AKP təkbaşına hakimiyyət davasına çıxıb

Böyük Türkiyə isə terrordan xilas ola bilmir



Türkiyənin Mardin və Hakkari vilayətlərində PKK terrorçuları polisə yenidən hücum ediblər. PKK-lılar polis maşınları yolu keçərkən əvvəlcədən yolda quraşdırdıqları partlayıcı qurğuları işə salıblar. Nəticədə 5 polis şəhid olub, ikisi isə yaralanıb. Terrorçuların saxlanılması üçün bölgədə əməliyyat başladılıb. Ölkədə terror hadisələrinin artması ilə bərabər total həbslər də başlayıb. Həbs edilən onlarla adam arasında nüfuzlu iş adamları da var.

Polis öncədən müəyyən etdiyi PKK ilə təmasda olan "paralel yapı” üzvlərinin iş yerlərində və mənzillərində axtarış aparıb. Saxlanılanlardan biri 14 min işçisi olan "Boydak Holdinq”in rəhbəri, eyni zamanda TÜSİAD İdarə Heyətinin üzvü Memduh Boydakdır. Haqqında həbs tədbiri seçilməsi ilə bağlı hüquq-mühafizə orqanlarındakı mənbələrdən xəbər alan 2 iş adamı isə əməliyyatdan bir neçə saat öncə Türkiyədən qaçıblar. Əsas diqqət çəkən məqam odur ki, Memduh Boydakın həbs xəbəri yayılandan az sonra Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu "Boydak Holdinq”in sədr müavini Mustafa Boydaka "keçmiş olsun” zəngi edib. CHP sədrinin təsəlli zəngi ictimaiyyətdə birmənalı qarşılanmayıb.

"Millət canının dərdinə düşüb, bunlar 400 millət vəkili axtarır”

Milliyətçi Hərəkat Partiyası Türkiyədəki gərgin proseslərə və terror hadisələrinin artmasına görə AKP-ni ittiham edib. MHP-nin sədr müavini Celal Adan deyib ki, 7 iyun seçkilərindən sonra çoxalan terror olayları və şəhidlərə görə hakim partiya və Ərdoğan məsuliyyət daşıyır: "Çözüm sürəci” adı altında terrorçuları təntənəli şəkildə ölkəmizə soxanlar, hərbiçiləri, polisləri həbsxanalara atanlar bir gün mütləq xalq qarşısında hesab verəcəklər. Acınacaqlı hal odur ki, dövlətin və xalqın bu çıxılmaz vəziyyətində AKP yenə də təkbaşına hakimiyyət davası çəkir. 400 millət vəkili tapmaq dərdinə düşən AKP-lilər hər vasitə ilə iqtidarlarını davam etdirməyə çalışırlar. Məmləkət yanır, ölkənin hər yerində terrorçular at oynadır, türk lirəsi tarixin gördüyü ən aşağı dəyərə düşüb, millət borc batağındadır. Ancaq AKP öz havasındadır”.

"AKP siyasi partiya yox, şirkətdir”

MHP rəsmisi deyib ki, "biz "AKP-nin partiya deyil, özəl şirkət” adlandıranda, hamı bizi tənqid edirdi. Amma bu gün haqlı olduğumuzu görürlər: "Türk milləti vicdansızca, insafsızca aldatıldı. AKP fitnə əkib, şiddət biçməkdədir. Prezident Sarayından tutmuş nazirlərə qədər hər kəs terrorçularla əl-ələ, qol-qola gəzirdi, onlara tərif deyirdilər. Ona görə bugünkü vəhşətin, qanın və etnik bölünmənin bütün günahı AKP siyasətinin boynunadır. Artıq AKP hökumətinin gücü, nüfuzu və təsiri tükənib. 1 noyabrda millət sonuncu dəfə öz sözünü deyəcək”.

Sorğular MHP-nin səs faizinin artdığını göstərir

Qarşıdan gələn parlament seçkisi ilə bağlı sorğu keçirən "ANDY-AR” şirkəti öz nəticələrini açıqlayıb. Şirkətin seçki nəticələri ictimaiyyətdə ciddi ajiotaja səbəb olub. "ANDY-AR”-nin rəhbəri Faruk Acar digər anketlərin əksinə olaraq, MHP-nin səs faizində ciddi yüksəlmə olduğunu iddia edib. Onun sözlərinə görə, son zamanlar MHP sədri Dövlət Baxçalının mövqeyi seçicilərin millətçiləri dəstəkləməsinə səbəb olub. HDP-nin səs faizində isə 3 faizlik bir azalma var. Sorğuda iştirak edən yüzdə 18 faiz insan isə heç bir partiyaya səs verməyəcəklərini deyiblər.

Ərdoğan Almaniyanı tənqid edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə daxil olan qaçqınlara "xristian olma” şərti qoyan Almaniyanı sərt şəkildə tənqid edib. Ərdoğan suriyalı qaçqınlara ölkələrində sığınacaq vermələri müqabilində xristian olma tələbini irəli sürən Almaniya haqqında sensasion ifadələr işlədib. Prezident Türkiyənin inanc fərqi qoymadan köçkünləri qəbul etməsini vurğulayaraq, Almaniyanın qeyri-rəsmi belə bir qərar çıxarmasından narahatlığını ifadə edib: "Qərbdə bir qism "siyasətçilər” qaçqınların gəlişinə icazə verməyin. Qaçqınları xristian edin, sonra buraxın” qərarı veriblər. Bu qəbuledilməzdir. Biz insana insan kimi baxırıq, inancına görə fərq qoymuruq”. Xatırladaq ki, qaçqın böhranı ilə üz-üzə qalan Almaniyada, Baş nazir Merkel qaçqınların keçidinə icazə verib. Ancaq daha sonra Merkelin gizli əmri ilə miqrantlara, "xristianlığa keçəcəyiniz halda giriş icazəsi alacaqsınız” deyildiyi üzə çıxıb.

İsmayıl