“Açıqlasınlar 1000 manat maaş alan müəllimlər kimlərdir”

“Mənim üçün şok xəbərdir”




Dünən Bakı şəhəri təhsil işçilərinin ənənəvi "Sentyabr konfransı” baş tutub. Tədbirdə nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramovun hesabat məruzəsi dinlənilib. O, hesabatda bildirib ki, bu il müəllimlərin əməkhaqqı orta hesabla 35 faiz artıb:

"7760 müəllimin əməkhaqqısı 500-1000 manat, 466 müəllimin isə 1000 manatdan yuxarıdır. Keçirilən təlimlərdə iştirak edən 2200 təhsil işçisindən 853 nəfər ibtidai sinif müəllimi "Promethean” lövhəsi, 1546 nəfər isə kompüterlə mükafatlandırılıb. Qarşıdan gələn təhsil ilində bu rəqəmlərin daha da artacağına ümid edirəm”.

Təhsil eksperti Məhərrəm Zülfüqarlı isə "Şərq”ə açıqlamasında söyləyib ki, əslində hesabatda neçə müəllimdən neçəsinin bu qədər maaş aldığı da göstərilməlidir: "Yəni C.Bayramov açıqlamalıdır ki, Azərbaycanda neçə min orta məktəb müəllimi var. Onların neçə faizinin maaşı nə qədərdir. Bunun statistikasını verməli idilər. Açıqlasınlar ki, o min manat alan müəllimlər kimlərdir. Şəxsən mən 1977-ci ildən ildən dərs deyirəm. Min manat əməkhaqqı alan orta məktəb müəllimi görməmişəm. Universitetin dosenti, elmi dərəcə ilə 7 yüz manat pul alır. Ona görə də orta məktəb müəlliminin min manat və yaxud min manatdan yuxarı əməkhaqqı alması mənim üçün şok xəbərdir”.

Bununla yanaşı, ekspert vurğulayıb ki, region məktəblərində çalışan müəllimlərin maaşı çox cüzidir: "Bu yaxınlarda Şirvan şəhərində oldum. Hətta 60 manat əməkhaqqı alan müəllim vardı. Ona görə də rəqəm deyəndə elə göstərməsinlər ki, vəziyyət yaxşıdır. Əslində durum çox ağırdır. Orta məktəb müəllimlərinin min manat maaş almasına çox sevinərəm. Amma sevinmək olmur. Çünki reallıqda tamam başqa mənzərəyə şahidlik edirik”.

Ayyət Əhməd