Kəbə evi qana boyandı

Tikinti işləri aparan şirkət zəvvarların ölümünə görə məsuliyyət daşıyır




Məkkədə - Məscidi-Həramda baş vermiş qəzada ölənlərin sayı 107-yə çatıb. 100-lərlə zəvvar isə yaralıdır. Hazırda demək olar bütün dünyanın gözü Məkkəyə dikilib. Aldıqları xəsarətlərin ağırlığı səbəbindən ölənlərin sayının artacağı da istisna olunmur.

Doğmalarını, yaxınlarını müqəddəs torpaqlara - Həcc ziyarətinə yola salmış milyonlarla insanın qulağı səsdə, ürəkləri səksəkədədir. Buvaxtadək də Məkkədə Həcc ziyarətləri zamanı qəzalar yaşanırdı. Amma bu qədər ağır itkilər olmurdu. Bəzən zəvvarlardan kimsə səhhəti ilə bağlı vəfat edirdi, bəzən, xüsusilə də şeytan daşlama mərasimində hədsiz sıxlıq, basabas nəticəsində zəvvarlar həyatlarını itirirdilər. Bu dəfə isə qorxunc bir qəza gerçəkləşdi. Məkkədə nadir hallarda görünən leysan yağış və ildırım düşməsi nəticəsində Məscidi-Həram ətrafında aparılan tikintilərdə işlədilmək üçün quraşdırılmış qaldırıcı kranlardan birinin aşması yüzlərlə zəvvarın həyatına son qoydu. Səudiyyə Ərəbistanı hökuməti zəvvarların ölümünə məhz ildırım düşməsi səbəbi ilə qaldırıcı kranın aşmasını göstərir. Və gərəkən tədbirlərin görüləcəyini bildirir. Lakin başqa versiyalar da irəli sürülməkdədir. Bu da əsasən təhlükəsizlik tədbirlərinə lazımi qaydada əməl olunmaması ilə bağlıdır. Bu versiyanı tutarlı edən səbəb də var. Türkiyənin "hürriyet.tr.com” saytının məlumatına görə, həmin məşum gündə iki qaldırıcı kran aşıb. Yüzlərlə insanın tələfatına səbəb olan kranın aşmasından saatlar öncə Məscidi-Həram ətrafında başqa bir qaldırıcı kran da aşıbmış. Xoşbəxtlikdən kranın aşdığı ərazidə zəvvarlar deyil, yalnız avtomobillər varmış. Kranın aşması nəticəsində bir neçə avtomobil yararsız hala düşüb. Bununla fəlakət yaxınlaşdığını "xəbər verirmiş”. Bir neçə saat sonra isə zəvvarları qana bulayan həmin o qaldırıcı kran aşıb. İki qaldırıcı kranın aşması Kəbə evi ətrafında aparılan genişlətmə işlərində çalışanların təhlükəsizlik qaydalarına heç də lazımi şəkildə əməl etmədiklərini göstərir. Zəvvarların ölümündə daha çox təbii fəlakəti - leysan yağışı, tufanı və ildırımı "günahlandırmağa” çalışırlar. Yəni, "yağış yağmasaydı, ildırım düşməsəydi, bu faciə də yaşanmayacaqdı”. Amma bu da bir reallıqdır ki, milyonlarla insanı qarşılamağa hazırlaşan ölkənin rəsmi qurumları Kəbə evini əhatələmiş qaldırıcı kranların daha etibarlı, daha təhlükəsiz vəziyyətdə çalışmasını da təmin etməli, inşaat işlərinin zəvvarlara xətər toxundurmaması üçün gərəkən önləmləri almalıydılar. Hadisə barədə fikirlərini "Şərq”lə bölüşən ilahiyyatçı Elşad Miri qeyd etdi ki, doğrudur, Məkkədə yağış, şimşək, fırtına nadir hallarda rast gəlinən təbiət hadisələridir. Amma bununla heç kim Səudiyyə Ərəbistan hökumətinə haqq qazandırmamalıdır: - Məkkədə ildə bir-iki dəfə yağış yağır. Bu dəfə isə yağış leysana döndü, ildırım, şimşək çaxdı, tufan qalxdı. Hətta Məkkənin bəzi yerlərinə sel gəlib. Deyirlər, qaldırıcı kran şimşək çaxması və güclü tufan səbəbiylə aşıb. Hesab edirəm ki, buna "qədər”, "tale”, "qismət” deyib keçmək olmaz. Tikinti işləri aparan şirkət zəvvarların ölümünə görə məsuliyyət daşıyır. Orada hansı şirkət iş aparırsa, təhlükəsizliyi də təmin etməyə borcludur. Biz görürük ki, hər dəfə Həcc ziyarətləri zamanı hansısa bir xoşagəlməz hadisə baş verirsə, sonradan önləm alınır. Belə olmamalıdır. Əvvəldən qabaqlayıcı tədbirlər görülməlidir. Doğrudur, orada yüzminlərlə insan eyni vaxtda eyni məkanda ibadət edir və ibadətə can atır. Belə ağır şərtlər altında təhlükəsizlik tədbirləri həyata keçirmək çox çətindir, amma nəzərə almalıyıq ki, Səudiyyə Ərəbistanı əzəlindən Həcc ölkəsidir. Onlar hər il getdikcə daha da təkmilləşməli, müasir texniki və inşaat vasitələrindən istifadə etməklə insan selini idarə olunan hala gətirməlidirlər. Buna SƏ-nin hər cür maddi imkanı çatar. Kəbə evinin ətrafının genişlədilməsi də bu məqsədə xidmət edir. Bunsuz mümkün də deyil. Orada genişlətmə işləri aparılmalıdır. Şəxsən mən bu Ramazanda Məkkədə olmuşdum və işlərin necə aparıldığını da görmüşdüm. Sizə deyim ki, Ramazan ayında Məkkədə Həcc ziyarəti vaxtından heç də az adam olmur. Mən müşahidə etdim ki, tikinti şirkətləri necə gəldi, işləmir. Əksinə, diqqətlidirlər, zəvvarların təhlükəsizliyini təmin edirlər. Tikinti aparılan ərazilərə giriş xüsusi lentlərlə kəsilib, ora zəvvarların daxil olmasına icazə verilmir. Amma gördük ki, belə bir faciə baş verdi. Deməli, nələrəsə diqqət edilməyib, nəsə gözdən yayınıb. Ortada bir cinayət var və konkret məsuliyyət daşıyacaq şəxslər də cəza almalıdırlar. Yəqin ki, ölənlərin ailələrinə təzminat ödənəcək. Bildiyim qədər SƏ-də sığorta şirkətləri fəaliyyət göstərir. Beynəlxalq hüququn tələb etdiyi şəkildə həm vəfat etmiş şəxslərin adına, həm də zərərçəkmişlərə təzminat ödəniləcək yəqin. Qeyd edək ki, zəvvarlara təzminat ödənilməsi məsələsi Türkiyədə də gündəmə gəlib. Türkiyə bunun vacib olduğunu bildirib. Məlum qəzada vəfat etmiş Türkiyə zəvvarlarının sayı isə artıq 12-yə çatıb. Xəstəxanada müalicə altında olan zəvvarlar da var. Qəza zamanı tanınmaz hala düşmüş meyitlər də var. SƏ hökuməti 4 nəfərin şəxsiyyətinin hələ dəqiqləşmədiyini bildirib. Bu insanların şəxsiyyəti barmaq izləri və DNT testi vasitəsilə müəyyənləşəcək. Məlum faciə ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi də açıqlama yayıb.

Açıqlamada bildirilir ki, qəza zamanı azərbaycanlı zəvvarlar orada olmayıb. Azərbaycanlı zəvvarlar həmin gün Mədinə şəhərinə çatıb. Ölənlərə Allahdan rəhmət, ziyarətini davam etdirənlərə isə səbr, dözüm, Allahdan ziyarətlərinin qəbul olunmasını diləyirik.

Məlahət Rzayeva