“Buraxılış imtahanlarının bərpasına ehtiyac var”

Əjdər Ağayev: “Ancaq Azərbaycan şəraitini də nəzərə alaraq, müəllimlərin həmin imtahanlardan sui-istifadə etməsinin qarşısını almalıyıq”



Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxış edən təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin müvafiq şöbələrinə sinifdən-sinfə keçid zamanı buraxılış imtahanlarının bərpası ilə bağlı layihə hazırlayıb təqdim etmək barədə göstəriş verib.

Hazırda ölkə şagirdlərinin biliyinin qiymətləndirilməsinin yalnız icbari təhsil müddəti başa çatdıqdan sonra həyata keçirildiyini vurğulayan nazir deyib ki, IX sinif məzunları buraxılış imtahanı verirlər. Lakin təhsil işçiləri razılaşa bilərlər ki, eyni bilgi 6-cı sinfi, yaxud ibtidai sinfi bitirən şagirdlər üçün olsaydı, bu, bizə təhsil prosesində, metodikasında müşahidə etdiyimiz boşluqları özümüz üçün daha tez müəyyənləşdirməyə və çatışmazlıqları vaxtında aradan qaldırmağa daha çox imkan verərdi. Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də hesab edir ki, aşağı siniflərdən başlayaraq hər il qiymətləndirmə aparmağa ehtiyac var: "Hər il imtahan verən zaman şagirdlərin il ərzində öyrəndiyi biliklər möhkəmlənir, boşluqlar aradan qaldırılır. Bu imtahanlar şagirdlərin öz üzərində işləməsini, bildiklərinin daha da dərinləşdirilməsini, bilmədiklərini isə öyrənməsini təmin edir. Əvvəllər orta məktəblərdə imtahan sistemi belə idi. Hər il məktəbi bitirən zaman şagirdlər sinifdən-sinfə keçmək üçün bilikləri qiymətləndirilirdi. Hesab edirəm ki, həmin sistemi yenidən tətbit etsək, daha yüksək nəticələr almaq olar. İndi daha müasir texnologiyalar var.

Vaxtı ilə sinifdən-sinfə keçmək üçün keçirilən buraxılış imtahanlarının ləğv edilməsinin əleyhinə olduğunu vurğulayan ekspert deyib ki, o vaxtları bu imtahanların ləğv olunması ilə bağlı xeyli müzakirələr aparıldı: "O zaman orta məktəbdə müəllim işləyirdim və həmin müzakirələrdə iştirak edərək imtahanların siniflərdən götürülməsinin əleyhinə çıxış eləmişəm. Çünki hər zaman bu imtahanların şagirdlərin biliklərinin möhkəmlənməsinə kömək etdiyi qənaətində olmuşam.

Ancaq sonradan təkliflər oldu ki, uşaqları imtahanlarla yormayaq. Sadəcə, 9-cu və 11-ci sinif məzunları arasında buraxılış imtahanı keçirilsin. Doğrudur, burada da yekun məntiq var. Amma imtahan tədris prosesinin tərkib hissəsinə daxil olduğu üçün təlimin sonunda meydana çıxmalıdır. Müzakirələr zamanı xeyli sayda müəllim həmin təklifin əleyhinə olsa da, məmurların sözü keçdi və imtahanlar ləğv olundu. İndi isə görürlər ki, 10 və 11-ci sinif şagirdlərinin əksəriyyəti aşağı siniflərdə öyrəndiklərini bilmir, çox zəif yaddaşları var. Qəbul imtahanlarında çox aşağı səviyyə göstərirlər. Bunun da bir səbəbi həmin uşaqların aşağı siniflərdə imtahan verərək öz biliklərini möhkəmləndirməməsidir. Ancaq Azərbaycan şəraitini də nəzərə alaraq, müəllimlərin həmin imtahanlardan şou yaratmasının, sui-istifadə etməsinin qarşısını almalıyıq. İmtahan prosesində müəllimlər ciddi nəzarətə alınmalıdır ki, əlavə qazanc əldə etmək üçün imtahandan sui-istifadə etməsinlər, rüşvət almasınlar. İmtahanları geri qaytarmazdan əvvəl onun şəffaflığına zəmanət vermək lazımdır. Əgər həmin şəffaflıq təmin olunacaqsa, mən sinifdən-sinfə keçərkən şagirdlərin biliklərinin qiymətləndirilməsinin tərəfdarıyam. Əks halda, heç bir effekti olmayacaq”.

Şəymən