamenti Azərbaycandakı seçkilər ərəfəsində tez- tələsik böhtan dolu qətnamə qəbul etməklə öz nüfuzuna böyük zərbə vurdu və onlar uzun müddət bunun altından çıxa bilməyəcəklər: "Qətnamələr, vədlər və digər addımlar ciddi əhəmiyyət kəsb edə bilməz. Tək Azərbaycanın deyil, bütün dünyanın gözü qarşısında onlar müstəqil dövlətə qarşı məsuliyyətsiz addım atdılar. Haqq sözə və sağlam qüvvələrə qulaq asmadan, qətnaməni qəbul etdilər. Bunun tək cavabı odur ki, Azərbaycan regionda azad söz sahibinə çevrilib. Eyni zamanda, Azərbaycan öz xalqının maraqları ilə oturub-durmaq və inkişaf etmək iqtidarındadır. Azərbaycan dövləti işğal olunan torpaqları Avropa Parlamentindən dəstək almadan azad etmək iqtidarındadır. Bütün bunlar da onları qorxuya salır. Qətnamə bizə göstərdi ki, Avropa Parlamenti insan haqlarından istifadə edərək müstəqilliyə zərbə vurmağa çalışdılar. Bir faktı göz önünə gətirim ki, sənədin təşəbbüskarlarından biri Avropa Azad Alyansın deputatları idi. Onlar da vaxtı ilə Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin bəzi qüvvələrini üzvlüyə qəbul ediblər. Milli maraqlar və Prezident İlham Əliyevin yürütdüyü siyasət naminə öz sözümüzü deməliyik. Sağlam qüvvələrlə birləşib Avropa Parlament Assambleyasında fəaliyyətimizi dayandırmalıyıq”.

"Avropalılar tolerantlığı, şəffaf seçkinin necə keçirildiyini gəlib Azəbaycandan öyrənsinlər”

Millət vəkili Əli Hüseynli qeyd edib ki, əgər Azərbaycan xalqı Avropa ilə hər hansı bir siyasi və mədəni münasibətlərdən narazıdırsa, onda Avropa ilə əlaqələrin davam etdirilməsinin heç bir əhəmiyyəti yoxdur: "Azərbaycanın Avropa İttifaqına üzv olan bəzi dövlətlərlə əlaqələri mövcuddur. Bundan sonra da əlaqələr davam etdiriləcək. Biz Azərbaycanla münasibətdə olan Avropa İttifaqına üzv ölkələrin nümayəndələrini ölkəmizə dəvət edəcəyik. Onlar gəlib Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər. Düşünürəm ki, bir təşkilat kimi Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmalıyıq və tövsiyələrimizi verməliyik. Parlament seçkilərində bizim üçün hansısa beynəlxalq qurumun, təşkilatların fikri yox, Azərbaycan xalqının fikri, mövqeyi, müşahidəsi vacibdir”.

"Azərbaycanda olan inkişafı gözü götürməyənlərə bildiririk ki, bu mövqelərindən əl çəksinlər”. Bunu isə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Millət vəkili qeyd edib ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin 10-cu maddəsində yazılıb ki, Leyla və Arif Yunuslar Ermənistanla Azərbaycan gəncləri arasında münasibət yaratdıqlarına görə həbs olunublar: UBundan böyük ədalətsiz yanaşma olar? Təcavüzə, soyqırıma məruz qalan bizik. Avropa Parlamentində oturan ermənipərəstlərlə bizim satqınlar, Milli Şura birgə fəaliyyət göstərir. Azərbaycanda bütün siyasi partiyalar, QHT-lər seçkilərdə iştirak edəcəyini bildirir, bir Milli Şuradan başqa. Çünki onlar həmin qüvvələrdən qrant alırlar. Qrant aldıqları qüvvələrin sabah Azərbaycanla bağlı verdiyi bəyanatda özlərini element kimi görmək istəyirlər. Avropalılar tolerantlığı, şəffaf seçkinin necə keçirildiyini, mənəvi dəyərlərin necə qorunduğunu gəlib Azərbaycandan öyrənsinlər. Onlar bilsinlər ki, Azərbaycanda iqtidarla xalq birdir”.

