Media və seçki...

Baş yazarlar hesab edir ki, KİV seçki mədəniyyətinin formalaşmasında böyük rol oynayır




İstənilən proseslə bağlı "cəmiyyətin güzgüsü” sayılan medianın rolu bütün dünyada yüksək qiymətləndirilir. Məxsusi olaraq seçkilər dövründə KİV-ə çox böyük üstünlük verilir. Çünki siyasilər hər zaman öz təbliğatlarının istər yazılı, istərsə də elektron mətbuatda aparılmasında maraqlı olurlar. Ona görə də müxtəlif maraqların çatdırılmasına imkan verən və fərqli strukturlar tərəfindən dəstəklənən rəngarəng KİV-lərin olması tələb olunur. Bu da bütövlükdə media qurumları arasında rəqabət mühiti yaradır.

Heç kimə sirr deyil ki, indiyədək ölkəmizdə bir çox seçki prosesi baş tutub. Bu seçkilərin hər birində ölkə mediası daha mütəşəkkil şəkildə iştirak edib. Şübhəsiz ki, müstəqilliyin ilk illərində seçkilərin mediamızda işıqlandırılması bu sahədə daha təcrübəli olan Qərb ölkələrinin KİV-lərindən geri qalırdı. Amma indiki halda Azərbaycan KİV-i müəyyən qədər təcrübə qazana bilib. Bir sözlə, ölkəmizdə fəaliyyət göstərən əksər media quruluşları seçki prosesinin yerli və beynəlxalq qanunlara uyğun şəkildə işıqlandırılmasında və vətəndaşların maarifləndirilməsində əsas vasitəyə çevrilə biliblər. Hətta son illər mətbuatın seçkilərə dair aktivliyi müşahidə olunur ki, bu da seçicilərdə maraq oyadır. Buna rəğmən qeyd edək ki, bəzi media orqanları seçki prosesində seçki və media prinsiplərinə zidd davranışlara yol verir. Bunun da səbəbini ekspertlər müxtəlif amillərlə - qeyri-peşəkarlıq, tərəfli mövqe və s. izah edirlər. Əlbəttə, belə arzuolunmaz nöqsanlar "Seçki prosesində Azərbaycan mətbuatı necə davranmalıdır” sualını gündəmə gətirir. Elə biz də bu sualın cavabını media kapitanları ilə aydınlaşdırmağa çalışdıq.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Şərq”-ə söylədi ki, hansısa mətbuat orqanı qeydə alınmış namizədlərin ödənişli əsaslarla təbliğatında iştirak etmək istəyirsə, Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir: "Seçkilərin işıqlandırılması və seçki prosesi barədə maarifləndirici məlumatların yayılması mətbuatın missiyasıdır. Təbii ki, siyasi proseslər nə qədəraktiv olarsa, mediada  daha çox mövzu yaranır. Bu baxımdan istənilən media quruluşu seçkidə iştirak etməyə çalışır”.

Baş yazarın sözlərinə görə, KİV seçkidə tərəfsizliklərini qoruyub saxlamalıdır: "Media "KİV haqqında” qanun tələblərinə əməl etməlidir”.

Hər seçki ərəfəsində ölkəmizə olan basqılardan söz açan müsahibimiz vurğulayıb ki, Azərbaycan mətbuatı dünyada baş verən prosesləri yaxından izləməyi bacarır: "Bu məsələdə mətbuat Azərbaycan dövlətinin və xalqının maraqlarından çıxış etməlidir, edir də. Lakin belə mətbu orqanlarımızın sayı azdır. Azərbaycan mediası bu istiqamətdə xarici media qurumları ilə əlaqələrini genişləndirməlidir. Bacardıqca daha çox işləmək lazımdır. Eyni zamanda mətbuatımızın digər dillərdə yayımı təşkil olunmalıdır. Digər yandan medianın maddi-texniki bazasını gücləndirmək lazımdır. Hesab edirəm ki, həmin istiqamətdə daha ciddi layihələr həyata keçirilməlidir”.

