Təhsil müəssisələri ətrafında sıxlıq yaradan sürücülər məsuliyyətə cəlb olunacaq

Vaqif Əsədov: "Bütün hərəkətlər patrul avtomobilində quraşdırılan kameralarla qeydə alınır"







Bakı şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, polis Bakı şəhərində yerləşən bütün təhsil müəssisələri və onların yerləşdiyi əraziləri nəzarətə götürüb, həmin ərazilərdə polisin bütün qüvvələri xidmət aparır.

O, valideynlərə xəbərdarlıq edib: "Valideynlər təhsil müəssisələri istiqamətində hərəkət edərkən avtomobillərini yolların hərəkət hissəsində, yolların ikinci cərgəsində saxlasalar, məsuliyyətə cəlb ediləcəklər”.

"Eyni zamanda, 1-ci sinfə gedən uşaqları məktəbə apararkən baba, nənə, dayı, bibi, xala, ata, ana, bir sözlə hər kəsin bir maşınla gedib məktəb ətrafında saxlaması onsuzda yaranmış sıxlığı daha da gərginləşdirir. Yol polisi belə faktları aşkar edərsə, qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək”, - deyə polis polkovniki əlavə edib.


Məktəb ətrafında saxlayan avtomobillərin yaratdığı sıxlıq


O həmçinin qeyd edib ki, yolların kəsişməsinə yaxın hissədə, yolların hərəkət hissəsində, piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə düzgün park etməyən sürücülər barəsində xüsusi tədbirlər görüləcək.

"Həmin avtomobillər evakuasiya vasitəsi ilə müvəqqəti dayanacağa aparılacaq, patrul maşınında olan kompüterlər vasitəsi ilə qaydaları pozan avtomobillərin videomaterialları hazırlanacaq”, - deyən Vaqif Əsədov bildirib ki, bütün hərəkətlər patrul avtomobilində quraşdırılan kameralarla qeydə alınır.

Onun sözlərinə görə, qaydaları pozan sürücülər barəsində dərhal elektron protokol hazırlanır.