"Axı Azərbaycandan nə istəyirsiniz? Niyə paxıllıq edirsiniz?”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov vurğulayıb ki, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əhəmiyyətsiz bir kağız parçasıdır: "Qətnamədə Azərbaycanla bağlı əks olunanlar tamamilə yalan, böhtan və qərəzdir. Bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır. Bunların məqsədi Azərbaycanın beynəlxalq imicini ləkələməkdir. Avropa yalandan iddia edir ki, guya, Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunların özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar. Azərbaycanda heç bir siyasi məhbus və ya təqib olunan jurnalist yoxdur. Avropa bu cür yolla Azərbaycana təzyiq etməyə çalışır. Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb. Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz?”.

Z.Əsgərov qeyd edib ki, Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək və Avropa artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatlar hazırlayıb: "Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?”.

Z.Əsgərov Avropada yaranmış miqrant böhranı və ərəb ölkələrində baş verən hadisələrə də toxunaraq bildirib ki, indi Misirdə, Liviyada, Suriyada, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir: "Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onları kim qaçqın etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. İndi də minlərlə miqrantı dənizdə batırırsınız, öldürüsünüz. Axı bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa Azərbaycana necə demokratiyadan, insan haqlarından danışa bilər? Milli satqınlar da Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var. Onlar Azərbaycan Prezidentinə paxıllıq edirlər. Çünki onların özlərində belə Prezident yoxdur”.

"Azərbaycanı köhnə imperiyanı bərpa etmək istəyənlərin ağuşuna atmaq istəyi hiss olunur”

Millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək bildirib ki, məlum qətnamə xalqa qarşı çevrilib: "Bütünlüklə bu qətnamə xalqa təhqiridir. Heç kim demir ki, idealıq. Bütün Avropa hakimiyyətlərində qüsurlar var. Amma bizə yanaşmada daha qərəzli münasibət var. Onların bu münasibətini gizlətmək mümkün deyil. Burada da erməni lobbisinin xüsusi rolu, xristian-müsəlman davasının elementləri, həm də Azərbaycanı yenidən savaşa çəkmək var. Eyni zamanda Azərbaycanı köhnə imperiyanı bərpa etmək istəyənlərin ağuşuna atmaq istəyi hiss olunur. Azərbaycanla Avropanın səmimi münasibətlərini pozmaq istəyirlər. Heç kimə sirr deyil ki, Azərbaycan bölgədə sabitlik adasıdır. Jurnalist Rasim Əliyev operator idi. Axı onun hakimiyyətə qarşı ciddi iradı olmayıb. İndi qətnamədə onun qətlini hakimiyyətin üzərinə atırlar”.

Deputat Vahid Əhmədov qeyd edib ki, Avropa Parlamenti Avropa dövlətləri demək deyil: "Azərbaycanın bir çox Avropa ölkələri ilə sıx əlaqələri var. Hesab edirəm ki, Avropa Parlamenti ilə işləmək lazımdır. Xüsusilə Azərbaycanın əleyhinə olan qüvvələrlə işləri daha da genişləndirmək zəruridir”.

Deputatın çıxışına spiker Oqtay Əsədov reaksiya verib: "Biz demirik ki, Avropa ilə əlaqəni kəsirik. Bizim Avropa Parlamenti qarşısında heç bir öhdəliyimiz yoxdur. Həmin parlamentin sədri Şults Avropa Oyunları ərəfəsində deputatlara göstəriş vermişdi ki, Azərbaycana rəsmi, ya da qeyri-rəsmi səfər edilməsin. Sonradan qətnamənin əleyhinə olan 202 deputatın çoxu bizə zəng edib gələ bilmədikləri üçün üzrxahlıq etdilər”.

"Biz müstəqil dövlət kimi böyük qardaşlara artıq lyox” demişik. İndi bizə ikinci böyük qardaş lazım deyil”

Bundan sonra spiker deyib ki, Avropa Parlamentinin qətnaməsinə cavab olaraq Azərbaycan Milli Məclisində qətnamə hazırlanmalıdır: "Avropa Parlamentinə qarşı hazırlanan qətnamə dəqiqliklə işlənməlidir. Bu, çox vacib bir məsələdir. Əgər biz bu gün Avropa Parlamentinin qətnaməsinə
cavab verməsək, onlar bu qərəzli mövqelərini mütəmadi davam etdirəcəklər. Düşünürəm ki, qətnamənin qəbul olunması vacibdir”.

Qətnamə layihəsinin hazırlanması üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Qənirə Paşayeva, Çingiz Qənizadə, Qüdrət Həsənquliyev və Sahibə Qafarovadan ibarət komissiya formalaşdırılıb. Parlamentin sədri deputatlara qətnamə üzərində dəqiq işləməyi tapşırıb.

Hazırlanan qətnamə layihəsi iclasın ikinci hissəsində müzakirə edilib.

Millət vəkili Azay Quliyev bildirib ki, bu qətnamədə o qədər absurd ifadələr var ki, onu ciddiyə almamalıyıq: "Bizim Avropa İttifaqı ilə münasibətlərimiz şəffaf şəkildədir. Biz "Avronest”lə də əməkdaşlıq etdik. Amma onlar müqabilində bizə riyakarlıq, ikiüzlülük göstərdilər. Avropa İttifaqının yüksək çinli rəsmilərinin səfəri təxirə salınıb. Bu siyasət davam etməlidir”.

Deputat Asim Mollazadənin sözlərinə görə, bu qətnamə informasiya müharibəsinin bir hissəsidir. Onun sözlərinə görə, Avropa Parlamentinin qarşısında öz etirazlarımızı bildirməliyik: "Avropanın tanınmış siyasətçilərinin işğal olunmuş torpaqlara səfərləri başladı. Avropa Parlamentinin Dağlıq Qarabağa gedən deputatlarına 50 mindən səkkiz minə qədər avro verilir. Azərbaycanla bağlı qətnamənin lehinə səs verənlərin çoxu özlərini demokratiyanın carçısı adlandırır, hansı ki onlar demokratiya olmayan ölkələrlə bağlı sanksiyaların qaldırılmasının tərəfdarıdırlar və bunu tələb edirlər. Biz müstəqil dövlət kimi böyük qardaşlara artıq lyox” demişik. İndi bizə ikinci böyük qardaş lazım deyil”.

Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar verdi

Müzakirələrdən sonra Avropa Parlamentinin məlum qətnaməsi ilə əlaqədar Milli Məclis sənəd qəbul edib. Qərar layihəsini parlamentin sədr müavini, Avropa İttifaqı Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Valeh Ələsgərov oxuyub. Sənəddə bildirilir ki, Avropa Parlamentinin məlum qətnaməsi qurumun Azərbaycana qarşı son dərəcə qərəzli olduğunu göstərir: "Azərbaycana şər atılır, nüfuzuna xələl gətirilməsinə və Azərbaycanın təcrid olunmasına cəhd olunur. Ötən ilin sentyabrından bu qurum yeni tərkibdə fəaliyyətə başladığı vaxtdan Azərbaycanla qurum arasında hər hansı dialoqun baş tutması bu təşkilatın bəzi üzvlərinin, o cümlədən sədrinin günahı ucbatından mümkün olmayıb. Avropa Parlamentinin deputatlarının, sədrinin Azərbaycana səfərinə təşkilat tərəfindən qeyri-rəsmi qadağa qoyulub”.

Qərarda bildirilir ki, qətnamədə bir sıra şəxslərin azad olunması ilə bağlı tələblər heç bir hüquqi əsas doğurmur və Azərbaycan məhkəmələrinin işinə müdaxilədir.

Anar Bayramoğlu