“Nazirlərin görüşü heç nəyi dəyişməyəcək”

“Sadəcə, ortaya qoyulmuş məsələlər ətrafında ümumi danışıqlar aparmaq və Prezidentlərin görüşü ilə bağlı son razılıq əldə etməyə çalışırlar”



Yaxın günlərdə Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu barədə Ermənistan XİN rəsmisi Tiqran Balayan deyib. O, həmçinin, bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşmək niyyətindədirlər. Siyasi ekspertlərə görə, Ermənistanın nazirləri görüşdürməklə bağlı canfəşanlığı son günlər cəbhə xəttində yaşanan gərginliklərlə bağlıdır. Politoloqların fikrincə, Azərbaycanın hərbi gücünə tab gətirməyən və müharibə ehtimalından narahat olan erməni tərəfi hər vasitə ilə indiki status-kvonu qoruyub saxlamağa çalışır. Elə bir müddət əvvəl Serj Sarkisyanın Moskvaya gedərək Azərbaycandan Putinə şikayət etməsi də rəsmi İrəvanın narahatlığı kimi dəyərləndirilir.

Məsələyə münasibət bildirən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev "Şərq”ə açıqlamasında deyib ki, Ermənistan cəbhə xəttində sakitliyə nail olmağa və cəzasız olaraq işğal etdiyi əraziləri uzun müddət nəzarətdə saxlamağa çalışır: "Ermənistan ordusunun hər gün itkilərlə üzləşməsi ölkə rəhbərliyini bərk narahat edir. Qorxuya düşən erməni hökuməti torpaqlarını azad etməyə çalışan və bunun üçün müharibə etməyə belə hazır olan Azərbaycan tərəfini müəyyən qədər neytrallaşdırmağa səy göstərir. Sarkisyan Putinlə görüşdə də yaranmış fürsətdən istifadə edərək atəşkəsin pozulmasında günahkar kimi Azərbaycanı göstərir. Əlbəttə, bu, ermənilər üçün çox yaxşı təbliğat vasitəsidir. Çünki erməni tərəfinin ümumi yanaşması indiki vəziyyəti olduğu kimi saxlamaq və danışıqları yalandan imitasiya etməkdir”.

Siyasi ekspertin sözlərinə görə, XİN rəhbərlərinin görüşü heç nəyi dəyişməyəcək. Çünki nazirlər nəyisə həll etmək iqtidarında deyillər: "Nazirlər sadəcə, ortaya qoyulmuş məsələlər ətrafında ümumi danışıqlar aparmaq və Prezidentlərin görüşü ilə bağlı son razılıq əldə etməyə çalışırlar. Ancaq 23 ilin danışıqları görüşlərin əhəmiyyətsiz olduğunu göstərməklə yanaşı, həm də erməni tərəfinin məqsədini ortaya qoyur. Ermənistan çalışır ki, üzv olduğu KTMT-dən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etsin”.

İsmayıl