"Qeydə alınmış namizədlər qəzet və saytlarda öz təbliğatlarını aparmaqda maraqlıdırlarmı” sualına gəlincə, həmsöhbətimiz qeyd edib ki, hələ ki, proseslər başlamayıb: "Hazırda təbliğatın aparılması qadağan olunub. Yəqin ki, müraciət olunduqdan sonra təbliğatlar start götürəcək. Təbliğatın çap və elektron mediada aparılmasına gəlincə, deyərdim ki, bu, namizədin öz istəyindən asılıdır. Bəzən təbliğatını çap mətbuatında aparanlara da rast gəlinir. Lakin onların sayı o qədər də çox deyil. Əsasən rayonlarda çap mediası ilə işləmək ola bilsin ki, kiminsə marağında olsun. Bir sözlə, bu, hər kəsin öz seçimindən asılıdır. Kiminsə yerinə danışmaq doğru deyil”.

Report.Az saytının baş redaktoru Murad Alıyev də hesab edir ki, istənilən seçkilərdə xüsusi olaraq diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biri KİV-lərin seçkilərdə iştirakıdır: "Seçkidə medianın rolunun vacibliyini bir neçə məqam şərtləndirir - mətbuat sərbəst şəkildə seçkinin aşkarlığını təmin edə, müşahidə missiyasını həyata keçirə, namizədlərarası yarışı təşkil edə və keçirilən seçkilərin imicini formalaşdıra bilər. Məhz buna görə də seçkilərlə bağlı həyata keçirilən bütün tədbirlərdə mətbuatın iştirakı təmin edilir, namizədlərin seçki kampaniyalarında KİV-lərin rolu, onların mətbuatdan istifadə imkanlarına geniş şərait yaradılır. Məhz bu səbəbdəndir ki, seçki kampaniyası və media arasındakı qarşılıqlı əlaqə, yaxud da seçki kampaniyasındakı medianın rolu hər seçki mövsümündə ən çox gündəmə gətirilən mövzulardandır. Seçki kampaniyası aparılarkən namizədlərin mediaya böyük ehtiyacı olur. Son illərdə Azərbaycanda media vasitələrinin çoxalması isə bu sahədə rəqabətin yaranmasına şərait yaradır.

Eyni zamanda qeyd etmək lazımdır ki, KİV cəmiyyətdə seçki mədəniyyətinin yüksəldilməsində də fəal rol oynayır. Seçki Məcəlləsində də bu prosesdə KİV-lərin təmsilçilərinə bir sıra üstünlüklər verilib. Siyasi mədəniyyətin inkişafına mane olan amillərdən biri isə KİV-də "qara piar”dır. Bu, media və jurnalistlərə şərəf gətirməyən haldır və ilk növbədə bundan uzaq olmalıdırlar”.

Qeydə alınmış namizədlərin təbliğat təşviqində medianın rolu nədən ibarətdir” sualına gəlincə, həmsöhbətimiz diqqətə çatdırıb ki, media seçkini işıqlandırmaqda ilk növbədə tarazlılıq və ədalətlilik prinsiplərini, həmçinin seçiciləri məlumatlarla təmin etmək öhdəliyini rəhbər tutmalıdır: "Bütün media vasitələri namizədlərin tənqidi zamanı cavab hüququnu təmin etməlidirlər. Yəni, hər hansı xəbərdə bəhs edilən bütün tərəflərin mövqeyi öyrənilməli və ya cavab vermək üçün bərabər imkan yaratmalıdır. Eyni zamanda, media qərəzsiz seçki proqramları yayımlamalıdır. Elektron KİV-lərin çoxalması və bəzi hallarda mətbuat sahəsində peşəkarlığı olmayan şəxslərin veb-sayt açaraq müxtəlif təbliğat-təşviqat işlərinə qoşulması bu prinsiplərin pozulmasına gətirib çıxarır. Burada təəssüf doğuran bir hal da ondan ibarətdir ki, bir sıra hallarda yuxarıda qeyd etdiyim "qara piar” məqsədli xəbərləri sosial şəbəkələrdə reklam etdirməklə geniş oxucu kütləsinə təqdim edirlər və seçici çaşqınlığına səbəb olurlar. Yəni, nəticə etibarı ilə, bütün bu proseslərdə ən önəmli məsələ seçicilərin mənafeyi və maraqlarına xidmət etməkdən ibarətdir. Vətəndaşların tələbatını nəzərə almaq, məhz onların arzuladığı tərzdə işıqlandırma medianın reytinqinə birbaşa təsir edən amillərdəndir”.

