“Parlamentdə gənclər, eyni zamanda ortayaşlı şəxslər olmalıdır”

Elçin Mirzəbəyli: “Şəxsən istərdim ki, bu prosesdə siyasi təcrübəsi çox olan, çevik qərar qəbul etməyi bacaran insanlar iştirak etsinlər”



Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq görən siyasi qurumlardan biri də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. İndiyə qədər 80-dən çox namizəd irəli sürən BAXCP hakim Yeni Azərbaycan Partiyasından sonra parlamentdə ən çox yer tutmaq iddiasındadır. Seçkiyə hazırlıq prosesi ilə bağlı "Şərq”ə müsahibə verən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli hazırlıq işlərinin demək olar ki, başa çatdığını bildirib.

- Hazırlıq prosesi yaxşı gedir. Partiyanın səlahiyyətli nümayəndələri rayonlara səfər edirlər və deputatlığa namizədlərlə birlikdə müvafiq qaydada sənədləri seçki komissiyalarına təqdim edirlər. Bu prosedur başa çatandan sonra imzatoplama kampaniyasına start veriləcək. Ondan sonra namizədlərin qeydə alınmasını gözləyəcəyik. Yekun olaraq da seçkidə hansı formada təbliğat aparacağımızı müəyyən edəcək.

- Partiya tərəfindən konkret olaraq nə qədər namizədin irəli sürülməsi nəzərdə tutulub?

- Bugünə qədər 80-dən yuxarı namizədimizi müəyyən etmişik. Ola bilsin, partiyanın İdarə Heyətinin qərarı ilə namizəd sayında yenidən artım olsun. Bu səbəbdən konkret rəqəm açıqlaya bilmərəm. Namizədlərin hamısı qeydə alındıqdan sonra tam sayı ictimaiyyətə çatdıracağıq.

- Şəxsən sizin namizədliyinizlə bağlı partiyada müzakirə aparılıbmı?

- Namizədlik məsələsi fərdi yox, kollegial qaydada həll olunur. Əlbəttə, bu zaman konkret şəxsin də arzu və istəkləri nəzərə alınır. Əgər namizədliyimlə bağlı qurumun müvafiq orqanlarında hansısa qərar olarsa, bu barədə ictimaiyyətə məlumat verəcəm. Yəni hər şey partiyanın idarə heyətinin mövqeyindən və şəxsən mənim qərarımdan asılı olacaq.

- Hansısa kənar partiyanın namizədinə güzəşt olacaqmı?

- Bu barədə hansısa partiya ilə danışığımız, müzakirəmiz olmayıb. Amma bizim artıq bir ənənəmiz formalaşıb, namizəd siyahımız ortadadır. Əgər BAXCP hansısa dairədən namizəd irəli sürməyibsə, deməli, həmin dairələri kimlərəsə güzəştə gedib. Çalışırıq ki, ideoloji baxımdan bizə yaxın olan partiyalara bu və ya digər formada dəstək verək.

- "Milli Şura”nın seçkini boykot etməsinə münasibətiniz necədir?

- Milli Şuranın seçkini boykot etməkdən başqa yolu yox idi. Çünki bu qurum ortalığa çıxartmağa namizəd tapmır. Həmçinin, yaxşı bilir ki, irəli sürdükləri namizədlər heç bir uğur qazanmayacaq. Ümumiyyətlə, "Milli Şura” xarici bir ölkənin layihəsi kimi ötən Prezident seçkisində fiaskoya uğradı. İndi eyni biabırçılığı yenidən yaşamağa qorxurlar. Ona görə də potensiallarını nəzərə alaraq seçkiyə getmirlər. Təbii ki, "Milli Şura” seçkini boykot qərarı ilə eyni zamanda itaət etdiyi xarici dairələrin maraqlarına da xidmət edir.

- ATƏT-in seçkidə müşahidəçilikdən imtina etməsini necə dəyərləndirirsiniz?

- ATƏT-in müvafiq bürosu belə bir qərar vermək hüququna malik deyil. Çünki bu, onların mandatına uyğun deyil. Birincisi, sözügedən qurum Avropada təhlükəsizlik üzrə əməkdaşlıq işinə baxır. İkincisi də, təşkilatın əlahiddə şöbəsinin seçki ilə bağlı qərar vermək səlahiyyəti yoxdur. Bu nonsensdir və növbəti Qərb biabırçılığıdır.

- Fərqli peşə və müxtəlif yaş sahiblərinin, xüsusən gənclərin seçkiyə qatılmaq təşəbbüsünə necə baxırsız?

- Normal baxıram. Konstitusiyaya görə, 25 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı parlament seçkisində iştirak edə bilər. Peşələrin bura heç bir dəxli yoxdur. Bu amilin önə çəkilməsinin tərəfdarı deyiləm. Yəni "jurnalist və s. peşə sahibləri parlamentdə təmsil olunmamalıdır” kimi fikirlər kökündən yanlışdır. Arzu edən istənilən vətəndaş buyurub seçkiyə qatıla bilər.

- Parlamentdə təmsil olunmaqla bağlı gənc-yaşlı söhbəti də gündəmə gəldi. Sizcə, Milli Məclisdə yaş fərqinin mahiyyəti nə qədərdir?

- Şübhəsiz ki, parlamentdə gənclər, eyni zamanda ortayaşlı kişi və qadınlar olmalıdır. Həmçinin, yaşlılar da Milli Məclisdə təmsil oluna bilər. Çünki parlament Azərbaycan cəmiyyətinin bir hissəsidir. Cəmiyyətdə əhalinin say nisbəti necədirsə, tərkibi nə qədər qarışıqdırsa, parlament də bunun yansımasıdır. Əlbəttə ki, deputatlığa iddialı olan şəxs hüquqi bilgilərə yiyələnməli, aktiv hərəkət etməli, hadisələri təhlil etmək bacarığına sahib olmalıdır. Bu baxımdan şəxsən istərdim ki, bu prosesdə siyasi təcrübəsi çox olan, çevik qərar qəbul etməyi bacaran insanlar iştirak etsinlər.

- Rektorların parlamentdə yer alması da ictimai narazılığa səbəb olur. Bu məsələylə bağlı fikriniz necədir?

- Bu məsələdə hansısa ikinci fikir söyləmək yersizdir. Çünki konstitusion normaya əlavə şərh vermək absurddur. Mövcud qanunun tələbi odur ki, icraedici orqanlarda çalışan şəxslər paralel olaraq qanunvericilik orqanlarında təmsil oluna bilməzlər. Bu təcrübə uzun illər boyu Azərbaycanda olub. Hesab edirəm ki, hər şey həmin şəxslərin namizədliyini irəli sürən partiyalardan və namizədlərin şəxsi mövqeyindən asılıdır. Bəlkə həmin şəxslər parlamentdə oturmağı hansısa icraedici orqanda çalışmaqdan üstün tuturlar?!

İsmayıl