“Niyə vəziyyətə nəzarət etmirlər”

“Necə olur ki, məhbus üstündə bıçaq gəzdirir, bundan heç kimin xəbəri yoxdur”




Bakıda 2 saylı cəzaçəkmə müəssisəsində baş vermiş qətl hadisəsinin televizor üstündə baş verdiyi bildirilir. "Vesti.az” saytının xəbərinə görə, hadisə məhkumlar televizora baxarkən baş verib. Məhkumlar Famil Hüseynovla Həsən Əliyev arasında hansı televiziya proqramını izləmək üstündə mübahisə düşüb.

Famil Hüseynov üzərində qanunsuz gəzdirdiyi bıçaqla H.Əliyevə zərbə endirib. Bıçaq zərbəsi H.Əliyevin qara ciyərinə dəyib və 5 dəqiqə sonra məhkum vəfat edib.

Xatırladaq ki, Penitensiar Xidmətin məlum hadisə ilə bağlı açıqlamasında məhkumlar arasında mübahisə baş verdiyi və Famil Hüseynovun yeməkxanadan götürdüyü bıçaqla digər məhkuma xəsarət yetirdiyi bildirilirdi.

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov isə "Şərq”ə açıqlamasında hər iki halda əsas günahkarın nəzarətçilər olduğunu dedi:

- Nə fərqi var, məhkum bıçağı yeməkxanadan götürüb, ya da üstündə gəzdirdiyi bıçaqla məhbus yoldaşını qətlə yetirib. Hər iki halda günah məsuliyyətsiz davranan nəzarətçilərdədir. Mən başa düşmürəm, məhkum necə yeməkxanaya gedir, oradan bıçaq götürür, məhbus yoldaşının üstünə
cumur, yaxud da məhkum üzərində qanunsuz bıçaq gəzdirir, mübahisə yaranan kimi də vurub kimisə öldürür?! Bu gedişlə, deməli, istənilən məhkum kolon rəisini də bıçaqlaya bilər. Bəs nəzarətçilər hardadır? Niyə vəziyyətə nəzarət etmirlər? Mən bir vaxtlar kolonlarda monitorinq aparırdım, məhbuslarla söhbət edirdim. Bu sahəyə az-çox bələd adam olaraq bilirəm ki, cəzaçəkmə müəssisələrində vaxtaşırı yoxlamalar olur, məhbusların bütün əşyaları yoxlanılır, kameralar didik-didik aranır. "Şmon” olunur. Necə olur ki, məhbusun gizlətdiyi bıçaq tapılmır? Məhbus üstündə bıçaq gəzdirir, bundan heç kimin xəbəri yoxdur. Burada nəzarətçilər və müəssisə rəhbərliyi birbaşa məsuliyyət daşıyır və qanun qarşısında da cavab verməlidirlər. Deməli, bu kolonda işlər düzgün qurulmayıb. Bilirik ki, cəzaçəkmə müəssisələrində gizli "agentura” işləyir və ya işləməlidir. Hansı məhbusun nə işlə məşğul olduğunu rəhbərliyə çatdıran konkret şəxslər olur. Deməli, həmin müəssisədə rəisə dolğun məlumatlar çatdırılmayıb, məhbusun özündə bıçaq saxlaması faktı aşkarlanmayıb. O da ilk fürsətdə, məhbus yoldaşını bıçaqlayıb. Ola bilər bu bıçaq müəssisəyə kənardan gətirilib. Ancaq yenə də nəzarətçilər, məhbuslara bağlama qəbul edənlər cavabdehlik daşıyır. Bəs deyirlər, filan qədər mobil telefon, filan qədər narkotik maddə aşkar etmişik. Nə oldu, bir bıçağı aşkarlaya bilmədilər?!

Məlahət Rzayeva