Seçki ərəfəsində xarici basqıların göstərilməsindən söz açan müsahibimiz düşünür ki, belə vəziyyətlərdə media ilk növbədə öz peşəkarlığını qoruyub saxlamalıdır: "Yəni, bütün seçki prosesini ətraflı şəkildə öz səhifələrində yerləşdirməlidir, beynəlxalq mətbuat üçün etibarlı istinad resursu olmalıdır. Belə olan halda, qərəzli şəkildə yayılan məlumatlara tutarlı cavab verilmiş olacaq. Misal üçün, "Report” informasiya agentliyinin rus və ingilis dilində olan versiyasının artıq beynəlxalq mətbuatda da istinad yerinə çevrildiyini nəzərə alsaq, Azərbaycanda qarşıdan gələn parlament seçkilərinin də ətraflı şəkildə beynəlxalq auditoriyaya çatdırılması qarşıya məqsəd kimi qoyulub”.

M.Alıyevin sözlərinə görə, mətbuata yalnız seçki təbliğatını həyata keçirən orqan kimi baxmaq lazım deyil, o həmçinin seçki mühitinin aşkarlığını təmin etməyi üzərinə götürməlidir: "Seçki prosesində şəffaflığın təmin edilməsində, ictimaiyyətin seçki prosesinin gedişi və onun nəticələri barədə məlumatlandırılmasında kütləvi informasiya vasitələrinin rolu əvəzsizdir. Odur ki, jurnalistlərin seçkilərlə bağlı maarifləndirilməsi mühüm məsələdir.

Digər vacib məsələ seçicilərin maariflənməsidir. Həmçinin, onların obyektiv məlumat alması və ədalətli informasiya almaq hüququ da var. Seçki elə bir prosesdir ki, hüququ olan fərdlərin burada iştirakı önəmlidir.

KİV seçki prosesinin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında birbaşa rol oynayan institutdur. Ancaq jurnalistlər bu prosesi işıqlandırarkən öz məsuliyyətlərini, davranışlarını, eyni zamanda hüquqlarını unutmamalıdırlar”.

"Qeydə alınmış namizədlər KİV-lə işləməkdə maraqlıdırlarmı” sualına gəlincə, baş yazar bildirib ki, hər növbəti seçkilərdə yeni təbliğat-təşviqat alətləri işə salınır: "Burada elektron KİV-lər və televiziyalar qəzetlərə nisbətən daha böyük auditoriyaya malik olduqları üçün, geniş təsir imkanları olduğuna görə, görüntülü və səsli mətbuat çap mətbuatını üstələyir. Amma istənilən halda, Azərbaycanda mətbuatın seçki praktikası mövcuddur, namizədlərin təbliğat aparması üçün seçim imkanları genişdir”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun qənaətincə, yaxşı olar ki, bununla bağlı MSK və ya Mətbuat Şurası tövsiyələr paketi hazırlasın, media da ona uyğun davransın: "Media namizədlərlə seçici arasında bağlantıdır, əlaqə vasitəsidir. Təbii ki, hər bir namizəd seçki ərəfəsində seçiciyə ancaq yaxşı tərəfdən görünmək istəyir. Belə olan halda hər bir pozitiv xəbər istər-istəməz reklama, neqativ xəbər isə antireklama çevrilir. Media bu məsələdə ehtiyatlı olmalıdır: xəbərçiliklə təbliğatı biri-birinə qatmamağa çalışmalıdır. Hərçənd, bu, olduqca çətindir”.

Baş yazar hesab edir ki, bütün beynəlxalq çəkişmələrdə media birmənalı şəkildə dövlət maraqlarının yanında olmalıdır. Bu heç müzakirə olunmur.

"Seçkilərin şəffaf keçirilməsində medianın rolu nədən ibarət ola bilər” sualına gəlincə, həmkarımız bəyan edib ki, mətbuat nöqsanları qərəzsiz göstərməlidir: "Əsas odur ki, nöqsanlar qərəzsiz və real faktlara dayanılaraq göstərilsin, niyyət o nöqsanın aradan qaldırılması olsun. Bu halda həmin qüsur gec-tez düzəldiləcək. Amma sistemdənkənar radikal media dövləti qaralamaq üçün nöqsanlar axtarır, olmayanda da özü quraşdırır. Bu, təbii ki, olduqca ziyanlı yanaşmadır”.

V.Məmmədovun fikrincə, qeydə alınmış namizədlər KİV-lə işləməkdə maraqlıdırlar: "Özü də çox. Və üstünlüyü elektron mediaya verirlər. Səbəb sadədir: çap mediasının dalınca sən getməlisən, elektron mediası isə özü sənin - yəni oxucunun dalınca gəlir. Buna görə də, ondan qaçış yoxdur”.

(davamı var...)

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb