Samir Bağırov jurnalistin evində yaşayıb?

“Rəqsanə gərək onu bu qədər alçaltmayaydı”



Müğənni Rəqsanə İsmayılova uzun müddətdir sənətdən uzaqlaşan həmkarı Samir Bağırovla bir araya gəlib. Sənətçi bu barədə açıqlamasında S.Bağırovun onun dəstəyi ilə yenidən sənətə qayıdacağını bildirib: "Mənə zəng etdi ki, səninlə görüşmək istəyirəm. Restoranda oturduq, söhbət etdik. Çox pis oldum. Samirin gözəl sənəti var. Uşaq-muşaq bu aləmdə at oynadır, o batıb.

Ona nə etdiyimi, nə istədiyini deməyəcəm. Mən imkansız olanda, ağır gün keçirəndə heç kim yığılıb halımı soruşmadı. Dəniz Seki həbsxanadadır, bütün türkiyəli ifaçılar ona dəstək olur. Bizdəkilər isə biri yıxılan kimi başından vurmağa çalışır. Samir çox inciyib. Deyir, "Neçə müğənniyə dəstək olmuşam. Heç biri məni yada salmadı”. Samir yaşlanıb. Qara gün adamı pis hala qoyur. Onu bu halda görmək istəməzdim. Ürəyim ağrıdı. Samir Bağırov bir jurnalistin evində qalır. O xanım Samirə təmənnasız kömək edir. Biz sənətçilər şan-şöhrətə öyrəşmişik. Pul azalanda depressiyaya düşürük, yaşamaq istəmirik. Sabah maşınım olmasa, taksiyə minmək məcburiyyətində qalacam. Onda mən nə hala düşərəm? Demək yoxam da həyatda. Taksiyə minməkdənsə, ölsəm yaxşıdır. Taksidə getmək ayıb deyil, sadəcə, bu dəbdəbəli həyata öyrəşmişik”.

R.İsmayılova S.Bağırova mahnı hədiyyə etdiyini bildirib: "Samirə iki mahnı hazırlayıram, aranjiman da etdirmişəm. Bir mahnını da duet kimi səsləndirəcəyik. Bundan sonra Samir gündəmdə olacaq”.

Rəqsanənin bu açıqlamasından sonra Samirin hansı jurnalistin evində qaldığı məlumatı maraq doğurdu. Biz də maraqlandıq. Məlum oldu ki, Samir Bağırovun dostluq edib evində yaşadığı iddia edilən jurnalist Aynur Babasoydur. Aynur bir müddət şou yazarı kimi də fəaliyyət göstərib. Aynurla əlaqə yaratmağa çalışdıq. Öyrəndik ki, xanım jurnalist 3 gün əvvəl ailə həyatı qurub, gəlin köçüb.

Samir barədə daha ətraflı məlumat öyrənmək üçün onun yaxın dostlarından sayılan tanınmış stilist Samiraldo ilə həmsöhbət olduq. Samiraldo illərdi Samirin yanında olan sədaqətli insanlardan biridir.

"Şərq”ə açıqlamasında Samiraldo Rəqsanənin son açıqlamasından narahatlığını dilə gətirdi: "Kaş Rəqsanə bu şəkildə açıqlama verib, Samir Bağırovu alçaltmayaydı. Hər insanın həyatında çətin anlar olur. Samir də çətin dönəmini yaşayır. Amma Samirin vəziyyəti o qədər acınacaqlı da deyil. Əgər Rəqsanə ona maddi dəstək olaraq nə isə etmişdisə, heç gərək bunu dilə gətirməyəydi. Rəqsanənin açıqlamasını oxuyandan sonra Samir özü də yenidən depressiyaya düşüb. Sənət dostu kimi Rəqsanə onunla görüşmüşdüsə, bunu bu şəkildə mətbuata açıqlayıb Samiri yazıq kimi təqdim etməyə də ehtiyac yoxdu. Şükür Allaha ki, Samirin atası da, anası da sağdı və ona maddi dəstəklərini göstərirlər. Qaldı, Samirin jurnalistin evində qalması məlumatına, bu da həqiqət deyil. Aynur Samirlə yaxın dost olub. Amma Samir onların evində yaşamayıb. Samir kirayə qalırdı. Mən də yanına tez-tez gedirdim. Sadəcə Aynurun evində bir-iki dəfə dost kimi olub. Bu o demək deyil ki, o, jurnalistin evində yaşayıb.

Samir sadəcə sənət aləmindən bir az uzaqlaşıb. Bizim onunla söhbətlərimiz də olub. Samir sənəti tamamilə atmayıb ki?! İndi yenidən efirlərə qayıtması üçün yeni mahnılar lazımdı, bu da bir az zaman və maddi vəsait tələb edir. Azərbaycana şou-biznesi gətirən iki insandan biridir Samir Bağırov. O yenə ulduzdu. Bilirsiz, Samir qürurlu insandı. Heç vaxt çətinliyini dilə gətirən biri deyil. Onun bir çox həmkarları Samirə maddi dəstək olmağa çalışsalar da, o bunu istəməyib. Şəxsən mənə dəfələrlə Zülfiyyə Xanbabayeva, Firuzə İbadova, Nazənin müraciət ediblər ki, biz ona kömək edək. Ancaq o qəbul etməyib. Mən özüm heç vaxt onu dost olaraq tək qoymamışam ki, onun kiminsə maddi köməyinə ehtiyacı olsun. Rəqsanə də onunla görüşüb, ona mahnı verəcəyini söyləyib. Amma kaş mətbuata elə bir açıqlama verməyəydi. Bu, Samir Bağırovu mənən yenidən depressiyaya salıb. İki gündü zəng vururam, mənə də cavab vermir”.

Tahirə