Artıq situasiya dəyişib

Xaricdə Müdafiə Nazirliyində kiber ordu yaradılır



Müasir dünyada kiberhücumlar dövlətlər üçün ciddi problemə çevrilib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu hücumların qarşısını almaq üçün dayanıqlı sistemlər qurmaq üzərində düşünürlər. Bəzi dövlətlər isə artıq bu istiqamətdə əsl kibersilahlı qüvvələr yaratmaqla real addımlar atıblar. İndi kiberqüvvələr bir növ hərbi müdafiə sisteminin tərkib hissəsinə çevrilib.

Artıq Almaniya Müdafiə Nazirliyində də kiber ordu yaradılır. "Süddeutsche Zeitung” qəzetinə istinadən aldığımız xəbərə görə, "Bundeswehr” kibermüharibə və hücumlara qarşı yeni struktur yaratmağı planlaşdırır. Məlumata görə, Almaniya müdafiə naziri Ursula von der Leyen kiber bacarığa malik bölmələri bir hədəfdə birləşdirməyi qərara alıb. Yeni təşkilatın səlahiyyəti struktur baxımından "Bundeswehr”də mövcud olan ordu, aviasiya, donanma, sanitar xidmət və hərbi hissələrdən fərqlənməyəcək. U.Leyenin qənaətincə, yeni plan müasir dövrdə artan kiberhücum və təhlükənin qarşısını almaq üçün son dərəcədə əhəmiyyət daşıyır. Güc nazirliyindən o da bildirilib ki, yaxın günlərdə müdafiə naziri tərəfindən təqdim ediləcək yeni islahat paketi "Bundeswehr”də əsaslı struktur dəyişikliyi yaratmayacaq. Son zamanlar Azərbaycana qarşı da kiberhücumlar artmaqdadır. Maraqlıdır, uzun müddətdən bəri müharibə şəraitində olan və tez-tez kiberhücumlara məruz qalan Azərbaycan üçün yeni formada kiber təhlükəsizlik sistemin yaradılması perspektivi nə dərəcədə realdır? Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də deyib ki, həqiqətən də son dövrlərdə bir sıra inkişaf etmiş ölkələrdə yeni silahlı qüvvələr, ordunun yeni bir növü- kibersilahlı qüvvələr adlandırılan qurumların yaradılması müşahidə olunur: "Dövlətlər artıq kiber təhlükələri ciddi olaraq dəyərləndirirlər. Odur ki, həm bundan müdafiə olunmaq üçün, həm də özlərinin milli maraqlarını həyata keçirmək üçün yeni texnoloji qurumlar, sistemlər - əgər belə demək mümkünsə, kibersilahlı qüvvələr yaradırlar. Beynəlxalq aləmdə baş verən müxtəlif hadisələr zamanı, Rusiya-Ukrayna müharibəsində, Rusiya-Gürcüstan məsələlərində kiberhücum və kibermüdafiə məsələlərinin nə qədər önəm kəsb etdiyini müşahidə edirik.

Əvvəllər bu tip hücumlar adətən bir neçə şəxs və xaker adlandırdığımız qruplar tərəfindən edilirdisə, artıq situasiya dəyişib. Dövlətlər daha peşəkar, daha sistemli və dayanıqlı formada strukturlar yaradırlar. Onların tərkibi o qədər genişlənib ki, artıq əsl kiber ordu olaraq fəaliyyət göstərirlər. Yəni ki, bu gün kiber ordu adlandırılan komandalar dünənə qədər İT şöbəsi olaraq adlandırılırdı. Bəzi ölkələrin buna ordu adı verməsi bu mütəxəssis sayının çox olmasının göstəricisidir”.

Şəymən