Ən başlıca faktor testin məzmunudur

Ali məktəblərə nə qədər məzunun qəbul olunması nisbi anlayışdır





"Qəbul imtahanlarının nəticələrinin yaxşılaşması təhsilin ümumi keyfiyyətinin yaxşılaşmasıdır”. Bu barədə təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin konfransında deyib. O qeyd edib ki, bu il uzun illərdən sonra elan olunan keçid balları aşağı salınmayıb:

"Bilik səviyyəsi danışıqlar mövzusu ola bilməz. Əgər bilik səviyyəsi yoxdursa, təhsilin səviyyəsinin bir pilləsindən digərinə keçiddən danışıla bilməz. Bu il TQDK tərəfinin müəyyən etdiyi qəbul planı 85 faizdən çox yerinə yetirilib. Keçən illə müqayisədə 700 nəfər daha az tələbə universitetlərə qəbul olub. Bu, ali təhsil müəssisələrinin maliyyə dayanıqlığına, yüzlərlə müəllimin işdən azad olunmasına səbəb olmayıb. Bu da ali təhsil sisteminə daha keyfiyyətli tələbənin qəbul olmasına gətirib çıxarır”.

Nazirin fikirləri ilə razılaşmadığını deyən təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə söyləyib ki, ali məktəblərə nə qədər məzunun qəbul olunması nisbi anlayışdır: Ən başlıca faktor isə testin məzmunu ilə əlaqədardır. Bu il testin məzmununda əvvəlki illərlə müqayisədə bir az dəyişiklik var idi. Məncə, azalma bununla bağlıdır. Digər yandan, lap tutalım, müsabiqədə iştirak balını qaldırıblar. Lakin bununla biliyin keyfiyyətini artırmaq mümkün olmayacaq. Biliyin keyfiyyətini yüksəltməyin yeganə yolu rəqabətdir. Rəqabət mühiti yaratmaq lazımdır. Təəssüf ki, Azərbaycan təhsilində rəqabət mühiti yoxdur”. Eyni zamanda, ekspert diqqətə çatdırıb ki, nazir və komandası bir sıra ciddi-cəhdlər göstərirlər: "Amma qurumun tez-tələsik "nəticələr əldə etmişik” deməsi ilə razılaşmıram”.

Ayyət Əhməd